.jpg)
PKK yaraqlılarının liderlərindən olan Murad Karayılan silahdaşlarına silahı yerə qoymaq göstərişi verə bilər.
Bunu Karayılan özü bildirib. Lakin o, yaraqlıların tərk-silah edilməsi üçün Ankaranın bəzi şərtlərə əməl etməsinin vacibliyini söyləyib. "Biz Ankaradan elan etdiyimiz barışığa dəstək, ordunun əməliyyatlarının dayandırılmasını və kürd siyasətçilərin təqibinə son qoyulmasını gözləyirik" - deyə o qeyd edib.
Murat Karayılan deyib ki, daha geniş siyasi və mədəni hüquqlar verildiyi təqdirdə PKK BMT nəzarəti altında silahları yerə qoya bilərdi. "Məsələ demokratik şəkildə, dialoq vasitəsilə çözülsə, biz silahları yerə qoymağa hazırıq" - deyə PKK lideri bildirib.
İraq Kürdüstanında kürd liderilə görüşən BBC müxbiri Gabriel Gatehouse xəbər verir ki, qrupla razılıq əldə olunsa, bu, 26 il davam edən qanlı münaqişəyə son qoya bilərdi.
Bununla belə, Türkiyə hökuməti Karayılanın bu sözlərinə cavab olaraq terrorçuların çıxışlarını şərh etməyə adət etmədiyini bəyan edib.
Qeyd edək ki, son zamanlar Türkiyənin çənub-şərq bölgələrində PKK döyüşçülərilə hökumət qüvvələri arasında toqquşmaların sayı artıb.
PKK-nın Türkiyəyə qarşı apardığı partizan müharibəsi, 25 ildir ki, davam edir. Təqribən 40 min insan bu müharibənin qurbanı olub.
PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır.