.jpg)
Zaman-zaman Azərbaycanın bank sektoruna gündəmə gələn maraqlı məqamlardan biri də problemli kreditlərlə bağlıdır. Banklar müştəriləri sırasında yer alan bir sıra fiziki və hüquqi şəxslərin məsuliyyətsizliyi və öz imkanlarını düzgün dəyərləndirməmələri səbəbindən problemli kreditəlrin miqdarının artmaqda olduğunu bildirir.
Təbii olaraq bu vəziyyət bankların işinə də təsir edir və onların bir çoxu ciddi zərərlə üzləşir. Lakin problemin miqyası təkcə bununla məhdudlaşmır. Maliyyə çətinliyilə üzləşən bankların əmanətlər üzrə faiz dərəcələrini ödəməkdə çətinlik çəkmələrilə bağlı yayılan informasiyaların da sayı çoxalmaqdadır. Bəzi ekspertlər isə hətta belə fikirlər də səsləndirir ki, maliyyə çətinliyi yaşayan bankların qarşıdakı dövrdə əmanət qaytalıması prosesində də problemlərlə üzləşəcəyi istisna deyil.
Banklar özləri isə yaranmış vəziyyəti, daha çox, problemli kreditlərlə əlaqələndirməyə çalışır. Lakin o da faktdır ki, problemli kreditlərin miqyasının artmasında da elə əsas günahkar məhz bankların özüdür. Xatırlatmaq yerinə düşərdi ki, hələ qlobal maliyyə böhranı başlamazdan əvvəl Azərbaycan bankları MDB ölkələri arasında ən yüksək faizlə kredit təklif edənlər sırasında yer alırdı. Hətta həmin vaxt bəzi dövrlərdə istehlak kreditlərinin faiz dərəcəsi 35 faizə qədər yüksəlib. Təbii ki, 35 faizlə verilən kreditlərin geri qaytarılması imkanları olduqca məhduddur. Banklar isə, buna rəğmən, qısa müddətdə daha çox gəlir əldə etmək üçün yüksək faizlə kredit verməkdə davam edirdi. Sonradan böhranın başlanması belə kreditlərin qaytarılmasında yaranan problemləri daha da dərinləşdirdi. Bu isə bir daha təsdiq edir ki, istehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar, sadəcə, bu kreditlərdən istifadə edən vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə deyil, eyni zamanda, kommersiya banklarının uzun müddət kifayət qədər bahalı kredit siyasəti həyata keçirməsilə də bağlıdır. Beləliklə, 2009-cu ilin ortalarından başlayaraq problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Ötən ilin ortalarında problemli kreditlərin payı bank aktivlərinin 2,7 faizini təşkil edirdisə, bu rəqəm artıq 5 faiz həddinə çatıb.
Hələlik ölkəmizdə problemli kreditlərin həll edilməsi üçün mexanizm yoxdur.
Problemin digər tərəfi bankların, kreditlər qaytarıla bilməyəndə girov şəklində olan avtomobil və ya mənzili, yaxud digər girov obyektini satacaqlarını güman etmələridir. Bununla dəyən ziyanın ödəniləcəyini düşünürlər. Amma böhrandan sonra həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq, praktiki olaraq, banklara girovu sataraq dəyən ziyanı ödəməyə imkan vermir.
Belə vəziyyət isə, yuxarıda qeyd olunduğu kimi, bəzi yerli banklarda vətəndaşların əmanətlərinin faizini ödəməkdə çətinlik çəkməsinə yol açır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli isə bizimlə söhbətində yerli bankların bir hissəsində əmanət faizlərinin ödənilməsilə bağlı problemlər olduğunu təsdiqləyir: "Düzdür, Azərbaycan böhrandan ciddi zərər çəkmədi. Etiraf etmək lazımdır ki, aidiyyəti qurumların antiböhran siyasəti maliyyə sektorunu mövcud zərbədən müəyyən dərəcədə sığortalaya bildi. Amma bütün bunlara baxmayaraq, maliyyə bazarında tərəddüdlər davam etdiyindən, banklarda gərginlik yaşanır. Məsələn: hazırda 15-dən artıq bankda problem mövcuddur. Buna görə də bankların sağlamlaşdırılması istiqamətində geniş proqramlar hazırlanmalıdır".
Amma millət vəkili "Həftə içi" qəzetinə verdiyi açıqlamada bildirir ki, əmanət faizlərinin ödənilməsinin dayandırılması ajiotaj yaratmamalıdır: "Bir neçə il bundan əvvəl sözügedən problem narahatlıq yarada bilərdi. Lakin "Əmanətlərin sığortalanması" haqqında qanunvericiliyin qüvvəyə minməsindən sonra vəziyyət xeyli dəyişib. Bir məqamı da vurğulayım ki, qanun yeni qüvvəyə minən zaman bizə xeyli şikayət daxil olurdu. Həmin şikayətlərdə bildirilirdi ki, qanun qəbul edilsə də, bank işçilərinin tələbləri qanunlardan öndə dayanır. Yəni bəzi bank işçiləri əmanətləri sığortalamaqda maraqlı deyil və bununla bağlı müxtəlif bəhanələr gətirilir. Əslində, belə faktlar var və həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar müvafiq tədbirlər görməlidir".
Hazırda belə hesab edilir ki, üzləşdikləri problemdən xilas olmaları üçün banklar yüksək faiz dərəcələrini aşağı salmalıdır. Həqiqətdir ki, hazırda ölkəmizdə istehlak kreditlərində faiz dərəcələri yenə də çox yüksəkdir. Bu vəziyyət sonda bankların özünün zərərlə üzləşməsinə yol açır.