ABŞ-ın Bakıda keçirdiyi budəfəki İstiqlaliyyət bayramında hökumət adından Samir Şərifov çıxış etdi
.jpg)
Srağagün ABŞ səfirliyində iyulun 4-də bu ölkədə qeyd olunan Müstəqillik Günü münasibətilə qəbul keçirilib. İyulun 4-də ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərilə əlaqədar qəbulun vaxtı dəyişdirilib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq toplaşanlar qarşısında çıxış edərək deyib ki, iki ölkə arasında çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq mövcuddur.
"Həm ABŞ, həm də Azərbaycan azadlığın xeyrinə seçim edib və bu seçim Azərbaycan xalqının müstəqil, dinc mütərəqqi gələcəyini təmin edəcək" - Stirlinq vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Azərbaycanda siyasi və iqtisadi islahatları dəstəkləyir. "Amerika bundan sonra da təhlükəsizliyin təminatında, müstəqilliyin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında Azərbaycanı dəstəkləyəcək".
Diplomat qlobal təhlükəsizliyin təminatında və terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirib. Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan-Amerika münasibətlərinin strateji xarakter daşıdığını qeyd edib. Qarabağ nizamlanmasına toxunan Şərifov münaqişənin həllində ABŞ-ın və ümumilikdə beynəlxalq birliyin səylərinin canlandırılmasının vacibliyini bildirib.