Balakən Aviasiya Mərkəzində 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb
Azərbaycanın tarixində ilk dəfə olaraq 12 yaşlı qız paraşütlə tullanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Aviasiya Mərkəzinin rəisi, polkovnik-leytenant Məhyəddin Süleymanov məlumat verilib.
Onun sözlərinə görə, dünən Balakən Aviasiya Mərkəzində sınaq uçuşları və yeniyetmələr arasında paraşütlə tullanma yarışı keçirilib. Yarışlarda iştirak edən yeniyetmələrə Balakən Aviasiya Mərkəzində bir ay müddətində təlim və tədris kursları keçirilib. Yarışda 12-17 yaş arasında 7 yeniyetmə gənc iştirak edib.
Yarış iştirakçıları 1200 metr hündürlükdən ilk dəfə paraşütlə tullanaraq sərbəst şəkildə yerə enib. Yarışda iştirak edən 12 yaşlı Balakən rayonu, Tülü kənd sakini Abdullayeva Nigar Azad qızı daha çox diqqəti cəlb edib. 12 yaşlı qızın 1200 metr hündürlükdən sərbəst şəkildə tullanması Azərbaycan və MDB tarixində ilk hadisədir.
Yarışlarda, həmçinin, 14 və 17 yaşlı Leyla və Türkan Əliyeva bacıları iştirak edib. Onlar da ilk dəfə 1200 metr hündürlükdən paraşütlə tullanaraq sərbəst şəkildə yerə enə bilib.