BP şirkətinin illər boyu yığdıqları tar-mar olur
Şirkət aktivlərin kütləvi satışına başlayıb
Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş vermiş zərərin ödənilməsi üçün Pakistan və Vyetnamdakı hasilat aktivlərini satacaq.
"APA-Economics"in "BBC"yə istinadən verdiyi məlumata görə, aktivlərin alıcısının adı hələ açıqlanmayıb.
Bundan başqa, BP ümumi dəyəri 7 mlrd. ABŞ dolları təşkil edən aktivlərini "Apache Corporation"a satacaq. Bu aktivlər Texas və Nyu-Mexikoda dəyəri 3,1 mlrd. dollar, Kanadada 3,25 mlrd. dollar və Misirdə 650 mln. dollar olan qaz yataqlarına aiddir.
Bundan öncə BP şirkəti Meksika körfəzində baş vermiş qəzanı aradan qaldırmaq üçün 10 mlrd. dollarlıq aktivlərini satacağını bildirmişdi. Şirkət artıq ekoloji fəlakətin nəticələrini aradan qaldırılması üçün 4 mlrd. dollar xərcləyib.
Eyni zamanda, BP şirkəti 4 il ərzində Fəlakətin nəticələrinin aradan qaldırmaq üçün xüsusi fonda 20 mlrd. dollar köçürmə olacaq. BP Vaşinqtona 18 mlrd. dollar həcmində cərimə ödəməli olacağı da istisna deyil.
Bununla yanaşı, BP Meksika körfəzində neftin hər axıdılmış barrelinə görə 4,3 min dollar ödəməli olacaq.