ABŞ-ın Türkiyədəki yeni səfiri 1915-ci il hadisələrini "soyqırım" adlandırmaqdan imtina etdi
.jpg)
"Türkiyə ilə Ermənistan arasında yaxınlaşma Qafqaz regionunda sabitliyi və inkişafı daha da sürətləndirəcək".
Bu sözləri ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri Frensis Jozef Rikkardon (Francis Joseph Ricciardone) Senatın Xarici Əlaqələr Komitəsinin iclasında deyib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, F.J.Rikkardon 1915-ci il hadisələrini "soyqırım" (genoside) adlandırmaqdan imtina edərək, bu olayları qətliam (massacre) kimi qiymətləndirib: "Türk və erməni millətləri birlikdə daha güclü olacaq, çünki onlar öz ümumi tarixlərini qəbul edir və ümumi insanlığı tanıyırlar". Ermənipərəst senator Robert Menendez Türkiyənin 1915-ci il hadisələrinə yönəlik siyasətini və Ermənistanla, həmçinin Kiprlə normallaşma prosesini necə idarə edə biləcəyini soruşub. Yeni səfir Türkiyə və Ermənistan hökumətlərinin 10 oktyabr 2010-cu ildə Sürixdə imzaladığı tarixi protokolları alqışladıqlarını vurğulayıb: "Hər iki ölkə əlaqələri normallaşdırmaq istəyini dəfələrlə açıq-aşkar bəyan edib. Birləşmiş Ştatlar protokolları ratifikasiya etməsi üçün Türkiyəyə təzyiq göstərməyə davam edəcək. Biz türklər və ermənilər arasında anlaşma yaradan proqramları dəstəkləyəcəyik". Diplomat qeyd edib ki, Türkiyədəki fəaliyyəti zamanı Kipr, Erministan, İran, İsrail və Əfqanıstan məsələləri onun diqqət mərkəzində olacaq. Regional inkişafdan söhbət açan Rikkardon bildirib ki, ABŞ Türkiyə və Azərbaycan arasında imzalanmış qaz satışı və tranzitinə dair razılaşmanı alqışlayır: "Bu razılaşma Cənub dəhlizi üçün əsas yaratmaqda vacib mərhələlərdən biridir. Bu dəhlizə "Nabucco" qaz borusu, Türkiyə-Yunanıstan-İtaliya birləşdirici xətti və transadriatik qaz borusu daxildir. Türkiyə hər üç qaz xəttində inteqral tranzit rolunu oynayacaq. Dəhliz Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya gəlirini təmin edəcək, həmçinin Avropa ilə qarşılıqlı maraq əsasında uzunmüddətli tərəfdaşlıq yaradacaq. Bosfor boğazı ilə neftin təhlükəsiz ötürülməsi və BTC vasitəsilə neftin nəqlində - dünyanın enerji bazarında Türkiyə vacib rol oynayacaq". Səfir xatırladıb ki, 1990-cı illərdə ABŞ-la Türkiyə arasında yaranmış sıx əməkdaşlıq BTC-nin reallaşmasına kömək edib, indi isə hər iki ölkə Xəzər qazını Avropa bazarlarına çıxarmaq üçün birgə çalışır. İndianadan olan senator, Xarici Əlaqələr Komitəsinin həmsədri Riçard Luqar isə bəyan edib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, Türkiyə ABŞ üçün hələ də mühüm tərəfdaş olmaqda davam edir: "Bizim növbəti səfirimiz ABŞ-Türkiyə ittifaqının daha da güclənməsi üçün bütün imkanları səfərbər etməlidir. "Nabucco" layihəsinin tamamlanması enerji ehtiyatlarının bölüşdürülməsini təmin edərək Xəzər, Qafqaz və Avropa regionundakı millətləri birləşdirəcək". Sonda komitənin rəhbəri Con Kerri ümid etdiyini bildirib ki, Senat F.J.Rikkardonun təyinatını gələn həftələrdə təsdiqləyə bilər.