Bəybala Əbil: "Görkəmli insanların müxalifət siyahısında olması prosesə müsbət mənada çox şey gətirir"
Nurəddin Məmmədli: "Xalq arasında sayılıb-seçilən insanlar bizə müraciət etsə..."
.jpg)
Seçkilər yaxınlaşdıqca siyasi təşkilatlar prosesdə iştirakla bağlı taktikasını da müəyyənləşdirir. Partiyalardan bəziləri prosesə təkbaşına, digərləri özlərinə yaxın siyasi qüvvələrlə əməkdaşlıq şəraitində qoşulur. Bu zaman partiyalar, bir çox hallarda bitərəflərin, tanınmış ziyalıların da nüfuzundan istifadə edərək, onları da öz təşkilat və bloklarına cəlb edir.
Tanınmış, cəmiyyətdə çəkisi olan müstəqil namizədlərin siyasi təşkilatlar daxilində seçkilərə qoşulması həmin partiyalara əksər hallarda başucalığı gətirir. Amma deyəsən, təzə sədrinə yenicə qovuşmuş AMİP müstəqil namizədlərlə bağlı məsələdə tamam fərqli mövqedədir. Belə ki, təşkilatın mətbuat və təbliğat katibi Əli Orucovun fikrincə, müstəqillər AMİP sıralarında seçkilərə gedərkən onların partiyaya nə verəcəyi də nəzərə alınmalıdır: "Parlament seçkilərində AMİP-in adından seçkilərə qatılacaq müstəqil şəxslər qarşılıqlı olaraq partiyaya nə verəcəklərini də düşünməlidir". Partiya katibi bildirib ki, bəzi müstəqil şəxslər seçkilərə AMİP-in namizədi kimi qatılmaq üçün onlara müraciət edib: "Təcrübədə başımıza gəlib, ötən parlament seçkilərində AMİP-in irəli sürdüyü Əli Məsimov və Vahid Əhmədov parlamentdə təmsil olundu. Amma onların bu təmsilçiliyi AMİP-ə heç nə vermədi. Biz komissiyalardan kənarda qaldıq. Bu dəfə belə namizədlər irəli sürülərsə, bizim onlardan müəyyən istəyimiz, təmənnamız olacaq. Bu təmənna ondan ibarətdir ki, onlar partiyaya köməklik göstərməlidir. Ən azından, partiyanın maraqlarını müdafiə etməli, partiya proqramının həyata keçirilməsi üçün çalışmalıdırlar. Belə olsa, həmin namizədləri dəstəkləyə bilərik".
Siyasi təşkilatların öz daxilində seçkiyə gedən bitərəflərə münasibətdə belə taktika yürütməsi heç də yenilik deyil. Belə hallara demokratik ölkələrin praktikasında çox rast gəlinib. Bununla müstəqillərə dəstək verəcək partiya, həmin namizəd seçiləcəyi təqdirdə, parlamentdə fəaliyyəti dönəmində təşkilatın maraqlarını da qorumağı onun qarşısına məsuliyyət kimi qoyur. Partiyaların belə taktika yürütməsi başadüşüləndir. Çünki siyasətdə bu və ya digər dəstək elə belə verilmir. Amma bununla belə, Azərbaycan müxalifətinin indiki durumunda onların müstəqil namizədlərə münasibətdə belə taktika sərgiləməsi heç də uğurlu sayıla bilməz. Hazırda müxalifətin sosial bazası zəifdir. Bu səbəbdən onların proseslərə təsir imkanlırı da yox dərəcəsindədir. Ona görə də, indiki halda bitərəf ziyalıların belə müxalifətlə əməkdaşlığa getməyə marağı, demək olar ki, sıfır səviyyəsindədir. Belə bir vəziyyətdə seçkilərdə namizədliyini verən hər hansı bir tanınmış müstəqil şəxsin siyasi təşkilatdan dəstək istəməsi müxalifət üçün göydəndüşmə olardı. Lakin AMİP-in bunun müqabilində onlardan hansısa təmənna güdməsi, istər-istəməz, həmin şəxsləri bu partiya ilə əməkdaşlıqdan çəkindirə bilər. Bir daha qeyd edirik ki, müxalifətin indiki durumunda onların müstəqil namizədlərə daha çox ehtiyacı var, nəinki ikincilərin birincilərə. Ona görə də, AMİP-in sözügedən məsələdə tutduğu mövqe indiki dönəm üçün heç də uğurlu variant sayıla bilməz. Bu mövqe müstəqillərin müxalifətdən daha da uzaqlaşması ilə nəticələnər. Həmin səbəbdən də sözügedən taktikanın hansısa effekt verəcəyini gözləməyinə dəyməz.
KXCP sədrinin müavini Bəybala Əbil də bu fikirdədir ki, AMİP-in həmin məsələdə sərgilədiyi taktika heç də doğru yanaşma deyil: "Hər hansı bir görkəmli, tanınmış ziyalı bu və ya digər partiyanın siyahısına düşürsə, o təkcə öz adı ilə həmin təşkilata müsbət mənada nəsə gətirir. Prinsipcə, hər hansı partiyanın Azərbaycanın bugünkü günündə təkcə sırf öz üzvlərinin siyahısı ilə seçkiyə getməsi o qədər də məqbul deyil. Hazırda çalışırıq ki, bütövlükdə müxalifət, ziyalı təbəqəsi, rejimin fəaliyyətindən narazı olan xalq kütlələrinin təmsilçiləri həmin namizədlər siyahılarında təmsil olunsun. Bu zaman onların təşkilata nə gətirib-gətirməyəcəyi önəm daşımamalıdır. Görkəmli insanların müxalifət siyahılarında olmasının özü, onların adları həmin prosesə müsbət mənada çox şey gətirir. Belədə, həmin siyahılar ümumxalq siyahısına çevrilə bilər. Məsələyə yalnız bu baxımdan yanaşmaq lazımdır. Digər mənalarda isə müstəqil ziyalılara olan münasibəti qəbul edə bilmirəm".
AXCP sədrinin müavini Nurəddin Məmmədli də tanınmışlardan təmənna ummağı lazım bilmir: "Hər bir partiyanın proseslərə öz siyasi xətti, hadisələrə müxtəlif münasibəti var. Ona görə də başqa partiyaların bu səpkidə mövqeyinə hörmətlə yanaşıram və ona hər hansı bir şərh vermək istəməzdim. Sadəcə olaraq, öz adımdan partiyamız haqqında deyə bilərəm ki, ictimai nüfuzu olan, xalq arasında sayılıb-seçilən insanlar bizə müraciət etsə, onları təmənnasız olaraq öz siyahımıza daxil etməyə hazırıq. Hazırkı məqamda belə insanlar var. Həmin insanlara şərait yaradılmasını aktual, ciddi problem kimi görürük və bu kimi məsələləri həll etməyə çalışırıq. Digər partiyaların bu məsələyə münasibəti isə onların öz işidir. Ona görə bu barədə hər hansı bir formul təklif etmək fikrindən uzağam".