Sumqayıt Nəqliyyat Departamentinin sabiq rəisi həbs oluna bilər
Qəhrəman Hacıyev barədə araşdırmaların başlandığı deyilir
Nəqliyyat Nazirliyinin Sumqayıt şəhər Nəqliyyat Departamentində araşdırmalar başlanıb. "OLAYLAR"ın məlumatına görə, araşdırmalar departamentin sabiq rəisi Qəhrəman Hacıyevin fəaliyyət dövrünü əhatə edir. Mənbənin dediyinə görə, Nəqliyyat Nazirliyi Qəhrəman Hacıyevin fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxil olan materiallar əsasında Qəhrəman Hacıyevin fəaliyyətinin təftişinə başlanıb. Mənbə deyir ki, məsələdən xəbər tutan Qəhrəman Hacıyev əvvəlcə əlaqələrindən istifadə edərək hüquq- mühafizə orqanları ilə danışıqlar aparmaq istəsə də, cəhdi baş tutmayıb. Artıq onun fəaliyyətilə bağlı araşdırmalar başlanıb. Məlumata görə, hüquq-mühafizə orqanlarına təqdim olunan materiallar hətta Qəhrəman Hacıyevin həbsilə nəticələnə bilər. Məlumatda qeyd edilir ki, Qəhrəman Hacıyev həbsdən yayınmaq üçün Azərbaycanı tərk etmək istəyir.
Qeyd edək ki, Qəhrəman Hacıyev bir neçə gün öncə tutduğu vəzifədən azad edilib. Onunla yanaşı, departamentin bir neçə vəzifəli işçisi də işdən azad edilib.