Türkiyə parlamentində NATO qrupunun rəhbəri də müvəqqəti sərhəd açılımını inkar etdi
Vahid Ərdəm: "Ermənistandakı təlim üçün NATO-nun Türkiyə ərazisindən istifadəsi mümkün deyil"
"Ermənistanda keçirilməsi nəzərdə tutulan təlimdə NATO-nun Türkiyə ərazisindən istifadəsi mümkün deyil". Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisi NATO qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Vahid Ərdəm deyib.
O, Türkiyə Xarici İşlər Nazirliyinin də bu iddianı təkzib etdiyini xatırladıb: "NATO-nun Ermənistandakı təlimə silah-sursat aparmaq üçün bizə təzyiq göstərəcəyini zənn etmirəm. Bizim sərhədimiz bağlıdır. Başqa kanallardan Türkiyə, təbii ki, NATO-ya dəstək verə bilər. Ancaq sərhəd bağlı olduğuna görə NATO-nun da bu məsələdə təkid edəcəyinə inanmıram. Sərhədin qısa müddətdə açılması üçün hazırlıqlar yoxdur. Türkiyənin bu məsələ ilə bağlı qərarı da yoxdur".
V.Ərdəm, TBMM NATO qrupunun rəhbəri kimi, ona alyansdan bu məsələ barədə heç bir məlumat gəlmədiyini söyləyib: "NATO-nun bu məsələ ilə əlaqədar hökumətə müraciət edib-etmədiyinə dair də məndə məlumat yoxdur".