Qobustanda ölmüş dustağın daxili orqanlarının oğurlanması xəbərinə düzəliş edildi
.jpg)
"Yeni Müsavat" qəzetinin 21 iyul 2010-cu il tarixli sayında "Qobustanda ölən dustağın daxili orqanları oğurlanıb" başlıqlı məqalədə göstərilən faktlar təsdiqini tapmır.
Qəzetdə Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan qəsəbəsində yerləşən həbsxanasında cəza çəkən Əhmədov Neman Qəzənfər oğlunun xəstəlikdən vəfat etməsilə əlaqədar onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsində qohumları tərəfindən qəbul edilərkən mərhumun daxili orqanlarının yerində olmaması barədə informasiya dərc olunub.
Məsələ ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru, professor Şakir Musayev Milli.Az xəbər portalına açıqlamasında həqiqətə uyğun olmayan və reallığa söykənməyən belə bir informasiyanın mətbuatda yer almasından təəssüfləndiyini bildirdi. Onun sözlərinə görə, həmin məqalədə dərc olunanlar sensasiya xatirinə, peşə etikasına riayət edilmədən və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət etməklə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nüfuzuna kölgə salmağa xidmət edir.
"Göstərilənlərlə əlaqədar bildiririk ki, iyulun 10-da qeyd edilən həbsxananın 6-cı rejim korpusunun 180 saylı hücrəsində saxlanan 30 yaşlı, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2 sentyabr 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələrilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Neman Əhmədovun ölməsi barədə Qaradağ Rayon Prokurorluğunun böyük müstəntiqi H.Məmmədovun qərarı əsasında 10 iyul 2010-cu il tarixdə N.Əhmədovun meyitinə müstəntiq H.Məmmədovun, həbsxana əməkdaşlarının, Birliyin Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı meyitin bədən səthində xəsarət və ya xəsarət izləri aşkar edilməyib və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit daxili müayinə olunması üçün Birliyin Qaradağ rayon şöbəsinə göndərilib. Müayinə zamanı mərhumun bədənində hər hansı bir xəsarət və ya keçirilmiş tibbi müayinə (manipulyasiya) izləri aşkar edilməyib. Meyitin müayinəsi qüvvədə olan "Təlimat"a uyğun olaraq tam şəkildə aparılıb, fotoşəkilləri çəkilib və ilkin olaraq ölümün kəskin ürək-qan damar çatışmazlığından baş verdiyi müəyyən edilib. N.Əhmədovun ölümünün səbəbinin dəqiqləşdirilməsi məqsədilə əlavə laborator tədqiqatlara - məhkəmə-kimyəvi və tibbi-bioloji müayinələrə meyitdən iki flakon duru qan və məhkəmə-histoloji tədqiqat üçün daxili üzvlərdən tikəciklər götürülərək müvafiq laboratoriyalara göndərilib. Müayinənin sonunda tədqiq olunmuş daxili üzvlər kompleksi meyitin daxili boşluğunda yerləşdirilərək anatomik tikilib və mövcud qaydalara uyğun olaraq dəfn üçün mərhumun qohumlarına təhvil verilib" - deyə Ş.Musayev əlavə edib.