.jpg)
Ermənistanda siyasi vəziyyət yenidən gərginləşib. Bu ölkənin blokadada olması üzündən iqtisadiyyatında çöküşün yaşanması xalqla hakimiyyət arasında uçurumun daha da dərinləşməsinə gətirib çıxarıb. Getdikcə Rusiyadan tam asılı vəziyyətə düşən rəsmi İrəvan artıq ona yönəlmiş beynəlxalq təzyiqlərin qarşısında duruş gətirə bilmir.
Hələ ötən il Türkiyə və Ermənistan arasında imzalanmış məlum "Sürix protokolları" erməni müxalifəti tərəfindən də kəskin tənqid olunmaqdadır. Müxalifət, həmişəki kimi, bu protokolları imzaladığına görə Serj Sarkisyan iqtidarını ölkənin milli maraqlarını satmaqda ittiham edir. Məsələyə yenidən münasibət bildirən Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan qeyd edib ki, Serj Sarkisyan iqtidarı beynəlxalq qurumlar qarşısında üzərinə öhdəliklər götürüb və indi həmin öhdəliklərdən imtina edə bilməz: "Dünya Ermənistanın indiki hakimiyyətinin qeyri-legitim əsaslarla formalaşdığını bilir. Bu səbəbdən Serj Sarkisyan iqtidarı daim beynəlxalq təzyiq altındadır. Bu təzyiqlərdən sığortalanmaq üçün Serj Sarkisyan iqtidarı beynəlxalq qurumların, bir sıra xarici dövlətlərin istənilən sifarişini yerinə yetirməyə hazırdır. O, məhz bu sifariş əsasında Sürixdə Türkiyə tərəfilə protokolları imzaladı".
Ümumiyyətlə, Ermənistan Milli Konqresində cəmləşən ölkənin əsas müxalifət partiyaları da belə hesab edir ki, Serj Sarkisyan iqtidarı, məcbur edilmədiyi təqdirdə, ölkənin milli maraqlarını daim zərbə altında qoymaqla yanaşı, demokratiyanın inkişafını nəzərdə tutan heç bir beynəlxalq sənədin tələblərini yerinə yetirməyəcək. Buna yol verməmək üçün hələ bir müddət əvvəl Ermənistan Milli Konqresi alternativ hökumət yaradacağını da açıqlamışdı. Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan mediaya verdiyi son açıqlamada isə qeyd edir ki, yaxın tezlikdə bu istiqamətdə konkret addımlar atılacaq. O, ilin sonuna kimi bununla bağlı müəyyən qərarların qəbul olunacağını da istisna etməyib. Levon Zurabyan onu da bildirib ki, alternativ hökumətin tərkibinə müxtəlif komissiyalar daxil olacaq: "Həmin komissiyalardan biri hüquqi dövlətlə bağlı olacaq. Bu komissiyaya keçmiş hərbi prokuror Haqik Cahangiryan rəhbərlik edəcək. Burada polis strukturlarının islahatı ilə bağlı qanun layihəsi hazırlanaraq parlamentə təqdim olunacaq. Biz bu vasitələrlə ölkədə baş alıb gedən qanunsuzluqlara son qoymaq, ölkənin milli maraqlarını müdafiə etmək niyyətindəyik".
Hələlik isə ölkədə siyasi, iqtisadi və digər sahələrdə dözülməz vəziyyətin yarandığını deyən Levon Zurabyan müxalifət təmsilçilərinə qarşı hakimiyyətin hücumlarının daha da artdığını bildirib. Onun sözlərinə görə, hakimiyyət rəhbərliyindən gələn tapşırıqla müxalifətçilərin böhtan əsasında tutulması prosesi daha geniş vüsət alıb.
Ermənistan Milli Konqresinin koordinatoru onu da vurğulayır ki, hakimiyyətin müxalifətçilərə və xalqa qarşı get-gedə daha çox repressiv metodlardan istifadə etməsi dözülməz həddə çatmaqdadır.: "İndiki hakimiyyət xalqı acınacaqlı vəziyyətə saldığını yaxşı bilir. Ona görə də xalqın qəzəbindən ehtiyat edərək mümkün bütün etirazları güc vasitəsilə boğmağa çalışır. Lakin iqtisadi və sosial durum günü-gündən pisləşir. Belə bir vaxtda Türkiyə ilə təslimçi protokollar imzalamaqla hakimiyyət özü üçün çox dəhşətli vəziyyət yaradıb".
Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə bildirir ki, Sarkisyan hakimiyyətinin təslimçi siyasətinin qarşısı alınmasa, Dağlıq Qarabağ məsələsində də proseslər Ermənistanın əleyhinə yönələcək. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni irəliləyişlərin Azərbaycanın lehinə olacağına diqqət çəkən sabiq prezident bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsilə bağlı beynəlxalq arenada yaranmış vəziyyətdən məharətlə istifadə edir.
Sabiq prezidentin sözlərinə görə, müxalifət xalqın dəstəyilə ölkədəki cinayətkar rejimi tezliklə hakimiyyətdən uzaqlaşdırmaqda israrlıdır.
Aparılan son sosioloji tədqiqatlar da göstərir ki, Ermənistanda mövcud hakimiyyətin reytinqi sürətlə aşağı düşməkdədir. Lakin ekspertlərin əksəriyyəti bunun əsas səbəbini Ermənistanda sosial-iqtisadi durumun pisləşməsində görür. Qeyd edək ki, postsovet ölkələri arasında qlobal iqtisadi böhrandan ən çox zərər görən dövlətlərdən biri kimi məhz Ermənistanın adı çəkilir. Həm ağır iqtisadi vəziyyətdən, həm də "Sürix protokolları" ətrafında yaranan qalmaqaldan, eləcə də hakimiyyətin erməni diasporu ilə arasının dəyməsindən istifadə etməyə çalışan müxalifət isə ölkədə ciddi siyasi dəyişikliklər etmək niyyətindədir.
Digər tərəfdən, Ermənistana yeniləşmiş "Madrid prinsipləri"ni qəbul etmək üçün də təzyiqlər gücləndirilir.
Qeyd edək ki, sabiq prezident Ter-Petrosyan hakimiyyətdə olduğu müddətdə Qarabağ münaqişəsinin həllilə bağlı əhəmiyyətli addımlar atmışdı. Lakin başda Köçəryan olmaqla, Ermənistandakı Dağlıq Qarabağ klanı Ter-Petrosyanı milli maraqlara xəyanətdə suçlayaraq hakimiyyətdən uzaqlaşdırmışdı. Bu gün rəsmi İrəvan, faktiki olaraq, 10 il əvvəl Ter-Petrosyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı getdiyi yolu təkrarlamaq məcburiyyətində qalıb. Bu da sabiq prezidentin yenidən hakimiyyəti ələ almaq şanslarını artırır.
Bəs, Ter-Petrosyan hakimiyyətə gəlsə, münaqişənin həllilə bağlı hansı dəyişikliklər ola bilər?
Politolq Zərdüşt Əlizadəyə görə, Azərbaycan və Ermənistanda münaqişənin həllinə baxışlar bir-birindən prinsipial olaraq fərqlənmir: "Hər iki ölkənin hakimiyyəti münaqişənin həllində maraqlı deyil. Hər iki ölkənin müxalifəti hakimiyyəti Dağlıq Qarabağı qarşı tərəfə satmaqda, güzəştdə getməkdə ittiham edir. Təsəvvür edin, Ter-Petrosyanı devirən Qarabağ klanı onu Dağlıq Qarabağı Azərbaycana satmaqda ittiham edirdi. İndi həmin mövqeni Ter-Petrosyan təkrarlayır. Ermənistanın daxili siyasəti Dağlıq Qarabağ faktoru üzərində qurulub. Ermənistanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə münaqişənin həll ediləcəyinə inanmaq sadəlövhlük olardı. Problemin həlli üçün hər iki ölkədə bu məsələyə baxış, təfəkkür dəyişməlidir. Rusiya, ABŞ, Avropa Birliyi, diaspor Ermənistana hər il yardımlar edir. Bu yardımlar münaqişənin həllini daha da uzadır. Bu dəstəklər dayandırılsa, Ermənistanda münaqişənin həllinə yanaşma da dəyişər".
Bununla belə, Z.Əlizadə hesab edir ki, Ermənistanda bir qrup ziyalı var ki, onların tərəfdarları getdikcə artır: "Həmin ziyalılar açıq şəkildə bəyan edirlər ki, Ermənistan cəmiyyəti xəstədir və ölkəni xarici qüvvələr idarə edir. Şəxsən mənim ümidim həmin ziyalılaradır. Onların tərəfdarları artsa, siyasi gücə malik olsalar və hakimiyyətə gəlsələr nəsə dəyişə bilər. Əks təqdirdə, münaqişənin tezliklə həlli mümkün deyil. Hətta Ter-Petrosyan hakimiyyətə gəlsə belə".