İsrail öz vətəndaşları üçün Türkiyə qadağasını nisbətən yumşaltdı
İsrail artıq vətəndaşları üçün Türkiyənin təhlükəli olmadığını bəyan edib. Lent.az-ın Türkiyənin "NTV" telekanalına istinadən verdiyi məlumata görə, mayın 31-də "Mavi Mərmərə" gəmisinə hücumdan sonra vətəndaşlarını təhlükəli olması səbəbindən Türkiyəyə getməməyə çağıran İsrail hökuməti təhlükənin aradan qalxdığı qənaətindədir. İsrail Baş Nazirliyinin nəzdindəki Terrorla Mübarizə Şöbəsindən verilən açıqlamada qeyd olunur ki, Türkiyədə İsrail əleyhinə aksiyaların keçirilməməsi və sabitliyin bərqərar olması səbəbindən səyahət xəbərdarlığı ləğv edilib. Bununla belə, İsrail vətəndaşlarına yenə də Türkiyədə siyasi aksiyalar keçirilən yerlərdən uzaq durmaq və siyasi mübahisələrə qatılmamaq tövsiyə olunub.