Masallıda Rəcəbov Müşfiqin otla dolu yük maşını yanıb
Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın iyulun 26-da saat 10.00 radələrində rayonun dağlıq Xanaliyon kəndində qeydə alınıb.
Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1969-cu il təvəllüdlü Müşfiq Qədiməli oğlu Rəcəbovun idarə etdiyi "KamAZ" markalı, 47 AC 196 dövlət nömrə nişanlı yük maşınının qoşqusundakı ot presləri alışaraq güclü yanğın törədib. Sürücü maşını yaşayış məntəqəsindəki yaxın tikililərdən 200 metr aralıyadək çəkə bilib. Maşının qoşqusunun içindəki ot presləri isə yanaraq külə dönüb. İlkin versiya kimi yanğına ot preslərinin kənddəki elektrik hava naqillərinə toxunması nəticəsində qısaqapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.