QAT Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən Mübariz İbrahimovun meyitini tələb etdi
.jpg)
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü şəhid gizir Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələbilə dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi qarşısında aksiya keçirib.
APA-nın məlumatına görə, iştirakçılar bu qurumun Bakı nümayəndəliyinin bağlanması tələbi ilə çıxış edib, əllərində "BQXK rədd olsun!" şüarları yazılmış plakatlar tutub. Aksiyanın sonunda BQXK-nin nümayəndəliyinin giriş-çıxış qapıları QAT üzvləri tərəfindən zəncirlənərək qıfılla bağlanıb. Aksiya iştirakçıları bununla bu nümayəndəliyin Azərbaycanda fəaliyyətindən narazı olduqlarını, şəhid gizirin meyitini geri almaq üçün heç nə etmədiklərini və ona görə də onların fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyacın olmadığını bildiriblər.
Daha sonra Müdafiə Nazirliyinin qarşısına toplaşan QAT üzvləri "Qəhrəmanın cəsədini döyüşlə qaytarmalı!" şüarı səsləndirib. Müdafiə nazirinin müavini polkovnik Vaqif Məmmədov və mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu aksiya iştirakçılarının qarşısına çıxıb, nazirliyin bu istiqamətdə gördüyü işlərlə bağlı məlumat verib. QAT üzvləri hələ də nəticənin olmamağından narazılığını bildirib, konkret və qətiyyətli tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, bu il iyunun 18-də cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun meyiti erməni əsgərləri tərəfindən götürülüb və geri qaytarılmayıb.