Diktator Nikolae Çauşeskunun və həyat yoldaşının məzarlarını açdılar
Rumıniyanın keçmiş diktatoru Nikolae Çauşesku və onun həyat yoldaşı Yelena Çauşeskunun məzarları açılıb.
APA-nın AFP-yə istinadən xəbərinə görə, Çauşeskuların mərhum qızı Zoyanın həyat yoldaşı Mirça Opran əvvəllər Buxarestin Qença rayonundakı hərbi qəbiristanlıqda olan məzarlarda dəfn olunanların Çauşeskular olduğunu təsdiqləmək üçün DNT ekspertizasının keçirilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, Nikolae Çauşesku Rumıniya KP MK-nın birinci katibi olaraq ölkəni 1965-ci ildən idarə edib. 1974-cü ildən həm də Rumıniyanın prezidenti və baş naziri olub. 1972-ci ildən Rumıniya KP MK-nın üzvü olan Yelena Çauşesku isə 1980-ci ildən baş nazirin birinci müavini olub.
Çauşesku rejimi 1989-cu ilin dekabrında devrilib. Buxarestdən qaçan diktator və xanımı üsyançı hərbçilər tərəfindən yaxalanıb. 25 dekabr 1989-cu ildə keçirilən və Rumıniya televiziyası ilə yayımlanan qısa müddətli məhkəmə prosesində Çauşeskular soyqırımda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Hökm dərhal yerinə yetirilib.