.jpg)
Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Baksan Hidroelektrik Stansiyasında terror aktı baş verib.
APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, iyulun 21-də yerli vaxtla saat 04.20-də iki nəfər stansiyaya daxil olaraq mühafizə xidmətinin 2 əməkdaşını qətlə yetirib. Onlar stansiyaya partlayıcı qurğular yerləşdirib. İlk partlayış saat 05.20-yə yaxın, ikinci partlayış isə saat 06.00-da baş verib. İkinci partlayışdan sonra hidrogeneratorların birində yanğın başlayıb. Terrordan sonra Baksan Hidroelektrik Stansiyasının fəaliyyəti dayanıb. İnsident zamanı idarənin 2 əməkdaşı yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və elektriklər göndərilib. Stansiyada daha bir neçə partlayıcı qurğunun aşkarlandığı bildirilir.
Kabardin-Balkarın hüquq-mühafizə orqanları partlayışlar nəticəsində 3 hidrogeneratordan ikisinin zədələndiyini açıqlayıb. "RusQidro" şirkətindən isə deyiblər ki, hadisə zamanı stansiyanın hidrotexniki qurğularına zərər dəyməyib, sadəcə, maşın zalı zədələnib.
Qeyd edək ki, Baksan Hidroelektrik Stansiyası 1930-1936-cı illərdə inşa olunub. Stansiyada orta hesabla ildə 108 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilir.
Hücum edən terrorçuların sayı 4-ə qədər olub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Milli Antiterror Komitəsindən bildiriblər. Komitədən deyiblər ki, artıq şübhəli şəxslərin dairəsi müəyyənləşdirilib.