Cəlilabadda Səma Alış qızı ilə Akif Əliş oğlu maşınları dəhşətli şəkildə toqquşdurdu
Xeyli sayda yaralı var
Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq-təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə iyulun 25-də saat 20.00 radələrində Ələt-Astara magistralının 148-ci kilometrliyində, Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Neftçala rayon sakini, 1967-ci il təvəllüdlü Səma Alış qızı Zeynallının idarə etdiyi "Hyundai Accent" markalı, 90 XD 492 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olan, Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Akif Əliş oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı, 10 XV 296 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb və yolun kənarındakı ağaca çırpılıb. Mikroavtobusdakı sərnişinlərdən 7 nəfəri - Biləsuvar rayon sakinləri, 1963-cü il təvəllüdlü Bəsirə Məmmədyar qızı Ağayeva, 1953-cü il təvəllüdlü Vaqif Mirzə oğlu Muradov, 1963-cü il təvəllüdlü Nailə Tapdıqəli qızı Əliyeva, 1965-ci il təvəllüdlü Lalə Alımirzə qızı Aslanova, 1962-ci il təvəllüdlü Tofiq Vəli oğlu Mirzəyev, 1987-ci il təvəllüdlü Sürəyya Vaqif qızı Muradova və 2004-cü il təvəllüdlü Leyla Həsənağa qızı Axundova müxtəlif dərəcəli bədən xəsarətlərilə Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Yaralılardan 4 nəfəri ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digər üç nəfər - Vaqif Muradov, Nailə Əliyeva və Sürəyya Muradova stasionar müalicəyə cəlb olunub. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, yaxın qohum olan mikroavtobusun sərnişinləri Biləsuvar şəhərindən Masallı rayonunun Şərəfə kəndinə toy məclisinə gedirmiş. Qəzanın baş vermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı DİN BDYPİ-nin istintaq-təhqiqat şöbəsində araşdırma aparılır.