Bakıda ADNA terrorunun əsas təşkilatçısı olan erməni Qumaşyan barədə Gürcüstan prokurorluğu susur
.jpg)
Gürcüstan Prokurorluğu Azərbaycan Dövlət Neft Akademiyasında terrorun sifarişçisi olduğu bildirilən erməni Mardun Qumaşyanla bağlı sualları cavablandırmır.
2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər mühakimə olunur - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Amirov və Nəcəf Süleymanov. İttiham aktına görə, bu şəxslər və Fərda Qədirov terroru Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviçin sifarişilə hazırlayıb. 2010-cu il aprelin 30-da Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Mardun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələrilə axtarışdadır. Bundan az sonra "Yeni Müsavat" qəzetinin yazarı Tofiq Yaqublu Marneuli rayonunun Şulaver kəndinə gedərək Mardun Qumaşyanın evində olub. Qəzetin 12 may sayına açıqlama verən Qumaşyan Azərbaycan Dövlət Neft Akademiyasındakı terrora heç bir dəxli olmadığını deyib. "Media forum" saytı may ayında Gürcüstan Prokurorluğuna yazılı sorğu ilə müraciət edib. Sayt prokurorluğa bu sualları ünvanlayıb: "Azərbaycanın hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşı Mardun Qumaşyanı məsuliyyətə cəlb etmək üçün Gürcüstan Respublikası Prokurorluğuna rəsmi müraciət edibmi? Edibsə, bu yöndə Gürcüstanda hansı araşdırmalar aparılıb? Mardun Qumaşyan dindirilibmi? Dindirilibsə, dindirmənin nəticələri nəyi göstərib?" Sorğuya cavab verilmədiyi üçün iyun və iyul aylarında prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinə dəfələrlə müraciət olunub. Hər dəfə şöbədən saytın əməkdaşına bir cümləlik açıqlama verilib: "Sorğunuz baş prokurora və onun müavininə çatdırılıb".