.jpg)
"Kino kompleksinin inşasına yaradılan problemlər Azərbaycan qanunvericiliyi ilə həllini tapmasa, işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacam". Kinematoqraflar İttifaqının sədri Rüstəm İbrahimbəyov "Media forum" saytına açıqlamasında belə deyib.
Bu ilin mart ayında Rüstəm İbrahimbəyovun rəhbərliyilə Bakıda "Kino Evi-Kinofestival Mərkəzi-Beynəlxalq Kino Məktəbi" kompleksi layihəsinin inşasına başlandığı açıqlanıb. Lakin Dövlət Neft Şirkəti tikinti gedən ərazinin özünə məxsus olduğunu bildirib, həmin ərazidən mədən borusunun keçdiyini bildirib və tikintinin qanunsuz aparıldığını iddia edib. Hazırda hər iki tərəfin şikayətinə məhkəmədə baxılır.
Rüstəm İbrahimbəyov "Media forum"a açıqlamasında kino kompleksinin tikilməsi fikrindən heç bir halda daşınmayacağını vurğulayıb: "Məhkəmə davam edir. Dövlət Neft Şirkətinin iddiasının heç bir əsası yoxdur. Onlar torpaqları hələ sovet vaxtında istifadəyə götürdüklərini və həmin ərazidə bir neft buruğu olduğu üçün tikintinin qanunsuz olduğunu bildirirlər. Biz də torpağın bizə məxsus olması ilə bağlı bütün sənədlərin düz olduğunu bilirik və bu işin hüquqi müstəvidə həllini tapmasını istəyirik. Çünki Azərbaycanın Torpaq Məcəlləsinə əsasən, yalnız əlində Dövlət Torpaq Komitəsinin (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) ayırdığı sahənin kadastr planı olan və dövlət reyestrindən keçən şəxs torpağın sahibi sayıla bilər. Bu sənədlərin hamısı bizdə var və qüvvədə olan qanunvericiliyə görə, Dövlət Neft Şirkətinin bu torpağa iddia etməyə heç bir hüququ yoxdur". "Kino Evi-Kinofestival Mərkəzi-Beynəlxalq Kino Məktəbi" kompleksi layihəsinin smeta dəyəri 20 milyon manatdan artıqdır. 14 min kvadratmetrə yaxın sahədə tikilməsi nəzərdə tutulan kompleksdə, plana görə, 500 nəfərlik kinokonsert zalı, dünya kinosu muzeyi, sərgi salonları, yaradıcılıq emalatxanları, restoran, təntənəli mərasimlər üçün banket zalı və kiçik mehmanxana olmalıdır.