.jpg)
Qlobal maliyyə böhranının Azərbaycanda sarsıtdığı sahələr sırasında yer alan maşın bazarında vəziyyət hələ də normal hala gəlməyib. Bunun nəticəsidir ki, ölkənin maşın bazarlarında, avtosalonlarda tələb və təklif arasında indi olduqca böyük fərq nisbəti formalaşıb.
Kredit vasitəsilə alınan maşınların bir çoxunun kreditlərinin ödənilməsində problemlərin yaşanması da bankların müştərilərin əlindən daha çox sayda avtomobili alması və ucuz qiymətə satışa çıxarması hallarını çoxaldıb. Lakin indi müşahidə olunan problemlərdən biri odur ki, banklar özləri belə maşınların satışını həyata keçirməkdə çətinlik çəkir və bəzən onların əlində olduqca çox sayda maşın cəmləşir. Hətta bəzi bankların qarşısı az qala maşın dayanacağını xatırladır. Bu arada isə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi ("ƏBİ" İB) monitorinq qrupunun iyun ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələri bazarda mövsüm üçün xarakterik olan passivliyin davam etdiyini ortaya qoyub. Yəni iyun ayında mayla müqayisədə təklifin azalması müşahidə olunub. Amma buna baxmayaraq, təklifin tələbi üstələmə tendensiyası iyun ayında da davam edib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına təsir göstərib. İyunda bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalıb - 15380 dollar. Bazarda müşahidə olunan passivlik iyun ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artması, eyni zamanda, əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına təsir edib, bu isə əmlakın bu növü üzrə risq dərəcəsini artırıb.
Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 6600-dən artıq avtomobilin 39,4%-i bazara məhz iyun ayı ərzində təklif olunub. Qalan 60,6%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki üç ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası iyun ayında bir qədər stabilləşib.
Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payı əvvəlki ayla müqayisədə azalıb. Lakin araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi, "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ekspertlər hesab edir ki, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Xatırladaq ki, iyulun 1-dən etibarən tətbiqinə start verilmiş "Avro-2" standartları ilə əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hazırladığı siyahıya əsasən, MDB ölkələrindən və digər xarici dövlətlərdən ölkəmizə gətiriləcək avtomobillər, onların mühərrikləri yalnız son illərə aid olmalıdır. İqtisadçı Əli Əlirzayev deyir ki, belə qərarın verilməsi nəticəsində ilk növbədə ölkəmizə avtomobil gətirilməsi prosesi xeyli ləngiyəcək. Gətiriləcək maşınların sayı əvvəlki illərlə müqayisədə kifayət qədər azalacaq. Bazarlarda təzə maşınların sayında artım müşahidə olunacaq. Satıcılar, eləcə də maşın alverilə məşğul olanlar son illərin istehsalı olan avtomobilləri baha qiymətə satmaq məcburiyyətində qalacaq. Bir sözlə, daxili bazarda qiymətlər dəyişəcək:
"Yəni avtomobil bazarlarında köhnə maşınlara tələbat çoxalacaq və onların da qiyməti artacaq. Bu da köhnə avtomobillərdən istifadəni daha da sürətləndirəcək. Ona görə də ölkə ərazisində köhnə, istismar müddətini başa vurmaq üzrə olan avtomobillərdən istifadə halları artacaq". Yeri gəlmişkən, bir sıra ölkələrə, məsələn, qonşu İrana xarici istehsala məxsus avtomobillər, demək olar, gətirilmir. Bu ölkədə daha çox yerli istehsala məxsus nəqliyyat vasitələrinə üstünlük verilir və onlara daha çox ehtiyac duyulur. Azərbaycanda da belə bir sistemi tətbiq etmək, avtomobil və maşınqayırma sənayesini inkişaf etdirmək mümkündür. İqtisadçı mətbuata açıqlamasında bu fikirlə razılaşır: "Başqa dövlətlərdə olduğu halda, Azərbaycanda nəyə görə avtomobil və maşınqayırma sənayesi inkişaf etdirilməməlidir? Mən bu qənaətdəyəm ki, ölkəmizdə avtomobil istehsal edən zavodlar tikilməlidir. Çünki ölkəmizdə bunun üçün potensial imkan, normal şərait və işçi qüvvəsi var. Digər tərəfdən, sözügedən sənaye sahəsinin inkişafında Azərbaycanın neft ölkəsi olması amili də nəzərə alınmalıdır".