Mailə Muradxanlısız mətbuatın ilk bayramı...
.jpg)
Yaşasaydı, Milli Mətbuat Gününü bizimlə birgə qeyd edəcəkdi Mailə Muradxanlı. Mətbuatımızın 135 yaşının tamam olduğu gün respublikanın əməkdar jurnalisti, tanınmış qələm sahibi, onlarla jurnalist kadrın yetişməsində əhəmiyyətli rol oynamış Mailə Muradxanlının vəfatının 40 günü tamam olur.
Ölümdən yaxa qurtara bilsəydi, hamı kimi o da bu günün sevincini, həyəcanını yaşayacaqdı. Ruhların əbədi yaşadığına inanırıqsa, onda deyə bilərik ki, M.Muradxanlı ruhən bu günü bizimlə paylaşır.
Qırx gün özünü ildırım sürətilə yetirdi. M.Muradxanlının yoxluğuna inanmaq istəməsək də... təəssüf ki, bu acı həqiqətdir. Mailə xanımın 40 mərasiminə gələnlərin əksəriyyəti onun özünün qəfil içəri girəcəyi ümidilə qapıya boylanırdı. Mailə xanım qonaq-qaranı çox sevərdi, qohumları demiş, "çörək verən idi" o. Evinə gələn adamı yedirdib-içirməmiş yola salmazdı. Tanınmış bəstəkar-dramaturq Ruhəngiz Qasımova deyirdi ki, nə qədər qadının bişirdiyi şəkərçörəyini dadıb, amma Mailə xanımın bişirdiyi şəkərçörəyi kimi ləzzətlisini görməyib.
Tələbələri də gəlmişdi 40 mərasiminə Mailə xanımın. Hər kəsin gözlərində yaş vardı. Əzizləri deyir ki, M.Muradxanlının oğlu Elxan Cəfərov özünün ilk tammetrajlı bədii filmini çəkir. O həmişə Mailə xanıma deyirmiş ki, ana, birinci filmimi sənin 70 illik yubileyinə ithaf edəcəyəm. Amma nə filmi anasının yubileyinə həsr eləmək Elxana qismət oldu, nə də oğlunun böyük işinə sevinib fərəhlənmək anaya nəsib oldu. Elxanın bu filmi anasının ruhuna ithaf edəcəyi güman edilir.
40 ildən artıq qəzet, radio və televiziya jurnalistikasında, ədəbiyyat sahəsində böyük zəhmət çəkmiş M.Muradxanlı efir aləminin sonuncu nəhənglərindən biri kimi tərk elədi dünyanı. Özündən sonra böyük məktəb qoyub getdi yer üzündə. İndi göylərdir məkanı onun. Ordan yer, torpaq, insanlar yaxşı görünür axı.
Yaxınlarından biri bu günlərdə Mailə xanımı yuxuda görüb. Mailə xanım ona deyib ki, niyə mənim evimə mebel almırsınız, evim bom-boş görünür.
Əlavə edib ki, siz mebeli alıb, qapının ağzına qoyun qalanını özüm yerləşdirərəm. Sonra da ona əl edib, gülə-gülə pilləkənlərlə düşüb açıq qapıdan içəri daxil olaraq yox olub. Mailə xanım "mebel" söhbətilə nəyi nəzərdə tutub? Demək çətindir. Amma hiss olunur ki, o nədənsə narahatdır, nigarandır. Nəvə toyu görə bilmədi, övladlarından doymadı o. Heç övladları da ondan doymadı.
İyulun 22-də balaları, yaxınları M.Muradxanlının Maştağa qəbristanlığındakı məzarını ziyarət edəcək. Canını, gəncliyini həsr elədiyi mətbuatın bayramında yad olunacaq M.Muradxanlı. Əziz həmkarımız, böyük müəllimimiz, sevimlimiz Mailə xanım, mətbuat gününüz-bayramınız mübarək! Əminik ki, bu günü Siz də bizimlə birgə hiss edib yaşayırsınız. Ruhlar bu dünyanı heç vaxt tərk eləmir axı!