Vahid Məhərrəmliyə görə, bizdəki buğdadan nəinki çörəkbişirmədə, heç yemçilikdə də istifadə etmək mümkün deyil
.jpg)
Məlum olduğu kimi, Kür çayının yaratdığı sel bir sıra aran rayonlarında əkin sahələrinə ciddi ziyan vurub. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, daşqın nəticəsində 51 min hektar əkin sahəsi su altında qalıb. Hələlik tələf olan xırda və iri buynuzlu mal-qaranın sayı dəqiqləşdirilməsə də, görünən odur ki, xeyli sayda heyvan da tələf olub.
Digər tərəfdən, yaranan sel fəlakəti nəticəsində kənd təsərrüfatı infrastrukturuna ciddi ziyan dəyib.
Təbii fəlakətin yaratdığı problemlər artıq rəsmi səviyyədə etiraf olunmaqdadır. Kənd Təsərrüfatı Nazirliyində də hesab edirlər ki, bu il taxıl qıt ola bilər və bu da unun qiymətinə təsir göstərəcək. Unun bahalaşması isə çörəyin qiymətinə təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Dünya bazarında və Azərbaycanda istehsal olunan buğdanın qiyməti təxminən 2 dəfə ucuzlaşıb. Belə olan halda çörəyin də qiymətinin ucuzlaşması üçün ciddi əsaslar var. Digər tərəfdən taxıl biçini qurtarıb və bazarda buğda təklifi artsa da, bu qiymətlərə təsir göstərməyib.
Azərbaycanın ərzaq buğdasına illik tələbatı 1 milyon 600 min tondur. Bu il isə 2 milyon tondan çox ərzaq buğdası istehsal olunub. Ekspertlər qeyd edir ki, əslində burada da kifayət qədər paradoks var. Çünki həm idxal olunan, həm də yerli buğda xeyli aşağı qiymətə alınırsa və ucuzlaşırsa, deməli, unun və beləliklə də çörəyin qiyməti müvafiq olaraq enməlidir. Lakin qeyd olunduğu kimi, son həftələrdə unun yalnız bahalaşması müşahidə olunub.
Belə bir vaxtda yayılan digər məlumatlara görə, çörək istehsalı ilə məşğul olan zavodlar qiymət endiriminə getməyə hazır olsalar da, analoji işlə məşğul olan digər hüquqi və fiziki şəxslər bunun qəti əleyhinə çıxır.
Ekspertlər isə qeyd edir ki, istənilən halda, məsələyə dövlət səviyyəsində müdaxilə olunmasına ehtiyac yaranıb. İlk növbədə ona görə ki, normal iqtisadi prosesdə taxıl bazarında qiymətlər ucuzlaşırsa, bu, çörək sənayesinə də təsir etməlidir. Belə mövqedən çıxış edən iqtisadçılar qiymətlərin xronikasına xüsusi diqqət yetirir. Qeyd olunur ki, hələ 2009-cu ilin birinci yarısının sonlarına yaxın dünya bazarında taxılın qiyməti maksimum həddə - 1 tonu 350-400 ABŞ dollarına çatmışdı. Lakin qlobal iqtisadi böhrandan sonra indi dünya bazarında, növündən asılı olaraq, taxılın son qiymətləri 160-190 dollar arasındadır. Yəni iki dəfədən çox enmə baş verib və bu proses, təbii olaraq, Azərbaycana da təsirsiz ötüşməməlidir. Təbii fəlakətlə bağlı yaranan buğda qıtlığının Azərbaycanın un və un məmulatları bazarına ciddi təsir göstərməyəcəyi də qeyd olunur. Bildirilir ki, bu il Rusiya, Ukrayna və Qazaxıstanda taxıl həddindən artıq bol olub.
Digər tərəfdən, danılmaz reallıqdır ki, bu il Azərbaycanın öz bölgələrində taxılın 1 kiloqramı orta hesabla 10 qəpikdən satılıb. Taxılın kiloqramının bu qiymətə satılması onun tonunun təxminən 120 ABŞ dolları olması deməkdir. Bu isə dünya bazarındakı qiymətdən 30-40 faiz aşağıdır. Belə olan halda narahatlığa əsas yoxdur.
Hələlik isə faktdır ki, yuxarıda göstərilənlər fonunda unun bahalaşması və çörəyin qiymətinin ucuzlaşmaması sırf süni xarakter daşıyır. Onu da bildirək ki, hökumət hələ də yerlərdə taxıl istehsalı ilə məşğul olan fermerlərə müxtəlif subsidiyalar verir. Bu isə elə fermerlər üçün də
taxıl istehsalının ucuz başa gəlməsinə şərait yaradır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda cari ildə fermerlər taxıl əkininə ciddi önəm verib. İndi isə əsas məsələ ölkə daxilində fəlakətin təsiri nəticəsində yaranacaq taxıl qıtlığının qiymətlərə süni təsirinin qarşısını almaqdır. Çünki bəzi iş adamları bu məsələdən istifadə edib, unun və çörəyin qiymətini özbaşına qaldıra bilər.
Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, 2009-cu ilin büdcəsində taxılçılığın inkişafı məqsədilə 80 milyon manat dotasiya ayrılmışdısa, 2010-cu ilin büdcəsində sözügedən sahə bundan məhrum olub. Bu da gələn il məhsul istehsalına öz təsirini göstərəcək: "İstehsalın azalmasının ən başlıca səbəbi onunla bağlıdır ki, fermerlər istehsal etdiyi məhsulu, xüsusilə taxılı sata bilmir. Kənd Təsərrüfatı Nazirliyi söz vermişdi ki, onların istehsal etdiyi məhsulu hökumət alacaq. Ancaq biçilən taxıl hökumətin elan etdiyi keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün dəyər-dəyməzinə satılır. Bizim ölkədə məhsuldarlıq aşağı olduğuna görə onun maya dəyəri yüksək olur. Hətta 40 manat və ya 80 manat subsidiya alan fermerlərə də buğdanı 6 qəpiyə satmaq sərf eləmir. Bu taxılı alan olmayacaq, çünki çörək istehsalı üçün yaramır, heyvandarlıqda istifadəyə isə ötən ildən qalan taxıl çoxdur. Yəni qiymətin qalxması üçün heç bir obyektiv şərait yoxdur. Nəticədə fermerlər ruhdan düşüb. Mənim fikrimcə, həm məhsuldarlıq, həm də əkin sahələri xeyli azalacaq".
Ekspertə görə, əslində, Kənd Təsərrüfatı Nazirliyinin dediyi qədər olmasa da, ölkədə yüksək miqdarda taxıl var. Amma bu taxıl çörəkbişirmədə istifadə etdiyimiz taxıldan fərqlidir: "Çünki həmin buğdanın keyfiyyəti aşağıdır, yapışqanlığı azdır, zibil qarışığı yüksəkdir. Bu buğdadan nəinki çörəkbişirmədə, heç yemçilikdə də istifadə etmək mümkün deyil. Yəni belə buğdadan maldarlıqda yem kimi istifadə edəndə mal-qaranın çəkisi, südü artmır. Hətta heyvan orqanizmində fəsadlar yaradır. Azərbaycanda istehsal edilən buğda xüsusi təmizlənmədiyinə, havalanma prosesindən keçmədiyinə, vaxtında qurudulmadığına görə onun keyfiyyətindən danışmaq mümkün deyil.
Məhsul kombayndan çıxan kimi dənqurudan maşınlar vasitəsilə qurudulmalı, çeşidlənməli idi. Amma belə avadanlıqlar yoxdur.
Bu səbəbdən məhsul xırmanda qalır və tez bir zamanda tərkibində qızışma baş verdiyindən keyfiyyəti dəyişir. Sonradan bu taxılı təmizləməyin artıq faydası yoxdur. Bu problemi yaşamamaq üçün məsul şəxslər vaxtında fermerlərə treninqlər keçməli, onlara məlumat verməli idi. Fermerlərə vaxtında marketinq işləri öyrədilmədiyinə görə ziyanla üzləşdilər".