Samir Əliyev: "İri vergi ödəyicilərinin özəlləşdirilməsinin ləngiməsi ölkədə iri monopoliyaların yaranmasına rəvac verir"
.jpg)
Zaman-zaman Azərbaycanda iri vergi ödəyiciləri olan qurumların özəlləşdirilməsi gündəmə gəlsə də, son nəticədə bu məsələ gündəlikdən çıxarılıb. Məlumat üçün qeyd edək ki, Azərbaycanda 9 qurum ən iri vergi ödəyicisi hesab olunur.
Bunlar Dövlət Neft Şirkəti, bu ilə qədər "Azəriqaz" və "Azərikimya" ayrı-ayrılıqda, bu ildən etibarən isə ARDNŞ-in tərkibində, Bakı Metropoliteni, "Azərsu" AZAL, Dövlət Dəmiryol İdarəsi və "Azərenerji"dir. Milli Büdcə Qrupunun 2009-cu il büdcəsinin icrasına dair rəyində bildirilir ki, qeyri-neft sektorunun əsas özəyini təşkil edən(ARDNŞ istisna olmaqla) 8 iri vergi ödəyicisinin vergilərdə payı cəmi 2 faiz təşkil edib. Üstəlik, bu qurumların bəzilərinə hökumət büdcədən yardımın etməyə məcbur olub. Mütəxəssislərin fikrincə, həmin qurumlar dövlətin himayəsində qaldıqca, rentabellik səviyyəsi aşağı olur. Bu da, öz növbəsində, böyük məsrəflərə səbəb olur. O baxımdan çıxış yolu sözügedən müəssisələrin özəlləşdirilməsindən keçir.
Sözügedən məsələni dəyərləndirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, Azərbaycan müstəqilliyini elan etdikdən sonra üzərinə götürdüyü öhdəliklərdən biri də özəlləşdirmədir: "Nəticədə, bilirsiniz ki, böyük özəlləşdirmə aparıldı və bununla bağlı proqram qəbul olundu. İndi vəziyyət o yerə çatıb ki, artıq bir çox mütəxəssislər iri vergi ödəicilərinin özəlləşdirilməsi məsələsini gündəmə gətirib. Əslində bu iri vergi ödəyicilərinin özəlləşdirilməsi məsələsi çoxdan gündəliyə gətirilib. Konkret olaraq ARDNŞ-in özəlləşdirilməsi müxtəlif vaxtlarda gündəliyə gətirilib. Ancaq nədənsə, bu fikirdən vaz keçiblər. Qeyd edim ki, ARDNŞ ölkədə ən böyük vergi ödəyicisidir və dövlət büdcəsinin 30-40 faizi bu şirkətin hesabına formalaşır. Əslinə baxanda, ARDNŞ ölkədə bəlkə də ən mənfəətsiz, rentabelsiz işləyən bir qurumdur. Yəni söhbət ondan gedir ki, bu təşkilatın əsas gəlir mənbəyi neftdir. Baxmayaraq ki, bu təşkilatın gəlirləri çoxdur, amma büdcə ödəmələri azdır. Büdcə ödəmələri az olmaqla yanaşı, ARDNŞ dövlətdən kredit götürür. Məlumat üçün qeyd edək ki, ötən il ARDNŞ Mərkəzi Bankdan 750 milyon manat kredit aldı. Bununla belə, ARDNŞ-in çoxlu sayda törəmə şirkətləri var ki, həmin şirkətlər ayrı-ayrılıqda işləsə, daha çox rentabelli olacaq. Üstəlik, "Azəriqaz"ın ARDNŞ-ə birləşdirilməsi məntiqsizdir. Bu onsuz da şişmiş bir qurumun daha da yüklənməsi deməkdir".
S.Əliyevin qənaətincə, iri vergi ödəyicisi olan şirkətlər özəlləşdirilməli və həm də modernləşdirilməlidir: "Günün reallığı bunu tələb edir. Bu şirkətlər dövlətin himayəsində olmaqla daha da rentabelsiz fəaliyyət göstərir. Düzdür, hökumət müəyyən sosial amilləri nəzərə alaraq, hələ ki, ARDNŞ-i özəlləşdirmək fikrində deyil. Ancaq gec, ya da tez buna getmək lazımdır. Neftin qiyməti 40 dollara qədər ucuzlaşanda ARDNŞ-də ixtisarların aparılması gündəmə gəlmişdi. İşçilər bir müddət ixtisar olundu, maaşlar azaldıldı. Sonradan neftin qiyməti yenidən bahalaşmağa başlayanda bu məsələ gündəmdən çıxdı. İri vergi ödəyicilərinin özəlləşdirilməsinin ləngiməsi ölkədə iri monopoliyaların yaranmasına rəvac verir. Bu da, öz növbəsində, sağlam rəqabət mühitinin pozulmasına gətirib çıxarır. Rəqabət mühiti pozulduğundan, digər şirkətlər rəqabət apara bilmir və sıradan çıxır".
S.Əliyev ümumilikdə iri müəssisələrin birləşdirilməsinin səmərəli variant olmadığını bildirdi: "Məsələn, "Azərikimiya" sovet dövründə yaradılmışdı, müstəqillik əldə edildikdən sonra bu şirkət çox səmərəsiz və gəlirsiz işləyir.
Bu şirkətin ayrı-ayrı şəhərlərdə - Sumqayıtda, Gəncədə, Mingəçevirdə zavodları var. Bu zavodlar ya işləmir, ya da ki, çox cüzi qüvvə ilə işləyir. Ona görə də belə şirkəti digərilə birləşdirmək yox, özəlləşdirmək lazım idi. "Azərkimiya"nı ARDNŞ-ə birləşdirmək bu şirkətin yükünü artırdı. Bununla belə, nəinki iri vergi ödəyicilərinin, eyni zamanda Beynəlxalq Bank kimi qurumların da özəlləşdirilməsinə ehtiyac var. Onu da qeyd edim ki, iri vergi ödəyiciləri özəlləşməyə çıxarılsa, xaricdən xeyli təklif gələcək. Bu zaman ölkəyə investisiya axını güclənəcək. Rentabelsiz müəssisələrdə işçilərə 100-200 manat maaş verməkdənsə, həmin müəssələri özəlləşdirmək daha məqsədəuyğundur".