Müsavat Partiyası meyiti ermənilərdə girov saxlanan Milli Ordunun giziri Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsini istəyir
Müsavat Partiyası Milli Ordunun şəhid olmuş giziri Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsi təşəbbüsü ilə çıxış edib.
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat rəhbərliyi bununla bağlı bəyanat qəbul edib. M.İbrahimovun ermənilər tərəfindən qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması ilə bağlı narahatlığını ifadə edən Müsavat erməni tərəfinin hələ də, öz məkrli siyasətinə uyğun olaraq, M.İbrahimovun cəsədini qaytarmaqdan imtina etməsini pisləyib.
Qeyd edək ki, iyun ayının 19-da ermənilər atəşkəsi pozaraq Azərbaycan Ordusunun Tərtər rayonunun Çaylı kəndindəki postuna iriçaplı silahlardan atəş açıblar. Orada xidmət edən Milli Ordunun 22 yaşlı giziri M.İbrahimov onları cavab atəşilə susdurmağa çalışıb. Çoxlu sayda düşmən əsgərini öldürən M.İbrahimov özü də düşmən gülləsinə tuş gəlib.