27 Iyul 2010-cı il, N 392(1888)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3655)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1754)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1342)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1291)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1261)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1148)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1111)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1107)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
YAP-çı deputatların 5 illik fəaliyyəti araşdırılır
Nəticələr barədə partiya sədrinə məlumat veriləndən sonra namizədlər siyahısı müəyyənləşəcək
Siyavuş Novruzov indi-indi üzə çıxmağa başlayan deputatlara xəbərdarlıq etdi
Parlament seçkiləri yaxınlaşdıqca ölkənin siyasi gündəmində bu məsələyə diqqət daha da artmaqdadır. İndi partiyaların seçkilərdə necə iştirak edəcəyi siyasi dairələrdə əsas müzakirə predmetlərindən birinə çevrilib. Müxalif düşərgədə baş verənlər isə belə qənaətə gəlməyə əsas verir ki, bu cəbhədə yer alan qüvvələr yenə vahid şəkildə seçkiyə qatıla bilməyəcək.
   Ekspertlər bildirir ki, elektoratı son illərdə əhəmiyyətli dərəcədə zəifləyən müxalifət seçkiyə bir neçə blok və ya birlik şəklində qatılacaq ki, bu da onun nümayiş etdirəcəyi nəticələrin elə də yüksək olmayacağından xəbər verir.
   Hakim partiyaya gəlincə, burada YAP rəhbərliyində yer alan bir sıra şəxslərin fikirləri indi daha çox diqqət cəlb etməyə başlayıb. Bu kontekstdə isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun hakim partiyanın saytına müsahibəsində səsləndirdiyi bir sıra fikirlər xüsusi maraq doğurur. Məsələn, Siyavuş Novruzov bildirir ki, bəzi deputatlar var ki, 4 il yarım ərzində elə bir fəaliyyət göstərməyib, amma indi mətbuata çıxır: "Bu müddətdə nə seçici ilə görüşüb, nə də qanunvericilik fəaliyətilə ciddi məşğul olub. Amma belə olmamalıdır. Parlamentin 5 illik müddətində deputat üçün fəaliyyət istiqaməti müəyyənləşməlidir. Belə ki, seçicilərin ona münasibəti, partiya münasibəti əksini tapmalıdır. Deputatın partiya həyatında fəaliyyəti, eləcə də, beynəlxalq təşkilatlarda iştirakı, qanunvericilik fəaliyyəti haqqında araşdırmalar aparılır. Araşdırmalar başa çatandan sonra hər bir dairə üzrə nəzərdə tutulan namizədlər haqqında partiyamızın sədrinə məlumat veriləcək. Partiyamızın sədri mövqeyini bildirdikdən sonra partiyanın rəhbər orqanında hansı dairə üzrə kimin namizəd irəli sürülməsilə bağlı qərar veriləcək".
   Siyavuş Novruzov bildirir ki, partiya tərəfindən rəsmi şəkildə namizədliyi irəli sürülənlərdən başqa digərləri YAP-ın üzvü kimi namizədliyini irəli sürə bilməz: "Yəni onlar bizim rəsmi qaydada irəli sürdüyümüz namizədə alternativ ola bilməz. Həmin şəxslərlə bağlı konkret qərarımızı verəcəyik. Qərar ondan ibarətdir ki, həmin şəxs partiyamızın üzvü ola bilməz və partiya tərəfindən seçki prosesində hər hansı dəstək qazana bilməz".
   Xatırladaq ki, bundan əvvəl analoji mövqe YAP icra katibi Əli Əhmədov tərəfindən də ifadə olunub. Siyavuş Novruzovun YAP-ın opponentlərinin mövcud durumu, müxalifətdaxili proseslər haqqında da fikirləri, o cümlədən AXCP və Müsavat partiyalarının birləşmək ideyası barədə söylədikləri də maraq doğurur: "Bu cür ucuz birlik şouları seçkilərin nəticəsinə heç bir təsir göstərməyəck. Bunun müxtəlif səbəbləri var. Birincisi, Müsavatla AXCP-nin elektoratı eynidir. Burada yeni elektoratın cəlb olunmasından söhbət gedə bilməz. Bilirsiniz ki, son dövrlər müxalifət daxilində çox ciddi parçalanmalar, bu düşərgədən qopmalar yaşandı. Bu proses AXCP-də xüsusilə diqqət çəkdi. Təkcə AXCP-də təmsil olunan şəxslər tərəfindən 4-5 partiya yaranıb. Bəziləri siyasətdən uzaqlaşdı, bəziləri digər partiyalara qoşuldu. Bu gün AXCP sıralarında, bir-iki nəfərdən başqa, üçüncü adamın adını heç kim çəkə bilməz. Birliyə qoşulan digər partiya olan Müsavat isə bu günə qədər bütün seçkilərdə məğlub olub. Bunun nəticəsində də ciddi parçalanmalara məruz qalıb. Orada da hazırda ancaq qəzet səhifələrində görünən bir neçə adamdan və onların qohumlarından başqa heç kəs qalmayıb".
   Başqa bir məqam kimi Siyavuş Novruzov partiyaların əsası məsələsinə toxunub: "Heç kəsə sirr deyil ki, partiyaların əsasını ərazi ilk partiya təşkilatları təşkil edir. Ondan sonra rayon və şəhər təşkilatları, nəhayət mərkəzi struktur təşkil edir. Aşağı strukturlarda bir boşluq varsa, onların fəaliyyəti zəifdirsə və ya ümumiyyətlə yoxdursa, onda mərkəzi aparatın fəaliyyəti heç vaxt effektli ola bilməz. Adlarını çəkdiyimiz partiyaların yerli strukturları yoxdur. Mərkəzi strukturda fəaliyyət göstərənlər isə yalnız qəzet səhifələrində görünür. Elektoratdan isə, ümumiyyətlə, söhbət gedə bilməz. Ona görə də, bu birlik sadəcə simvolik xarakter daşıyır və ölkə daxilində deyil, xaricdə olan müəyyən qüvvələrin diqqətinin cəlb olunması kimi, xaricdən verilən sifarişin yerinə yetirilməsi kimi qiymətləndirilə bilər və hər hansı perspektivə xidmət etmir".
   Onun sözlərinə görə, bu gün Azərbaycan müxalifətinin iqtidara alternativ layihələr təqdim etmək, alternativ fikirlər ortaya qoymaq, iqtidarın görmədiyi nöqsanları görmək, göstərmək, bunun həlli üçün başqa yollar təqdim etmək potensialı yoxdur: "Bu potensiala sahib olmaq üçün geniş elmi bilik olmalıdır ki, müxalifətdə bu da yoxdur. Bunlar hələ də 90-cı illərin ab-havası ilə yaşayır, o düşüncə tərzinə sahibdirlər, o illərin hadisələrini unudub yeniləşə, müasirləşə bilmirlər. İndiyə qədər müxalifət Azərbaycanın iqtisadi inkişafı, siyasi gücünün, nüfuzunun artması, Qərbə inteqrasiyası, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir layihə belə təqdim etməyib. Əksinə, Azərbaycan prezidenti, Azərbaycan hökuməti, Yeni Azərbaycan Partiyası hansısa mütərəqqi, dövlətimizin inkişafına xidmət edən hansısa layihə irəli sürəndə, təşəbbüslə çıxış edəndə, müxalifət buna qısqanclıqla yanaşır, o proqramlara qara yaxmaqla məşğul olur. Məsələn, vaxtilə ümummilli liderimiz Heydər Əliyev Bakı-Tiflisi-Ceyhan layihəsini irəli sürəndə Müsavat Partiyası deyirdi ki, bu kəmər İrandan keçməlidir. Bəziləri bu layihəni rişxəndlə qarşılayırdı, deyirdilər ki, bu utopiyadır, xəyaldır. Bu gün isə Bakı-Tiflis-Ceyhan kəmərilə ixrac olunan neftin hesabına ölkə büdcəsinə milyardlarla gəlir daxil olur, böyük sosial layihələr, proqramlar reallaşdırılır, ölkəmizdə bütün sosial problemlər öz həllini tapmaqdadır".
   
Tahir TAĞIYEV
İlin 6 ayında hərbi xidmətdən yayınma cinayətləri azalıb
Hərbi Prokurorluqda yarımilliklə bağlı kollegiya iclası keçirilib
Ötən həftə Respublika Hərbi Prokurorluğunun idarə və şöbələrində və ərazi hərbi prokurorluqlarında bu ilin birinci yarısında Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
   Hərbi Prokurorluğun məlumatına görə, baş prokurorun muavini, hərbi prokuror Xanlar Vəliyevin rəhbərliyilə keçirilmiş müşavirələrdə 2010-cu ilin ötən dövrü ərzində qanunçuluğun daha da möhkəmləndirilməsi, dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli təhlil olunub.
   Hərbi prokuror bildirib ki, cari ilin 6 ayında qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən tabelik qaydaları əleyhinə olan, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, hakimiyyətdən sui-istifadə etmə və s. kimi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
   Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Belə ki, cinayətlərin 99,2 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.
   Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 86 yoxlama keçirilib, nəticədə 1090 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 94 təqdimat göndərilib, 51 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb.
   Bununla belə, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan CM-in soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan olunub. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
   Diqqətə çatdırılıb ki, bu ilin altı ayında hərbi prokurorunun müvafiq əmrləri ilə 8 işçi intizam məsuluyyətinə cəlb olunub.
   Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülüb.
   
   
TURAN
Hulusi Kılıç Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqəsi əsasında gediş-gəlişin mümkünlüyünü dedi
"NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədləri açılmayacaq"
"Viza rejiminin ləğvi üçün Azərbaycanın qərarını gözləyirik" Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıçın APA-ya müsahibəsi
- Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tam aradan qaldırılması üçün hazırda hansı addımlar atılır?
   - Məlum olduğu kimi, Türkiyəyə gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur. Türkiyə vətəndaşlarından isə burada viza alınır. Biz viza rejiminin tez bir zamanda aradan qaldırılmasını istəyirik. Bununla bağlı müzakirələr aparılıb. Viza rejiminin önümüzdəki günlərdə aradan qaldırılmasını gözləyirik. Bununla bağlı təmaslar olub, bu gün də var. Sadəcə, Azərbaycan tərəfdən addım atılmasını gözləyirik. Onu da deyim ki, mən Avropa ölkələrində olduğu kimi, Türkiyə ilə Azərbaycan arasında da, pasportla deyil, şəxsiyyət vəsiqəsilə gediş-gəliş olmasını arzulayıram. Bir millət olduğumuza görə bunu etmək lazımdır. Türkiyə ilə Quzey Kıbrıs Türk Cumhuriyyət arasında gediş-gəliş bu şəkildədir. Avropada da ölkələrarası gediş-gəliş belədir.
   - Bununla bağlı hər hansı rəsmi təklif varmı?
   - Hələlik yoxdur. Amma mənim düşüncəm budur. Əvvəlcə viza məsələsini tam aradan qaldıraq, sonra bu məsələni də gündəmə gətirmək olar.
   - Son günlər Ermənistanda NATO-nun hərbi təlimlərilə əlaqədar Türkiyə-Ermənistan sərhədinin bir həftəlik açılacağı barədə məlumatlar yayılıb. Bu nə qədər həqiqətə uyğundur?
   - Bu məlumatlar əsassızdır. Sərhədlərin açılması söhbət mövzusu deyil. Ermənistanda təlimlər keçiriləcək və Türkiyədən də 3 nəfər bu təlimlərə qatılacaq. Ümumiyyətlə, bununla bağlı heç bir təklif də olmayıb, amma nədənsə, mətbuatda belə məlumatlar yayıldı. Yəni NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədləri açılmayacaq.
   - Türkiyə səfirliyinin dini işlər üzrə müşavirinin səlahiyyət müddəti başa çatıb. Onun yerinə təyinat varmı?
   - Müzəffər Şahin hələ getməyib. Amma müşavir vəzifəsinə yeni təyinat olacaq. Dini müşavirlik səfirliyə bağlıdır, Müzəffər bəy getdikdən sonra yenisi gələcək. Yəqin ki, bu təyinat gələn ay baş verəcək.
   - Sizin də Azərbaycanda səfir kimi səlahiyyətinizi başa vurub Avropaya gedəcəyiniz bildirilir...
   - Mənim üçün Azərbaycan Avropa və Asiya ölkələrindən çox önəmlidir. Bunu dəfələrlə söyləmişəm. İstəsəydim, Avropa ölkələrindən birinə gedə bilərdim. Mən bir millətə xidmət üçün buradayam. İndi də buradayam, vəzifəmi davam etdirirəm. Hələlik səlahiyyət müddətimin başa çatması ilə əlaqədar bir şey yoxdur. Yenə də qeyd edirəm, mənim üçün ən önəmlisi Azərbaycandır, bu millətə xidmət etmək üçün buradayam. Avropa, digər ölkələr başqaları üçün önəmli ola bilir, amma mənim üçün vətən öndədir, buradakı işimdən də çox məmnunam. Mən daha çox xidmət etmək istərdim, amma edə bildiklərimi etdim. Etməli olduğumuz hələ çox şeylər var.
   - Azərbaycanla Türkiyə arasında Naxçıvana qazın verilməsi ilə bağlı imzalanmış sazişin icrasına nə zaman başlanacaq?
   - Ötən həftə Naxçıvanda bu sənəd imzalandı. Mənim fikrimcə, bu məsələ bir-iki il ərzində gerçəkləşəcək. Qarsdan Naxçıvana dəmir yolu xətti proyekti də var. Artıq hava nəqliyyatı əlaqəsi başlayıb və qiymətlər də çox ucuzdur. Biz Naxçıvana çox önəm veririk. Ora Türkiyəyə bir əmanət kimidir. Naxçıvan nə qədər inkişaf edərsə, biz o qədər xoşbəxt olarıq. Ümumən Azərbaycanın inkişafını öz inkişafımız olaraq qəbul edirik.
   
QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iyunun 24-də elan etdiyi növbəti maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu 23 iyul saat 17.00-da başa çatıb.
   Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi fondu 175 000 manat olan müsabiqəyə ölkə QHT-lərindən 210 layihə təklifi daxil olub. Hazırda Şura Katibliyi müsabiqəyə daxil olmuş layihə təkliflərinin ilkin seleksiyası və ekspertizaya hazırlanması ilə məşğuldur. Müsabiqənin nəticələri sentyabrın 1-dən sonra açıqlanacaq.
   
Prezident reklam bazarımızdakı böyük anormallığın üstünü açdı
40 milyon reklam büdcəsinin yalnız 2 milyonunun qəzetlərə çatması ədalətsizlik nümunəsi sayıldı
Bazar iqtisadiyyatının xarakterik olduğu ölkələrdə media vasitələrinin əsas gəlir mənbəyinin reklam əsasında formalaşması artıq bir aksiom kimi qəbul olunmaqdadır. Hazırda inkişaf etmiş Qərb ölkələrinin təcrübəsinə diqqət yetirilsə, burada da medianın əsas gəlirinin məhz reklamdan formalaşdığı aydın müşahidə edilər.
   Özü də bu reklamın, elektron və ya çap mediasından asılı olmayaraq, proporsional nisbətdə paylandığı da müşahidə olunan məqamlar sırasında yer alır. Bunun nəticəsidir ki, Qərbdə media orqanları artıq bir biznes strukturuna çevrilib.
   Azərbaycanda isə çox təəssüf ki, mediada reklam məsələsində heç də xoşa gəlməyən bir şərait formalaşıb. Bunun əsas səbəblərindən biri potensial reklamverici şirkət və müəssisələrin media orqanları ilə işləməmək niyyətidir. Digər tərəfdən, reklamverici şirkət və müəssisələrin elektron və çap media vasitələri arasında fərq qoyması bu sahədə vəziyyəti daha da ağırlaşdırmaqdadır. Danılmaz həqiqətdir ki, medianın müstəqilliyinin əsas meyarı olan reklam bazarı hələ də yazılı mətbuatın üzünə qapalı xarakter daşıyır. Hesablamalara görə, hazırda medianın illik reklam büdcəsi təxminən 40 milyon manat təşkil edir. Lakin bu qədər vəsaitdən yazılı medianın reklam gəlirləri heç 2 milyon manata çatmır.
   Bu vəziyyət isə ölkə rəhbərliyi tərəfindən də müsbət qarşılanmır. Elə bu səbəbdəndir ki, prezident İlham Əliyev bu sahədə vəziyyətin yaxşılaşması üçün müəyyən addımlar atılmasını vacib sayıb. İyulun 22-də İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirakı zamanı bununla bağlı olduqca maraqlı bir fikir səsləndirib: "Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq rəqəmlər, əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir".
   Məhz dövlətin işə qarışmasından sonra gözlənir ki, reklam bazarı yazılı media vasitələrinin də üzünə açılacaq. Bu, həm də çap və yazılı mediada reklam bölgüsü ilə bağlı ədalətsizliyi aradan qaldırmaq üçün vacibdir. Çünki bu gün elektron medianın mətbuata nisbətən 19-20 dəfə çox reklam verməsi bu sahədə anormal bir durumun göstəricisi kimi qəbul oluna bilər. Halbuki, Qərb dövlətlərində vəziyyət tamamilə fərqlidir. Təkcə bir fakta diqqət yetirək. Qlobal maliyyə böhranının özünün zirvə nöqtəsinə çatdığı 2009-cu ilin birinci rübündə ABŞ-ın çap və onlayn qəzetlərinin reklam gəliri 6,6 milyard dollar olub. İl ərzində isə bu rəqəm az qala 30 milyard dollara çatıb. Ekspertlər hesab edir ki, Azərbaycanda da qəzetlərin əsas gəlirləri məhz reklamlardan gəlməlidir. Açıq iqtisadiyyata malik ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışdan əldə etdiyi gəlirlərdir. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85%-i reklamlardan, 15%-i isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycan mətbuatının isə bu gün ciddi reklam problemi var.
   Hesablamalara görə, ölkəmizdə adambaşına təqribən 3,5 reklam dolları düşür. Baltikyanı ölkələrdə bu rəqəm adambaşına 42 dollar, ABŞ-da isə 950 dollar təşkil edir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, hesablamalar son illər Azərbaycanın reklam bazarının böyüməkdə olduğunu göstərir. Lakin reklamvericilər, nədənsə, qəzetlərlə işləməkdən çəkinir. Halbuki, dövlət də istənilən mətbu orqanda reklam verilməsində heç bir problem görmür. Bundan əvvəl Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da bildirib ki, Azərbaycan hakimiyyəti heç bir KİV-ə hansısa şirkətin reklam verməsini qadağan etməyib: "Belə bir prosedur olmayıb və yoxdur. Şirkətlər prezidentin yardım göstərdiyi qəzetlərə reklam verməkdən çəkinməməlidir. Sadəcə, Azərbaycanda reklam bazarı qeyri-normaldır. Mətbuat bu qeyri-normal vəziyyəti qeyd etməli və onun üzərinə getməlidir. Mətbuat bunu müzakirə etməlidir ki, nəyə görə Azərbaycan kimi iqtisadi cəhətdən dinamik inkişaf edən bir ölkədə reklam bazarı, xüsusən də çap mediasının reklam bazarı bu qədər kasaddır? Bunun səbəblərini araşdırıb ortaya qoymaq lazımdır. Dövlət bu sahədə bir iş görə bilərsə, biz bunu mətbuatla müzakirə etməyə hazırıq".
   Onu da qeyd edək ki, bu sahədə qanunvericilikdə də müəyyən çatışmazlıqlar var. Belə ki, mövcud qanunvericiliyə görə, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilmir. Belə olan halda şirkətlər mətbuata reklam verməkdə maraqlı olmur. Təbii ki, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilsə, şirkətlər özləri mətbuata reklam verməkdə maraqlı olacaqlar. Hər halda, qeyd olunan məsələlərin konkret həllini tapması vacib şərtlərdən biri kimi çıxış edir. Prezidentin artıq bu məsələyə münasibət bildirməsi yaxın perspektivdə sözügedən sahədə ciddi dəyişikliyin olacağını ehtimal etməyə əsas verir.
   
Tahir TAĞIYEV
"Az.virt" şirkətinin kompensasiya siyahısı Bakı kəndlilərini qəzəbləndirib
Nardaranlılar Bilgəh-Sumqayıt yolunun çəkilişi ilə bağlı yeni aksiya keçirdi
Bilgəh-Sumqayıt yolunun çəkilişilə bağlı əraziləri yol altına düşən bir qrup Nardaran qəsəbə sakini dünən aksiya keçirib. Uzunluğu 39 km. olan bu yolun çəkilişinə 2010-cu ilin yanvarından başlanıb. Bu, Abşeron kəndlərini bir-birilə, eləcə də Sumqayıt ilə birləşdirən qısa yoldur. Bundan əlavə, bu yol paytaxt yollarında "tıxac"ları aradan qaldırmaq üçün vasitədir.
   Aksiyanın təşkilatçısı "Azərbaycan İnsan haqları və Azadlıqlarını Müdafiə" İctimai Birliyinin sədri Rasim Əlizadə, aksiyanın keçirilməsinə səbəb kimi, ərazilərin müəyyən qisminin yol çəkilişinə sərf olunmasına baxmayaraq, kompensasiyaların hələ də ödənilməməsini göstərib. Kompensasiya ödənilməməsinə etiraz aksiyası yeni məsələ deyil. Qəsəbədə 60 evə məxsus sahə yol çəkilişilə bağlı itkiyə məruz qalıb, bununla əlaqədar Sabunçu rayon İcra Hakimiyyətində komissiya yaradılıb, amma nəticə yoxdur. Sakinlər kompensasiyaların verilməməsilə bağlı şikayətlərini dəfələrlə Nəqliyyat Nazirliyinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, yol tikintisini həyata keçirən şirkətin rəhbərliyinə çatdırsalar da, müsbət nəticə olmayıb.
   Yol tikintisilə bağlı ərazi itkilərinə məruz qalan sakinlərə kompensasiya ödənilməsilə bağlı dövlət başçısı özü çıxış edib. "Bu, say etibarilə 4-cü və ya 5-ci aksiyadır. Bu dəfə qəti tələb edirik, ya kompensasiyaları versinlər, ya da gəlib texnikalarını da yığışdırıb aparsınlar, belə yol çəkilişi nəyə lazımdır?" - İctimai Birliyin sədri etirazını bildirib.
   Dünənki aksiyada daha maraqlı bir məsələ aşkar olub. Məlum olub ki, kompensasiya tələb edən adamların adları tikintini aparan "Az.virt" şirkətinin kompensasiya siyahısına daxil edilməyib. "Əvəzində isə qəsəbə icra nümayəndəsinin, qəsəbə bələdiyyəsinin qohum-əqrəbalarının adları bu siyahıya salınıb, şirkət rəhbərliyinə deyəndə ki, bu siyahı niyə belə tərtib edilib, "bizlik deyil" cavabını verirlər" - R.Əlizadə qeyd edib. R.Əlizadəyə görə, vətəndaşlara kompensasiya verilməyəcəkdisə, o zaman rəsmi qurumlar sakinlərə bu ərazilərin onlara məxsus olmaması barədə yazılı izahat verməli idi. R.Əlizadə bu məsələyə görə şirkət rəhbərliyinin, nəqliyyat naziri Ziya Məmmədovun birbaşa məsuliyyət daşıdığını nəzərə çatdırıb.
   Aksiya ilə bağlı son duruma toxunan R.Əlizadə deyib ki, şirkət rəhbərliyi, 20-yə yaxın vətəndaşın kompensasiya tələb etməsinə cavab olaraq, aksiya iştirakçılarının üzərinə polis qüvvələri yeritmək istəyib.
   
TURAN
Dollara qarşı İran-Venesuela qəsdinə Çin də qoşulmaq istəyir
ABŞ valyutasını nifrət edə-edə tumarlayanlar hələ də çıxış yolu gəzir
Məzənnəsində tez-tez yaşanan dəyişikliyə rəğmən, dünyanın hələ də ən aparıcı valyutalarından hesab edilən dolların mövqeyinin laxladılması üçün İran və Venesuela artıq qəti hərəkət etmək qərarına gəlib.
   Xatırladaq ki, bu iki dövlət uzun müddətdən bəridir dolların dünyada hökmran mövqeyinə son qoymağa çalışır. Bu dəfə isə həmin dövlətləri öz niyyətlərinə daha da yaxınlaşdıran məqam Çin və Rusiyanın onlara, belə demək mümkünsə, yardımçı olmasıdır.
   Artıq məlum olub ki, Çin və İran iki ölkə arasında neft tədarükü hesablaşmalarında yuan valyutasından istifadə edilməsilə bağlı danışıqlar aparır. "Bloomberg" agentliyinin məlumatına görə, hər iki ölkə bununla da Qərbin onlara qarşı yönəltdiyi sanksiyalara müqavimət göstərmək niyyətindədir. Artıq bununla bağlı İran İslam Respublikası Çində özünün bank filialını açır. Məhz bu bank vasitəsilə İran Çinə ötürdüyü neftin qarşılığını, yanacaq və avadanlıq alacaq, bir sıra digər müştərək layihələri maliyyələşdirəcək. İranla yanaşı, Venesuela da neftin dollarla deyil, başqa valyutalarla satılmasını təklif edib. Elə indi də Venesuela bəyan edir ki, dolların dünya bazarında başqa dönərli valyutalara nisbətən dəyərində tez-tez yaşanan dəyişiklik bu məsələni xeyli aktuallaşdırıb. İndi gözlənir ki, İran və Venesuelaya bir sıra Ərəb körfəzi ölkələri də qoşulsun. Çünki bəzi ərəb dövlətləri də dollara qarşı çıxır. Xatırladaq ki, hələ ötən il Ərəb körfəzi ölkələri, eləcə də Rusiya, Çin, Yaponiya və Fransanın ABŞ-ın dünyadakı hökmran maliyyə mövqeyinə zərbə vurmaq üçün geniş planlar hazırladığı məlum olmuşdu. O vaxt bəlli olmuşdu ki, adıçəkilən ölkələr neftin dollarla alqı-satqısından imtina etmək üçün plan hazırlayır. Hətta bu ölkələrin maliyyə nazirləri və əsas bank rəhbərləri arasında görüşlər keçirildiyi məlum olmuşdu. O da aydın olmuşdu ki, bu görüşdə neftin qiymətinin Yaponiya ienası, Çin yuanı, qızıl və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər üçün vahid valyutanın daxil olacağı valyuta səbətinə bağlanması barədə məsələ müzakirə edilib.
   İndi isə artıq bu planın işə salınması üçün konkret hərəkətə keçilməsi istisna olunmur. Maraqlıdır ki, belə bir vaxtda Çin yuanın dünya iqtisadiyyatındakı rolunu artırmaq üçün yenidən müxtəlif ölkələrlə, o cümlədən İranla təmaslarını artırmağa başlayıb. Lakin əksər iqtisadçıların proqnozlarına görə, dünya hesablaşma sisteminin 75 faizini əlində saxlayan Amerika valyutasını yaxın illərdə sıradan çıxarmaq mümkün olmayacaq. Hələlik isə vəziyyətdən istifadə edən Çin yuanın dünya iqtisadiyyatındakı rolunu artırmaq üçün daxili bazarında dolları sıxışdırmağa başlayıb. Analoji siyasət İran tərəfindən də həyata keçirilir.
   Xatırladaq ki, bundan əvvəl də İran rəhbərliyi, rəsmi Vaşinqton tərəfindən nüvə proqramına dair təzyiqlərin gücləndirilməsinə cavab olaraq, dəfələrlə dollardan imtina hədəsilə çıxış edib. Buna müvafiq olaraq, hələ iki il öncə Amerika bankları ilə İranın ən iri "Saderat" bankı arasında pul dövriyyəsi dayandırılıb. Lakin ekspertlər hesab edir ki, İranın dollardan imtinası dünya iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxarmayacaq.
   Digər tərəfdən, Moskva da boş dayanmaq istəmir. Belə ki, Rusiya Çin yuanının yox, öz rublunun dünya iqtisadiyyatındakı rolunu artırmağa çalışır. Bunun üçün isə Rusiya da neftin hansı valyuta ilə satılması üzərində planlar qurur. Lakin ekspertlər bildirir ki, yaxın perspektivdə bu məsələ ətrafında hər hansı dəyişikliyin olmasını gözləmək lazım deyil. Çünki dollara qarşı bir sıra dövlətlərin, o cümlədən İran, Venesuela, Çin və Rusiyanın mövqeyi iqtisadi deyil, daha çox siyasi xarakter daşıyır. Bu dövlətlərdən üçünün əsas "silahı" olan neftin isə başqa valyutaya satılması mexanizmi yoxdur və belə bir sistem işlənməyib. İkincisi, neft istehsal edən ölkələr üçün neftin dollara satılması daha sərfəlidir. Çünki indi, praktiki olaraq, beynəlxalq bazarda dollara alternativ valyuta yoxdur. Avronun işləmə dairəsi Avropanın hüdudlarını aşsa da, heç də qlobal xarakter daşımır. Bundan başqa, bu gün dünyadakı ehtiyatların 60 faizi dollarla saxlanır. Buna görə də, strateji məhsulların dollara satılması labüddür. Heç yaxın illərdə də neftin başqa valyutaya satılması mümkün olmayacaq. Yuxarıda qeyd olunduğu kimi, İran hökuməti 2 ilə yaxındır, neftin avroya satılmasından danışır, amma bu istiqamətdə yalnız məhdud miqyasda işlər görə bilir və əsas neft satışını məhz dollarla həyata keçirir. Çünki digər neft ölkələri kimi, İran da hələlik başqa valyuta ilə satışın risqli olduğunu başa düşür.
   Bununla yanaşı, regional və beynəlxalq layihələrin qiymətləndirilməsi də ABŞ valyutası ilə aparılır. Lakin istənilən halda, ekspertlər hesab edir ki, qlobal maliyyə böhranının əsas səbəbkarlarından olan dollar gec-tez vahid valyuta statusundan uzaqlaşacaq. Bu zaman Birləşmiş Ştatlar və iri dövlətlərin istəyi isə az rol oynamayacaq.
   
   
Tahir TAĞIYEV
İmişlinin Allahmədədli sakinləri Kürdəmirə köçürülmələri ilə heç cür barışmaq istəmir
Kəndin 50-yə yaxın sakini Prezident Administrasiyasında, Nazirlər Kabinetində və FHN-də olub
Dünən daşqından əziyyət çəkən İmişli rayonunun Allahmədədli kəndinin 50 nəfərə yaxın sakini Prezident Administrasiyasının qarşısına toplaşıb. ANS PRESS-in məlumatına görə, şikayətə gələn sakinlər Administrasiyada hansısa rəsmi şəxsin onları qəbul edərək dinləməsini istəyib.
   "Biz Allahmədədli kənd sakinləri Kür çayının daşmasından sonra evlərimizdən didərgin düşdük. Kəndimiz 72 təsərrüfatdan, 55 evdən ibarətdir. O yağışlı günlərdə özümüz qurduğumuz çadırların altında yatırdıq. Amma indi qayıtmışıq evlərimizə. Kənddəki evlərdən cəmi 17-si uçub. Ölkəmizdə qaçqın və köçkünün çox olduğu bir zamanda biz heç hökumətimizin əziyyət çəkib yeni evlər tikməsini istəmirik. Tələbimiz odur ki, uçan 17 ev bərpa olunsun. Ancaq bu gün bizi kənddən çıxarmaq istəyirlər. Əvəzində 4 kilometr aralıda, Kürdəmir rayonu ərazisində yeni qəsəbə salırlar", deyə şikayətçi İlham Çərkəzov ANS PRESS-ə bildirib.
   Kənd sakinlərinin sözlərinə görə, yeni qəsəbədə hər ailəyə 6 sot torpaq veriləcək ki, bununla da onlar razı deyil: "Orada yeni mənzillə birgə bizə 6 sot torpaq verirlər. Biz quşçuluqla, heyvandarlıqla məşğul olan insanlarıq. Altı sot torpaqda heyvan saxlamaq olar? Yeni salınacaq qəsəbə başqa bir kəndin qəbiristanlığına bitişikdir. Belə yerdə yaşamaq olmaz axı. Oranın torpağı heç zaman qurumur. Bu dəqiqə gedin baxın, bir metr dərinliyində torpaq palçığın içindədir. Digər tərəfdən, biz qəbiristanlığa qarovul çəkəniksə, elə öz kəndimizin qəbiristanlığına qarovulçuluq edərik. Yaşlı insanlarımız var, bu gün bura gələ bilmədilər. Onlar bilsələr ki, bizi kənddən çıxarmaq istəyirlər, inanın, ürəkləri dayanar. Kənddə elə qəbir var 300 yaşı var".
   Məlumat üçün deyək ki, İmişli rayonunun Allahmədədli kəndinin 400 nəfərə yaxın sakini var. Kənd sakinləri bu il mayın 18-də saat 18.00-da kənddən çıxarılıb. Həmin gün bütün evləri, demək olar ki, sel suları basıb. Ancaq kənd sakinləri deyir ki, nə həmin vaxtda, nə də sel təhlükəsi sovuşandan sonra onlara yerli icra orqanları tərəfindən hər hansı köməklik edilib. Kənddə bir iş də görülməyib.
   Məlum olduğu kimi, prezidentin sərəncamı ilə sel sularının yaratdığı fəsadları aradan qaldırmaq üçün büdcədən 300 milyon vəsait ayrılıb. Lakin Allahmədədli kənd sakinlərinə hələ də heç kim yardım etməyib. Sakinlər deyir ki, yalnız bir dəfə ərzaq alıblar ki, onunla da ən uzağı bir gün yaşamaq mümkün olub.
   Allahmədədli camaatı onu da deyir ki, yeni qəsəbə ilə onların kəndi arasında 4 kilometr məsafə var. "Bizi doğrudan da sel təhlükəsinə görə köçürürlərsə, 4 kilometr aralıda yeni qəsəbə niyə salırlar? Guya sabah sel gəlsə, o qəsəbəni basmayacaq? Bunların məqsədini anlaya bilmirik".
   Ancaq kənd sakinlərinin razı qaldığı qurum da var. Məsələn, "Azərkörpü" ASC. Sakinlər deyir ki, bu qurum kəndin yaxınlığında çox möhkəm bənd qurub və indi Allahmədədli üçün heç bir təhlükə qalmayıb. Ona görə də sakinlər kəndlərindən çıxmaq istəmir.
   "Biz hörmətli prezidentimizdən çox razıyıq. Amma təəssüflər olsun ki, onun tapşırıqlarını digər məmurlar, o cümlədən yerlərdəki rəsmi qurumların rəhbərləri yerinə yetirmir". Bunu da İlham Çərkəzov deyir.
   Ssakinlərdən 5 nəfəri Prezident Administrasiyasının qəbul otağına çağırılıb. Şikayətçiləri Prezident Administrasiyasının bölgə üzrə kuratoru Dəyanət Abdullayev qəbul edib və onların şikayətlərini dinlədikdən sonra sakinlər Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabinetində sakinləri baş nazirin müavini Abid Şərifov qəbul edib. Onların şikayətləri dinlənib və ərizələri alınıb.
   Sonra şikayəçilərdən üç nəfər seçilib və onlar Fövqəladə Hallar Nazirliyinə aparılıb. Nazirlikdə şikayətçiləri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev qəbul edib. Sakinlərə bildirilib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılacaq. Problem İmişli rayon İcra Hakimiyyəti ilə birlikdə yoluna qoyulacaq və məsələ həll olunarkən kənd sakinlərinin istəyi nəzərə alınacaq.
   
Xəbər xidməti
Bakıdakı Neft Emalı Zavodunun 140-cı çənində yanğın...
20-dən çox yanğınsöndürən maşın bir saatdan çox işlədi
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın başlayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
   Hadisə dünən saat 11.30 radələrində zavodun ərazisində yerləşən yanacaqla dolu çənlərin birində baş verib. Baş vermiş yanğınla əlaqədar 4 nömrəli çağırış elan edilib və əraziyə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib.
   APA-ya ARDNŞ-dən bildirilib ki, iyulun 26-da saat 11:05 radələrində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun çənlər parkındakı 140 saylı çəndə yanğın baş verib. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri təcili olaraq hadisə yerinə cəlb edilib: "Dərhal qərargah yaradılıb və yanğının söndürülməsinə başlanıb. Yanğınsöndürənlərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində saat 12:50 radələrində yanğın söndürülüb və heç bir tələfat qeydə alınmayıb".
   Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı rəsmi məlumat yayıb. APA-nın nazirliyin rəsmi internet saytına istinadən xəbərinə görə, dünən saat 11:06-da Bakı şəhəri, Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 7 nömrəli sexində içərisində 1000 kub metr benzin olan rezervuarda yanğın baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumların 40-a qədər texnikası və 250 nəfər şəxsi heyəti hadisə yerinə cəlb olunub. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
   Yaxınlıqdakı digər rezervuarlar və zavodun istehsal sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbi araşdırılır.
   
Xəbər xidməti
Eynulla Fətullayevlə bağlı son məhkəmə qərarından apelyasiya şikayəti verildi
Qaradağ Rayon Məhkəməsinin həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı qərarından apelyasiya şikayəti verilib.
   Bu barədə APA-ya təqsirləndirilən jurnalistin vəkili İsaxan Aşurov bildirib. Vəkil şikayətin dünən Bakı Apelyasiya Məhkəməsinə təqdim olunduğunu deyib.
   Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adıçəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
   2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan E.Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülmüş qan və sidik nümunələrində "Diasetil-morfi" (heroin), "Amfetaminil" narkotik vasitələri və "Flunitrozepam-M" psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E.Fətullayevdə narkotik vasitə olan "Diasetil-morfi", "Amfetaminil" və psixotrop dərman vasitəsi olan "Benzodiazepin"dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E.Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.
   Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərara əsasən, məhkəmə E.Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək, jurnalistin dərhal həbsdən azad edilməsini tələb edib. Azərbaycan hökuməti E.Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından narazı qaldığından Böyük Palataya müraciət edib.
   Bu il iyulun 6-da isə Qaradağ Rayon Məhkəməsi jurnalist Eynulla Fətullayevin daha 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
   
Bakıda yay mövsümü başlayandan 20 nəfər dənizdə batıb
Tək Sumqayıtda bir gündə üç nəfər bu aqibəti yaşayıb
Builki yay mövsümündə Bakıda 20 nəfər dənizdə batıb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkim müavini Rauf Nağıyev bildirib.
   Onun sözlərinə görə, çimərlik mövsümü başlayandan bu günədək paytaxt çimərliklərində 45 suda boğulma faktı qeydə alınıb ki, nəticədə 20 nəfər həyatını itirib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. R.Nağıyev, həmçinin, builki yay mövsümündə 95 nəfərin günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət etdiyini, onlardan 30 nəfərinin xəstəxanalara yerləşdirildiyini qeyd edib.
   R.Nağıyev Bakıda bu yay 17 nəfəri ilan vurduğunu, onların hamısının xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
   Sumqayıtda bir gündə üç nəfər dənizdə batıb. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, Bakı şəhər sakini, 26 yaşlı Adil Hüseynov, Yardımlı rayon sakini, 21 yaşlı Zaur Cabbarov və Qubadlı rayon sakini, 30 yaşlı Mərahim Hacıyev Xəzər dənizinin Sumqayıt şəhəri ərazisində çimərkən boğularaq ölüb.
   Onlardan ikisinin meyiti sudan çıxarılıb. Lakin M.Hacıyevin cəsədinin axtarışları davam etdirilir.
   
Xəbər xidməti
Ən geci sentyabrın 7-də deputatlığa yeni namizədlərin verilməsinə başlanacaq
Azər Sarıyev: "Rəsmi olaraq namizəd irəli sürülməsinə seçkilərə 60 gün qalmış başlanmalıdır"
Azərbaycan növbəti parlament seçkiləri ərəfəsindədir. İndi siyasi, ictimai qurumların və bəzi fərdlərin diqqəti əsasən bu məsələyə yönəlib. Bunun nəticəsidir ki, partiyalar indidən namizəd olacaq şəxslərin siyahısını hazırlamağa girişib. Düzdür, hələlik rəsmən prosesə start verilməyib.
   Bu səbəbdən də seçkilərdə iştirak etmək niyyətində olan fərdlər və təşkilatlar hələlik yalnız namizədlərini müəyyənləşdirməklə məşğuldur. Seçkilərin hansı gün keçiriləcəyilə bağlı son qərarı prezident verəcək. Hələlik, ortada belə bir qərar yoxdur. Bununla belə, onun noyabrın 7-də keçiriləcəyi gözlənir. Bu səbəbdən də hələlik deputatlığa namizədlərin rəsmən irəli sürülməsi kampaniyasına başlanılmayıb. Bu prosesin nə vaxt başlayacağını dəqiqləşdirmək üçün Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətilə əlaqə saxladıq. Xidmətin rəhbəri Azər Sarıyev dedi ki, seçkilərə keçirilmə müddətinə ən geci 60 gün qalmış start verilməlidir: "Konstitusiyanın tələbinə görə, Milli Məclisin səlahiyyət müddəti başa çatan gün-noyabr ayının ilk bazar günü parlamentə növbəti seçkilər keçirilməlidir. Builki təqvimlə həmin vaxt noyabrın 7-nə düşür. Ona görə də namizədlərin rəsmi olaraq irəli sürülməsi kampaniyasına, qanunun tələbinə görə, seçkilərə ən geci 60 gün qalmış başlanmalıdır. Qanunun tələblərinə görə, seçkilərin vaxtını prezident təyin edir. Ona görə də məsələ ilə bağlı prezidentin sərəncamını gözləyirik. Onun sərəncamından sonra Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsilə bağlı təlim planını təsdiq edəcək. Seçkilərə start veriləndən sonra namizəd irəli sürməklə bağlı Dairə Seçki Komissiyalarına müraciət etmək olar. Start verilməzdən öncə müraciət olunması isə qanunun tələblərinə ziddir. DSK-lar belə hallarla rastlaşsa, təbii ki, onların namizədliyini qeydə almayacaq". MSK nümayəndəsinin bu açıqlamasından belə başa düşmək olar ki, namizədlərin irəli sürülməsi kampaniyasına, rəsmi olaraq, təxminən sentyabrın 7-də start veriləcək.
   
Həsən İSLAMOV
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yeni rəhbəri fəaliyyətə başladı
Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
   Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun rəhbəri Bülənt Uğurun səlahiyyət müddəti başa çatıb və o, artıq Türkiyəyə qayıdıb. Hazırda mətbuat xidmətinə Həbib Kaya rəhbərlik edir. H.Kaya bundan əvvəl Türkiyə Nazirlər Kabinetinin Mətbuat, Yayım, İnformasiya Baş Müdirliyində (Başbakanlık Basın, Yayın, Enformasyon Genel Müdürlüğü) çalışıb.
"Mən Tapdıq Abbasla bağlı verilən çoxsaylı sualları cavabsız qoymuşam"
Arif Hacılı Tapdıq Abbasın onunla bağlı dediklərindən təəccüblənib
"Mən Tapdıq Abbasla bağlı verilən çoxsaylı sualları cavabsız qoymuşam. Ümumiyyətlə, ona qarşı hansısa kampaniyanın aparılıb-aparılmamasından xəbərim yoxdur".
   Bu barədə qəzetimizə açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi.
   Onun sözlərinə görə, Tapdıq Abbasın baş verənlərlə bağlı onun adını hallandırması düzgün deyil: "Mənim mövqeyim sadəcə belə olub ki, Rəsulzadə-Elçibəy ideyalarına xidmət edən adam Heydər Əliyevin məzarını ziyarət etməməlidir".
   A.Hacılı T.Abbasın onun barəsində səsləndirdiyi fikirlərə isə münasibət bildirmək istəmədi: "Mənim Tapdıq Abbasa qarşı hər hansı qərəzim yoxdur və ola da bilməz. Onun nə üçün mənimlə bağlı belə fikirlər səsləndirməsi maraqlı və təəccüblüdür".
   
Eldar XƏYAL
Dini Komitə Bakıda dini liderlərin ümumdünya sammitini müzakirə etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda bu ilin aprel ayının 26-27-də Bakıda təşkil olunmuş dini liderlərin ümumdünya sammitinin nəticələrinin təbliği məsələləri nəzərdən keçirilib, iyun ayının 18-19-da Londonda baş tutmuş "Dinlərarası dialoq: Azərbaycan və konfliktlərin həlli" mövzusunda konfransın yekunları haqqında ümumi məlumatlar dinlənib. Bundan başqa, dekabrın 1-2-də "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda Bakıda keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə olunub. Məşvərət Şurasının sədri Hidayət Orucov çıxış edərək, ölkədə yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirib. Komitə sədri bu il dekabr ayının əvvəllərində Bakıda keçirilməsi nəzərdə tutulmuş konfransa hazırlıqla əlaqədar bildirib ki, tədbirə bir çox xarici ölkələrin dövlət qurumlarında dini məsələlərlə məşğul olan rəhbər işçilər, ənənəvi dinlərin liderləri, tanınmış ilahiyyatçılar və politoloqlar dəvət olunub.
   İclasda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein nəzərdə tutulan bu konfransın dövlət-din münasibətlərinin tarixi inkişaf yoluna çağdaş kriteriyalarla yanaşma baxımından aktual olduğunu deyib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanda Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete və Məşvərət Şurasının digər üzvləri konfransın daha yüksək səviyyədə keçirilməsi üçün müxtəlif təkliflər irəli sürüb.
İlham Əliyev festivalda həlak olan 19 nəfərə görə Almaniya prezidentinə başsağlığı verib
Azərbaycan dövlət başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Kristian Vulfa başsağlığı verib.
   APA-nın məlumatına görə, Duysburq şəhərində baş vermiş faciə barədə xəbərdən sarsıldığını qeyd edən prezident İ.Əliyev almaniyalı həmkarına, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
   Qeyd edək ki, Almaniyanın Duysburq şəhərində keçirilən "Love Parade" musiqi festivalı zamanı baş vermiş qarışıqlıqda 19 nəfər ölüb, 340-dan çox insan isə müxtəlif xəsarətlər alıb.
Prezident Dövlət bayrağı meydanında inşaat işlərinin gedişilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 26-da Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişilə tanış olub. Məlumatı "AzərTAc" Dövlət İnformasiya Agentliyi yayıb.
   Dövlət başçısı aparılan tikinti işlərilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
   
ABŞ-dan erməniləri məyus edən daha bir bəyanat...
Dövlət katibinin müavini: "Beynəlxalq məhkəmənin Kosovo haqqında qərarı digərləri üçün presedent ola bilməz"
"Beynəlxalq məhkəmənin Kosovo haqqında qərarı digər bölgələr və ya dövlətlər üçün presedent ola bilməz".
   APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon deyib. O bildirib ki, ABŞ Kosovonu müstəqil dövlət kimi tanıyır, lakin beynəlxalq məhkəmənin qərarı məhz bu məsələyə xas olan faktorlar əsasında qəbul olunduğu üçün presedent sayıla bilməz: "Beynəlxalq məhkəmənin qərarı Kosovonun unikal şərtləri nəzərə alınmaqla verilib. Qərar məhz Kosovo ilə əlaqədardır, digər bölgə və dövlətlərdən söhbət getmir".
   Xatırladaq ki, iyulun 23-də beynəlxalq məhkəmə Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsinin Təhlükəsizlik Şurasının 1244 saylı qərarına zidd olmadığını qərarlaşdırıb.
   
Piter Semnebi Dağlıq Qarabağın statusu üzrə səsverməyə dair maraqlı fikir söylədi
Uzun bir proses...
"Dağlıq Qarabağın statusuna dair hər hansı səsvermə yalnız uzun prosesdən sonra keçirilə bilər. Hazırda bütün tərəflərə qarantiya yaratmaq üçün bu prosesin necə inkişaf edəcəyinə dair prinsipləri razılaşdırmaq vacibdir".
   APA-nın "Qolos Rossii" radiosuna istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, həll prinsipləri artıq həmsədrlər tərəfindən açıqlanıb: "Hesab edirəm ki, bu, həll üçün əla bazadır. Avropa Birliyi hər iki tərəfi buna sadiq qalmağa çağırır".
   P.Semnebi əlavə edib ki, Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərir: "İki proses arasında formal bağlılıq yoxdur. Lakin bu iki prosesin birində baş verən hər hansı hadisənin etimad atmosferinə təsir göstərdiyini inkar etmək olmaz. Bu diqqətə alınmalıdır".
   
   
Hulusi Kılıç Kiprdə "Türk dünyasına xidmət" mükafatı ilə təltif olundu
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türk Dünyası Yazıçılar və Sənətçilər Qurumu (TÜRKSAV) tərəfindən "Türk dünyasına xidmət" mükafatı ilə təltif olunub.
   Türkiyə səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatın təqdimetmə mərasimi Quzey Kıbrıs Türk Cumhuriyyətinin Lefkoşa şəhərində keçirilib.
   TÜRKSAV başqanı Yahya Akeng bildirib ki, 2008-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən Azərbaycan və Türkiyə mediaları konfransında H.Kılıç Türk Dilində Danışan Ölkələrin Jurnalist İttifaqının qurulması təklifilə çıxış edib və bu təklif jurnalistlər tərəfindən məmnuniyyətlə qəbul olunub: "Bu istiqamətdə ilk konkret addım 2009-cu ilin dekabr ayında azərbaycanlı və türkiyəli jurnalistlərinin Quzey Kıbrıs Türk Cumhuriyyətinə səfəri sırasında imzalanan sazişlə atılıb. 2009-cu ilin may ayında Bakıda keçirilən 29 türk bölgəsi topluluğundan 50 türk soylu gəncin iştirak etdiyi Dünya Türk Gənclik Birliyi liderlərinin 8-ci iclasında səfir Hulusi Kılıç hər il mayın 3-cü həftəsinin Türk Dünyasında Gənclik Həftəsi olaraq keçirilməsini təklif edib və bu təklif də səs çoxluğu ilə qəbul olunub".
   Təqdimetmə mərasimində professor Cəmil Həsənli, Qazaxıstanın milli təhsil və elm naziri Janseyit Tüymebayev, Quzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Dərviş Əroğlu, Bosniya və Herseqovinadan professor Fehim Nanotak da mükafata layiq görülüb.
   
Xətaidəki Ali Hərbi Məktəbin kazarması yandı
50 tələbə evakuasiya edildi
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yanğın olub.
   APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə iyulun 25-i saat 22.00 radələrində qeydə alınıb. Bakı şəhəri, Xətai rayonunda Müdafiə Nazirliyinə məxsus Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin dördmərtəbəli kazarma binasının 4-cü mərtəbəsində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 60 kv/m olan yataq otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı 50 müdavim yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
Dünən Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə blogger Adnan Hacızadənin cəza müddətinin yarısını çəkməsilə əlaqədar həbsdən vaxtından əvvəl azad edilməsi haqqında müraciətinə baxılıb.
   Prosesdə Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndələri - tərbiyəvi işlər üzrə rəis müavini Natiq Hacıyev və nəzarətçi Əli Nəbiyev çıxış edib.
   Onlar Hacızadənin vaxtından əvvəl azad edilməsinin əleyhinə çıxış edib və öz mövqelərini onun "ziddiyyətli xarakteri" ilə izah edib.
   Bundan başqa, nəzarətçilər Hacızadənin "əməlindən peşman olmadığından", habelə cəzaçəkmə müəssisəsinin abadlaşdırılması işində iştirak etməməsindən gileyləniblər.
   Buna cavab olaraq, Hacızadə nümunəvi məhbus olduğunu və nizam-intizam cəzaları almadığını bəyan edib. Vəkil İsaxan Aşurov da nəzarətçilərin dəlillərini cəfəng adlandırıb və hakimi Hacızadəni vaxtından əvvəl azad etməyə çağırıb. Sonra o, hakimdən söz istəyib. Lakin hakim belə bir imkan yaratmaqdan imtina edib və vaxtından əvvəl azad edilmə xahişini rədd etmək qərarı qəbul edib. Vəkil Aşurov məhkəmənin qərarını mənfi qiymətləndirərək qeyd edib ki, hakim şikayətə baxılmasına formal yanaşıb və proses, faktiki olaraq, Penitensiar Xidmətin rəyinin "notarial təsdiqi"nə çevrilib. Məhkəmənin qərarından Apellyasiya şikayəti veriləcək.
   
TURAN
Astarada dənizdə batmış nişanlı bacılardan ikincisinin də meyiti tapıldı
Dənizdə boğulan qızın avqustun 5-də toyu olacaqmış
Astara rayonunda iyulun 23-də dənizdə batan ikinci qızın meyiti tapılıb. Bu barədə Lent.az-a Astara Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, iyulun 25-də günorta saatlarında dənizdən çıxarılan Kərimova Aytən Elyar qızının meyiti ailəsinə təhvil verilib.
   Qeyd edək ki, rayonun Maşxan kənd sakinləri - 1990-cı il təvəllüdlü Kərimova Ağgül Elyar qızı, 1992-ci il təvəllüdlü Aytən Kərimova və 1998-ci il təvəllüdlü Elnarə Kərimova iyulun 23-də dənizdə çimərkən boğulub. Elnarənin həyatını xilas etmək mümkün olub. Ağgülün meyiti isə qohumları tərəfindən sudan çıxarılıb.
   Aytən, Ağgül və Elnarə ailədə beş bacı olublar. Analarını 2008-ci ildə itirən bacılardan ikisi - Ağgül və Aytən nişanlı imiş. Avqustun 5-də isə Ağgülün toyu olacaqmış.
   Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
   
Yeni Günəşlidə 48 yaşlı şəxs binadan özünü atdı
Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib. Hadisə rayonun Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Həmin ünvanda yerləşən çoxmərtəbəli binanın 6-cı mərtəbəsində yaşayan 1962-ci il təvəllüdlü Səlimxan Vəzirxan oğlu İmanov yaşadığı evin eyvanından özünü ataraq intihar edib. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. Onun kor olduğu və şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
Kürəkən arvadını, qayınatasını və qayınanasını qətlə yetirdi, qaynını ölümcül yaraladı
Abşeron rayonunda qətl hadisəsi baş verib. Bu barədə Lent.az-a rayon prokurorluğundan məlumat verilib.
   Məlumatda bildirilib ki, 25 iyul 2010-cu il tarixdə saat 02:45 radələrində 1982-ci il təvəllüdlü Zəngilan rayon sakini Qələndərov Nicat Rizvan oğlu ailə münaqişəsi zəmində Digah qəsəbəsində yaşayan qayınatasının evinə gələrək, orada aralarında olan mübahisə zamanı arvadı, 1987-ci il təvvəllüdlü Dadaşova Şəlalə Teyyub qızını, qayınatası, 1960-cı il təvəllüdlü Dadaşov Teyyub Rəfail oğlunu, qaynanası, 1962-ci il təvəllüdlü Dadaşova Zemfira Məmmədkərim qızını üzərində olan bıçaqla bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra o, qaynı, 1989-cu il təvəllüdlü Dadaşov Hüseyn Teyyub oğlunun sinəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirib. H.Dadaşov qonşuları tərəfindən Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. N.Qələndərov həmin gün tutularaq istintaqa təhvil verilib.
   Srağagün Abşeron Rayon Polis Şöbəsinin rəis müavini Famil Kərimovun verdiyi məlumata görə, N.Qələndərov qətli törədəndən sonra hadisə yerindən qaçsa da, onu saxlamaq mümkün olub. Rəis müavini qətlin ailə münaqişəsi zəminində, yaşayış yeri üstündə baş verdiyini bildirib.
   Gənc ailə arasında bu məsələ üstündə bir ilə yaxın müddətdə anaşılmazlıq olub. Belə ki, Nicat Qələndərov həyat yoldaşı Şəlalə Dadaşovaya Pirşağı qəsəbəsində ata evində yaşamağı təklif edib. Şəlalə Dadaşovanın ailəsi isə qızlarının onlarla qalmasını istəyib. Nəticədə gecə saatlarında qanlı hadisə baş verib. Artıq faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7 maddəsilə cinayət işi açılıb.
Bakıdakı "Papiros" kafesində dəhşətli adam oğurluğu cinayətinin üstü açıldı
İş adamı Anar Ağayevdən 100 min tələb edən dəstə tutuldu
Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
   Məlumata görə, iyulun 24-də Bakı şəhərində sahibkarlıq fəaliyyətilə məşğul olan Anar Ağayev maskalı şəxslər tərəfindən oğurlanıb. Naməlum şəxslər iş adamını döyərək ondan 100 min manat tələb ediblər. Pulu ödəməyə razılıq verən iş adamı sərbəst buraxılıb. A.Ağayev girovluqdan azad olunan kimi dərhal polisi məlumatlandırıb.
   Binəqədi Rayon Polis İdarəsi tərəfindən yaradılmış əməliyyat qrupu cinayətkarların izinə düşüb. Məlum olub ki, cinayətkar qrup iş adamını paytaxtda fəaliyyət göstərən "Papiros" kafesinə aparıb. Onlar iş adamını bir otağa salaraq ağzını və əl qolunu bağlayıblar. Sonra isə ondan 100 min manat tələb edib, razılığa gələnədək döyüblər.
   Keçirilən əməliyyat tədbirləri nəticəsində kafenin sahibi İlham Zeynalov və dəstənin üzvləri - Mahir Qurbanov, Asim Qurbanov, Nicat Əliyarov, Emin Aslanov və Vüqar Rzayev dünən səhər saatlarında saxlanıb. Onlardan beş ədəd qara maska və silah-sursat götürülüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
   
Abituriyentlərin ixtisas seçimində problem yaranıb
"Abituriyent" jurnalındakı kodlar elektron ərizəyə uyğun gəlmir
Azərbaycanın ali təhsil məktəblərinə qəbul imtahanları başa çatsa da, bəzi məzunların ixtisas seçimində problem yaranıb.
   Bu səbəbdən dünən 60-a yaxın abituriyent və valideyn Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qarşısına toplaşıb. Şikayətçilərin sözlərinə görə, abituriyentlər onlara verilən ixtisas kodu ilə TQDK-nın rəsmi saytında ixtisas seçimi edə bilmir. Belə ki, "Abituriyentin elektron ərizəsi"nə "Abituriyent" jurnalındakı ixtisas kodlarını daxil etsələr də, onlara kodların düzgün olmadığı barədə xəbərdarlıq edilir. "Bu gün(dünən-red.) səhərdən TQDK-nın qabağında dayanmışıq. Nə qədər edirik, bizi içəri buraxmırlar. Oğlum bütün kodları "Abuturiyent" jurnalından götürsə də, internetdə bütün kodların səhv olduğu göstərilir. Komissiyanın qabağında da böyük növbə var. Bilmirik nə edək" - deyə TQDK-ya şikayətə gələn Qurban Babayev bildirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ANS PRESS-ə açıqlamasında problemin texniki səhv olduğunu bildirib. Saat 16:00-a qədər problemin həll olunacağını qeyd edən Elnur Nağızadə itirilmiş vaxtın hesablanmayacağını vurğulayıb. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidir.
   
"Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Dəmir Bank" ASC-nin Gəncə filialının keçmiş rəhbərinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. APA-nın xəbərinə görə, hakim Ələkbər Quliyevin sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, 1969-cu il təvəllüdlü Fərid Ramiz oğlu Quliyev filial rəhbəri olduğu zaman Azərbaycan Beynəlxalq Bankının ayırdığı 400 min ABŞ dollar depozitin 357 min dollarını bankın kassasından oğurlamaqla dələduzluq etməkdə təqsirləndirir. Cinayət işi başlanandan sonra o gizlənib və barəsində beynəlxalq axtarış elan olunub. Sonradan məlum olub ki, o, Rusiyada mühakimə olunub. Bu ilin əvvəlində isə F.Quliyev Azərbaycana təhvil verilib.
   F.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsilə təqsirli bilinir. Məhkəmədə ifadə verən F.Quliyev isə ifadəsində özünü qismən təqsirli bilib. Proses avqustun 2-də davam etdiriləcək.
   
Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
Gəncə şəhərində qətl hadisəsi baş verib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iyulun 25-də Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Cəfərova Aysel Fəxrəddin qızının, həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cəfərov Ramil Əli oğlu tərəfindən Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında öldürülməsi barədə Gəncə Şəhər Polis İdarəsindən şəhər prokurorluğuna məlumat daxil olub. Məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto və video çəkilişlər aparılmaqla baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı R.Cəfərov iyulun 25-də saat 16.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında arvadını qəsdən öldürmək məqsədilə sol əli ilə boğaraq həyatdan məhrum edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, A.Cəfərovanın ölümü səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Cinayəti törətməkdə şübhəli bilinən R.Cəfərov saxlanıb və dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda iş üzrə istintaq Şəhər Prokurorluğunda davam etdirilir.
 
 
 SON XƏBƏRLƏR
2010-07-27 Gəncəli Ramil Əli oğlu həyat yoldaşını parkda boğdu
2010-07-27 "Dəmir Bank"ın Gəncə filialında mənimsənilmiş 400 min manatın məhkəməsi başladı
2010-07-27 Abituriyentlərin ixtisas seçimində problem yaranıb
2010-07-27 Abşeronun Digah qəsəbəsində ailə qətliamı...
2010-07-27 Yeni Günəşlidə 48 yaşlı şəxs binadan özünü atdı
2010-07-27 Astarada dənizdə batmış nişanlı bacılardan ikincisinin də meyiti tapıldı
2010-07-27 Məhkəmə Adnan Hacızadəni vaxtından əvvəl azad etmək müraciətinə mənfi cavab verdi
2010-07-27 Xətaidəki Ali Hərbi Məktəbin kazarması yandı
2010-07-27 Hulusi Kılıç Kiprdə "Türk dünyasına xidmət" mükafatı ilə təltif olundu
2010-07-27 Piter Semnebi Dağlıq Qarabağın statusu üzrə səsverməyə dair maraqlı fikir söylədi
2010-07-27 ABŞ-dan erməniləri məyus edən daha bir bəyanat...
2010-07-27 Prezident Dövlət bayrağı meydanında inşaat işlərinin gedişilə tanış olub
2010-07-27 İlham Əliyev festivalda həlak olan 19 nəfərə görə Almaniya prezidentinə başsağlığı verib
2010-07-27 Dini Komitə Bakıda dini liderlərin ümumdünya sammitini müzakirə etdi
2010-07-27 "Mən Tapdıq Abbasla bağlı verilən çoxsaylı sualları cavabsız qoymuşam"
2010-07-27 Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yeni rəhbəri fəaliyyətə başladı
2010-07-27 Ən geci sentyabrın 7-də deputatlığa yeni namizədlərin verilməsinə başlanacaq
2010-07-27 Bakıda yay mövsümü başlayandan 20 nəfər dənizdə batıb
2010-07-27 Eynulla Fətullayevlə bağlı son məhkəmə qərarından apelyasiya şikayəti verildi
2010-07-27 Bakıdakı Neft Emalı Zavodunun 140-cı çənində yanğın...
2010-07-27 İmişlinin Allahmədədli sakinləri Kürdəmirə köçürülmələri ilə heç cür barışmaq istəmir
2010-07-27 Dollara qarşı İran-Venesuela qəsdinə Çin də qoşulmaq istəyir
2010-07-27 QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu başa çatıb
2010-07-27 Hulusi Kılıç Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqəsi əsasında gediş-gəlişin mümkünlüyünü dedi
2010-07-27 İlin 6 ayında hərbi xidmətdən yayınma cinayətləri azalıb
2010-07-27 AXCP Müsavat Partiyası ilə birləşməyi avqust qurultayında müzakirə edəcək
2010-07-27 "Minsk Qrupunun həmsədrləri İran problemini həll etməklə məşğuldur"
2010-07-27 Bələdiyyə üzvü olan bir qrup qadın parlamentə də düşmək niyyətindədir
2010-07-27 MKİ-nin sabiq rəhbəri də İranla müharibəni qaçılmaz görür
2010-07-27 Türkiyədə ordu generallarının həbsi davam edir
2010-07-27 "BP" prezidentinin gedişi reallaşır
2010-07-27 Amerikalı analitik Gürcüstan və Azərbaycanın NATO-ya qoşulmaq imkanlarını çox zəif hesab edir
2010-07-27 Ermənistanda hakimiyyətə dartınan kiçik bir ziyalı qrupu var
2010-07-27 Avropa Birliyi İrana qarşı yeni sanksiyaları sərtləşdirdi
2010-07-27 Müsavat Bakıda mitinq üçün meriyadan beş meydanı istədi
2010-07-27 Ukraynalı tarixçi 1918-ci ilin mart qırğını və son 20 ilin hadisələrindən yazmaq istəyir
2010-07-27 Sarkisyanın son bəyanatı iki politoloqda fərqli fikir doğurdu
2010-07-27 Qətl sifarişi üstündə tutulmuş polis bölmə rəisi və icra məmuru məhkəmə zalından azadlığa buraxıldı
2010-07-27 Balaxanı zibilliyində vəhşiliklə öldürülmüş iş adamı Xanbəyi Zamanovun qatillərinin məhkəməsi başladı
2010-07-27 Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb
2010-07-27 Bakıda işlənmiş maşınlar bahalaşmağa başlayıb
2010-07-27 Masallıda Rəcəbov Müşfiqin otla dolu yük maşını yanıb
2010-07-27 Cəlilabadda Səma Alış qızı ilə Akif Əliş oğlu maşınları dəhşətli şəkildə toqquşdurdu
2010-07-27 Lerikdə kütləvi əsgər ölümünə bais olmuş sərhədçi çavuşun məhkəməsi başladı
2010-07-27 "Sarı market", "Çinar market", "Mətin market"...
2010-07-27 "Arsenal" Rusiya yığmasının qapıçısını alır
2010-07-27 Türk klubu Hadisəyə möhtac qalıb
2010-07-27 Futbol kralı Pele Bakıya gələ bilər
2010-07-27 "Qalasararay" Elanoya 12 milyon avro qiymət qoydu
2010-07-27 "Mançester Siti"dən Fernando Torresə fantastik təklif
2010-07-27 Maradona Argentinada bir şərtlə qalmağa razıdır
2010-07-27 Əfsanə "Real"dan getdi
2010-07-27 "Xəzər Lənkəran" 50 min dollara qapıçı aldı
2010-07-27 "Bakı" rəhbərliyi kütləvi şəkildə istefaya getdi
2010-07-27 Nardaran sakinindən 20 kq narkotik və nömrəsi silinmiş odlu silah tapılıb
2010-07-27 Gədəbəydəki süni göldən meyit tapılıb
2010-07-27 Şəkinin Sarıca kəndində Mikayılın tövləsi yandı
2010-07-27 Azərbaycana avtomobil idxalı 39% azalıb
2010-07-27 Zaqatalanın Danaçı kəndində iki Mehdiyevdən birinin ölümü ilə nəticələnən bıçaqlaşma olub
2010-07-27 Nizamidəki "Plazma" barında qadınları fahişəliyə cəlb edən iki şəxs tutulub
2010-07-27 Ata və oğulu güllələyən Ucar sakininin məhkəməsi başladı
2010-07-27 Bu ilin birinci yarısında Azərbaycanda yol qəzalarında 376 nəfər ölüb
2010-07-27 Paytaxtın 28 may sakinləri toz-dumanlı tikintilərdən cana doyub
2010-07-27 Yüngül sənaye mallarının "Bakı" keyfiyyəti...
2010-07-27 Aşıq müsabiqəsinə də sponsor tapıldı
2010-07-26 Sabirabadda Əhməd Əhmədova məxsus mebel anbarı qarət edildi
2010-07-26 Xəzəryanı ölkələr üçün kürü və digər nərə məhsullarının ixrac kvotaları azaldıldı
2010-07-26 BP-nin rəhbəri çərşənbə axşamı istefa verəcək
2010-07-26 "Əl-Qaidə"nin 3 yüksək səlahiyyətli üzvü yaxalanıb
2010-07-26 II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə görə cəmi iki nəfər 700 bal toplayıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009