.jpg)
İyulun 21-də "Olaylar" qəzetinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Erməni terroru və separatizmi bəşəriyyətə təhlükədir" layihəsinin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransını açan qəzetin baş redaktor müavini Elman Cəfərli 4 aylıq layihə çərçivəsində görülmüş işlərdən danışıb. Bildirib ki, layihə çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə həsr olunmuş "Bitməyən düşmənçilik", erməni terrorçularının Xocalıda törətdiyi faciəyə həsr edilmiş "Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətidir", "Ermənilərin türk dünyasında törətdiyi vəhşiliklər" və "Dağlıq Qarabağ münaqişəsinin həlli yolları: ümidlər, perspektivlər" mövzusunda dəyirmi masalar keçirilib, jurnalistlərin Quba Soyqırım Muzeyinə səfəri təşkil olunub. Dəyirmi masalarda ekspertlərin iştirakı ilə müzakirələr keçirilib, erməni separatizminin, erməni terrorunun təkcə Azərbaycan xalqına, türk dünyasına deyil, bütün bəşəriyyətə təhlükə olduğu əsaslandırılıb. Dərc edilən materiallarda, sayta yerləşdirilmiş fotosənədlərdə erməni vandalizmi ifşa edilib, "erməni soyqırımı"nın olmadığı, soyqırımın əslində türklərə, azərbaycanlılara qarşı həyata keçirildiyi bildirilib. Baş redaktor müavini layihə çərçivəsində KİV təmsilçiləri arasında yazı müsabiqəsinin keçirildiyini də bildirib.