Təşkilatçılar yarışmanın SMS-siz keçirilməsi üçün əllərindən gələni etməyə çalışır
.jpg)
Musiqinin başqa janrlarından fərqli olaraq, aşıq sənətilə bağlı keçirilməsi nəzərdə tutulan müsabiqəyə sponsor tapılmırdı. Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliyi "Lider" Televiziyası ilə birgə gənc aşıqlar arasında ozan-aşıq müsabiqəsi keçirmək niyyətindədir.
Bunu bir neçə ay əvvəl Birlik sədri, xalq şairi Zəlimxan Yaqub özü qəzetimizə bildirmişdi. Müsabiqənin 2010-cu ilin təxminən mart ayında başlayacağı vəd edilsə də, indiyə qədər bu yarışma baş tutmayıb. Bir müddət əvvəl redaksiyamızla əlaqə saxlayan şəxs müsabiqənin sponsor tapılmaması səbəbindən təxirə düşdüyünü demişdi. O həmçinin bildirmişdi ki, Birlik sədri sponsorluq üçün bir neçə özəl şirkətə müraciət etsə də, ona "yox" cavabı verilib.
Müsabiqənin təşkilat komitəsindən aldığımız məlumata görə, artıq sponsor tapılıb. Hansı qurumların bu yarışmanı maliyyələşdirəcəyi haqda heç bir məlumat verilmir. Yalnız o bildirilir ki, bu müsabiqənin SMS-siz baş tutması üçün Birlik sədri əlindən gələni edir. Müxtəlif dövlət qurumları da bu müsabiqənin SMS-siz keçirilməsində maraqlıdır. Yarışmanın Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və digər qurumlar tərəfindən dəstəkləndiyini deyən təşkilat komitəsi təmsilçiləri sentyabrın əvvəllərindən etibarən seçim turunun keçiriləcəyini bildirir.
Məlumat üçün deyək ki, müsabiqəyə qatılmaq istəyən gənclərin müəyyən bir qismi hələ mart ayından sənədlərini təşkilat komitəsinə təqdim edib.
Əldə etdiyimiz xəbərə görə, müsabiqənin münsiflər heyətində Milli Konservatoriyanın rektoru, əməkdar incəsənət xadimi, bəstəkar Siyavuş Kərimi, musiqişünas Mübariz Əliyev, aşıq Ədalət Dəlidağlı və başqaları təmsil olunacağ.
İştirakçılara gəlincə, bu yarışmada əsasən bölgələrdə fəaliyyət göstərən gənc ifaçıların iştirak edəcəyi gözlənir. Məlumatlara görə, budəfəki yarışmada tamaşaçılar sözün əsl mənasında bir-birindən maraqlı ifalar, güclü rəqiblər görəcək. Güclülərin güclüsünü seçib üzə çıxarmaq isə münsiflərin boynuna düşən bir işdir. İndi görək, onlar buna nail ola biləcəkmi?
Onu da xatırladaq ki, Z.Yaqub "Arteks XXI əsr" şirkətinin keçirdiyi I ozan-aşıq müsabiqəsinin münasiflər heyətinin tərkibindən narazı qalmışdı. Z.Yaqub bildirirdi ki, burada iştirak edən saz biliciləri iştirakçılara qeyri-obyektiv münasibət bəsləyib. Hətta Birlik sədri onları qərəzli olmaqda da suçlamışdı.