Lerikdə kütləvi əsgər ölümünə bais olmuş sərhədçi çavuşun məhkəməsi başladı
Gündüz Xudiyevi hakim Mürsəl Əliyev saf-çürük edəcək
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hərbi maşının qəzaya uğraması nəticəsində çoxlu sayda hərbçinin ölümü ilə bağlı təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən şəxs - Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsində xidmət edən kiçik çavuş Gündüz Xudiyevin cinayət işi üzrə məhkəmə baxışı iyulun 27-nə təyin edilib. İttihama görə, 2010-cu il aprelin 3-də Lerik rayonu ərazisində Sərhəd Qoşunlarının hərbi qulluqçularını aparan avtomobilin qəzaya uğraması nəticəsində Cəbrayıl Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Elçin Lələkişi oğlu Qurbanov, Sabunçu Rayon Hərbi Komissarlığından xidmətə çağırılmış kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu, Şəmkir Rayon Hərbi Komissarlığından xidmətə çağırılan kiçik çavuş Əhmədov Pərviz Rahid oğlu, Sumqayıt Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər Fərəcov Elnur Qaçay oğlu, Beyləqan Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər Nəsirov Fuad Əmiraslan oğlu ölüb. 4 hərbi qulluqçu isə müxtəlif dərəcəli xəsarət alıb.