.jpg)
Şamaxı rayonunun Quşçu kənd sakini Hacıağa Hacıyev dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda keçirilən mətbuat konfransında qardaşının 13 yaşlı nəvəsinin zorlanması faktının təhqiqatını əsassız olaraq uzadan rayon prokurorluğunun fəaliyyətsizliyindən şikayət edib.
Onun sözlərinə görə, qızı ötən ilin oktyabrında həmkəndliləri, 20 yaşlı Qasım Cəbrayılov zorlayıb. Oğlanın valideynləri barışıq məqsədilə onu qızla nişanlamağa, yetkinlik yaşına çatdıqda isə toy etməyə söz veriblər.
Lakin onlar bu vədlərinə əməl etməyib və Cəbrayılov qızla ailə qurmaqdan imtina edib. Bundan sonra qızın valideynləri hüquq-mühafizə orqanlarına şikayət verib. Lakin rayon prokurorluğu istintaqı uzadır və təqsirkarı məsuliyyətə cəlb etməkdən imtina edir. Hacıyevin sözlərinə görə, rayon prokuroru Fizuli Musayev tamah məqsədilə işi ört-basdır etmək istəyir. Respublika orqanlarına şikayətlər nəticə vermir.
Hacıyev bildirib ki, günahkar dövlətin qanunlarına görə cəzalandırılmasa, onu "qan qisası" ənənəsilə cəzalandırmaqdan başqa yol qalmayacaq.
Quşçu kəndinin digər sakini Alışan Zülfüqarov da qardaşı, 30 yaşlı Şirvani Zülfüqarovun müəmmalı ölümü ilə bağlı işi ört-basdır etməyə çalışan rayonun hüquq-mühafizə orqanlarından şikayət edib. A.Zülfüqarov hesab edir ki, qardaşı 2010-cu il iyunun 20-nə keçən gecə zəhərlənmə nəticəsində vəfat edib. Onu mirasla bağlı aralarında olan mübahisəyə görə digər ailə zəhərləyə bilərdi. Lakin nə polis, nə də prokurorluq Ş.Zülfüqarovun müəmmalı ölüm faktını araşdırmaq istəyir.