Azərbaycan və erməni diasporunun Metyu Brayza davası...
ABŞ Senatının bugünkü qərarı bu ölkədə erməni lobbisinin nəyə qadir olduğunu göstərəcək
.jpg)
Məlumat verildiyi kimi, bu gün ABŞ Senatının xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr keçiriləcək. Həmçinin komitədə, həmçinin, ABŞ-ın Bosniya-Herseqovina, İslandiya və Yunanıstana səfir postlarına namizədlərilə də bağlı dinləmələr baş tutacaq.
Bu arada isə Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı okeanın o tayında erməni və azərbaycanlı diasporu arasında qızğın bir qarşıdurma da yaşanmaqdadır.Belə ki, ABŞ-da ən böyük erməni lobbisi sayılan Amerika Erməni Milli Komitəsi (ANKA) yenidən Metyu Brayza barədə 7 səhifəlik sənəd hazırlayaraq Senatın xarici əlaqələr komitəsinə təqdim edib və senatorlar Brayzanın əleyhinə səsverməyə dəvət olunur. Senatın səsverməsi isə həlledici xarakter daşıyır. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq də bildirib ki, Metyu Brazyanın Birləşmiş Ştatların Azərbaycana səfir təyin edilməsilə bağlı son sözü Senat deyəcək: "ABŞ-ın Azərbaycadakı yeni səfirinin təyin edilməsilə bağlı ABŞ prezidenti Barak Obama Metyu Brayzanın namizədliyini irəli sürüb. Bizim konstitusiyaya uyğun olaraq isə namizədlik Senatda dinləmələrdən keçirilməlidir. İyulun 22-də ABŞ Senatının xarici əlaqələr komitəsi Metyu Brayzanın səfir təyin olunması ilə bağlı dinləmələr keçirəcək. Lakin onu da demək istəyirəm ki, Senat bunu təsdiqləməsə, Metyu Brayza səfir ola bilməyəcək. ABŞ-da yaşayan bir qrup erməni Metyu Brayzanın səfir təyin edilməsini tənqidlə qarşılamışdı. Bu isə normal bir haldır. Amma son sözü Senat deyəcək".
Qeyd edildiyi kimi isə, ermənilər Brayzanın ölkəmizdə səfir olmasını istəmir. Hələ onun namizədliyi irəli sürüləndən ermənilər bu şəxsə qarşı aktiv kampaniya aparır. Həmişəki kimi, erməni diasporu Brayzanın həyat yoldaşı Zeyno Baranın türkəsilli olmasını da burada xüsusi qabardır. Bundan öncə isə Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan bildirib ki, onlar əvvəllər də dövlət katibi köməkçisinin müavini və Dağlıq Qarabağ sülh prosesində Amerikanın nümayəndəsi kimi Brayzanın diplomatik fəaliyyətindən çox narahat olduqlarını bəyan ediblər: "Biz Senatın Xarici Əlaqələr Komitəsi və bütün Senatın Brayzanın fəaliyyətinə, onun çıxışlarına və təsdiqlənmə prosesində sorğulara cavablarına xüsusi diqqət yetirəcəyinə ümid edirik. Əvvəllər də qeyd etdiyimiz kimi, biz dövlət katibi köməkçisinin müavini və Dağlıq Qarabağ sülh prosesində Amerikanın nümayəndəsi kimi Brayzanın diplomatik fəaliyyətindən çox narahatıq".
Baş verənlər Azərbaycan diasporunu da hərəkətə gətirib. Belə ki, ABŞ-ın Azərbaycan diasporu Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri təyin olunması üçün dəstək kampaniyası keçirir.
Amerikanın Azərbaycan icmalarının fəallarına göndərilmiş Böyük Azərbaycan diasporu təşkilatı olan Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) məlumatında M.Brayzanın Amerikanın Azərbaycanda səfiri təyin olunması və "erməni lobbisinin Amerika-Azərbaycan münasibətlərinə xələl gətirmə cəhdlərinin qarşısının alınması" barədə Amerika senatorlarına müraciət etməyə çağırış əks olunub.
Brayza isə dəfələrlə bildirib ki, Azərbaycanda, ABŞ-ın partnyoru olan ölkələrdən birində işləmək istəyir.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri regiona və onun əsas problemlərindən biri sayılan Dağlıq Qarabağ münaqişəsinə yaxşı bələddir. Ekspertlərin fikrincə, bu məqam Ağ Evin onu Azərbaycanda səfir görmək istəyinin əsas səbəblərindən biridir.
Xatırladaq ki, Brayzanın namizədliyindən Azərbaycan rəsmiləri razı qalıb. ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi ötən ilin iyun ayından boşdur. Ağ Evin Azərbaycana səfir təyinatı məsələsində məhz Brayzanın üzərində dayanmasını alqışlayan yerli ekspertlər bildirir ki, əslində ABŞ-ın bir ilə yaxın Azərbaycana səfir təyin etməməsinin özü artıq geosiyasi münasibətlərə təsir edən bir elementə çevrilmişdi. Qonşu dövlətlərin əksəriyyəti bu faktoru ABŞ-ın Azərbaycana marağının azalması kimi dəyərləndirib, onu öz siyasətində nəzərə alırdı.
Bildirilir ki, bütün bunların sonunda Metyu Brayzanın səfir vəzifəsinə irəli sürülməsi vəziyyətin dəyişdiyindən xəbər verir. Qeyd olunduğu kimi, Brayza Azərbaycanı yaxşı tanıyır. Onun ölkənin ictimai-siyasi həyatında tanınan şəxslər arasında xeyli dostları, tanışları var. Eləcə də Brayzanın Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərlə çox gözəl münasibəti var. Ermənistan tərəfinin Brayzanın Azərbaycana səfir təyin edilməsi məsələsinə etiraz etməsini ekspertlər sadalananlar fonunda təbii qarşılayır.