Paytaxtda təmiz hava böhranını doğuran səbəblərdən biri...
.jpg)
Bakı küləklər şəhəridir. Ancaq ilin digər fəsillərindən fərqli olaraq, yayda əsən külək sakinlərə təkcə sərinlik gətirmir. Həm də əlavə problemlər yaradır. Küləkli günlərdə havada uçuşan qum dənəcikləri, toz-torpaq şəhərin küçələrilə hərəkət edən insanların gözünə, ağzına-burnuna dolur, üst-başını çirkləndirir.
Belə günlərdə bəzi sakinlər isti küləyin yaratdığı toz-torpağın mənzillərə dolmaması üçün pəncərələri bağlamağa məcbur olur. Bir sözlə, küləkli günlər Bakı sakinlərini əməlli-başlı çaş-baş salıb.
Ekoloqlar son vaxtlar Bakıda havanın tərkibinin dəyişməsi barədə tez-tez danışırlar. Söhbət şəhər havasında çirklənmənin səviyyəsinin artmasından gedir. Bir yandan istiləşmə nəticəsində havanın tərkibində zərərli qazların artması, o biri yandan da küləyin və tikintinin yaratdığı toz-duman, məişət tullantılarının yandırılması və avtomobillərin işləməsi nəticəsində əmələ gələn tüstü, kanalizasiya sularının axıdıldığı gölməçələrin üfunət qoxusu nəfəsalmanı çətinləşdirir. Havanın çirklənməsinə şərait yaradan faktorlardan biri də yaşıllıqların kütləvi məhvidir.
Paytaxtın ekoloji durumunu ağırlaşdıran amillərdən biri də çoxmərtəbəli binaların bir-birinə yaxın inşasıdır. Bakıda binaların sökülüb-tikilməsi çox böyük miqyas alsa da, görülən işlər nəticəsində havanın çirklənməsinin qarşısını almaq kimi planlar yox dərəcəsindədir.
Bəzi vaxtlarda, ən hündür yerdən baxsan belə, şəhərin başı üzərində fırlanan toz-dumandan, tüstüdən uzağı görə bilmirsən. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin məlumatında da son illər paytaxtda xəstələnmələr sırasında birinci yeri tənəffüs orqanları xəstəliklərinin tutduğu qeyd olunur. Bu, həm də, ağciyər xərçəngi risqini artırır. Yeri gəlmişkən, ölkəmizdə xərçəng xəstələrinin sayında ağ ciyər xərçənginə tutulanlar böyük paya malikdir. Faktlar göstərir ki, tozlu-küləkli günlərdən sonra Göz Xəstəlikləri İnstitutuna müraciət edənlərin sayı çoxalır.
Bundan başqa, zibil tullantılarının harada gəldi yandırılmasının qarşısının alınmaması da ekoloji vəziyyəti gərginləşdirir. Çoxmərtəbəli binaların bir-birinə həddən artıq yaxın tikilməsi isə şəhərdə hava axınının qarşısını alır. Bir sıra tikililərdə tozun yayılmasının qarşısının alınması üçün müvafiq materiallardan (qoruyuculardan) istifadə olunmur. Güclü külək üstünə örtük çəkilməyən tikinti meydançalarındakı qum tayalarını göyə sovurur.
Buna misal olaraq, paytaxtın "28 May" küçəsində aparılan təmir-tikinti işlərini göstərə bilərik. Hazırda adıçəkilən ünvanda o dərəcədə qızğın iş gedir ki, toz-torpaq abad yerləri də bərbad hala salıb.
Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakı şəhərində atmosfer havasının çirklənmə vəziyyətində tozun yol verilən qatılıq həddi normadan xeyli yüksək olur. Normaya görə, Bakı ərazisində bu hədd 0.5 mq/kubmetr olmalıdır, amma son illər bu göstərici xeyli yüksələrək, 0.7-1.2 mq/kubmetrə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında o da bildirilir ki, Bakı şəhərində atmosfer havasının çirklənmə vəziyyətində tozun yol verilən qatılıq həddi normadan xeyli yüksək olduğu halda, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan, Şirvan, Şəkidə bu hədd normaya yaxındır.
Atmosfer havasının çirklənmə vəziyyətində tozun miqdarı o həddə çatıb ki, Bakıya arabir tozlu-palçıqlı yağış da yağır. Yəqin ki, iyunun 24-də Bakıya "palçıqlı yağış" yağması hamının yadındadır.