22 Iyul 2010-cı il, N 279(1887)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3630)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1109)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234
567891011
12131415161718
19202122232425
262728293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Mailə Muradxanlısız mətbuatın ilk bayramı...
Yaşasaydı, Milli Mətbuat Gününü bizimlə birgə qeyd edəcəkdi Mailə Muradxanlı. Mətbuatımızın 135 yaşının tamam olduğu gün respublikanın əməkdar jurnalisti, tanınmış qələm sahibi, onlarla jurnalist kadrın yetişməsində əhəmiyyətli rol oynamış Mailə Muradxanlının vəfatının 40 günü tamam olur.
   Ölümdən yaxa qurtara bilsəydi, hamı kimi o da bu günün sevincini, həyəcanını yaşayacaqdı. Ruhların əbədi yaşadığına inanırıqsa, onda deyə bilərik ki, M.Muradxanlı ruhən bu günü bizimlə paylaşır.
   Qırx gün özünü ildırım sürətilə yetirdi. M.Muradxanlının yoxluğuna inanmaq istəməsək də... təəssüf ki, bu acı həqiqətdir. Mailə xanımın 40 mərasiminə gələnlərin əksəriyyəti onun özünün qəfil içəri girəcəyi ümidilə qapıya boylanırdı. Mailə xanım qonaq-qaranı çox sevərdi, qohumları demiş, "çörək verən idi" o. Evinə gələn adamı yedirdib-içirməmiş yola salmazdı. Tanınmış bəstəkar-dramaturq Ruhəngiz Qasımova deyirdi ki, nə qədər qadının bişirdiyi şəkərçörəyini dadıb, amma Mailə xanımın bişirdiyi şəkərçörəyi kimi ləzzətlisini görməyib.
   Tələbələri də gəlmişdi 40 mərasiminə Mailə xanımın. Hər kəsin gözlərində yaş vardı. Əzizləri deyir ki, M.Muradxanlının oğlu Elxan Cəfərov özünün ilk tammetrajlı bədii filmini çəkir. O həmişə Mailə xanıma deyirmiş ki, ana, birinci filmimi sənin 70 illik yubileyinə ithaf edəcəyəm. Amma nə filmi anasının yubileyinə həsr eləmək Elxana qismət oldu, nə də oğlunun böyük işinə sevinib fərəhlənmək anaya nəsib oldu. Elxanın bu filmi anasının ruhuna ithaf edəcəyi güman edilir.
   40 ildən artıq qəzet, radio və televiziya jurnalistikasında, ədəbiyyat sahəsində böyük zəhmət çəkmiş M.Muradxanlı efir aləminin sonuncu nəhənglərindən biri kimi tərk elədi dünyanı. Özündən sonra böyük məktəb qoyub getdi yer üzündə. İndi göylərdir məkanı onun. Ordan yer, torpaq, insanlar yaxşı görünür axı.
   Yaxınlarından biri bu günlərdə Mailə xanımı yuxuda görüb. Mailə xanım ona deyib ki, niyə mənim evimə mebel almırsınız, evim bom-boş görünür.
   Əlavə edib ki, siz mebeli alıb, qapının ağzına qoyun qalanını özüm yerləşdirərəm. Sonra da ona əl edib, gülə-gülə pilləkənlərlə düşüb açıq qapıdan içəri daxil olaraq yox olub. Mailə xanım "mebel" söhbətilə nəyi nəzərdə tutub? Demək çətindir. Amma hiss olunur ki, o nədənsə narahatdır, nigarandır. Nəvə toyu görə bilmədi, övladlarından doymadı o. Heç övladları da ondan doymadı.
   İyulun 22-də balaları, yaxınları M.Muradxanlının Maştağa qəbristanlığındakı məzarını ziyarət edəcək. Canını, gəncliyini həsr elədiyi mətbuatın bayramında yad olunacaq M.Muradxanlı. Əziz həmkarımız, böyük müəllimimiz, sevimlimiz Mailə xanım, mətbuat gününüz-bayramınız mübarək! Əminik ki, bu günü Siz də bizimlə birgə hiss edib yaşayırsınız. Ruhlar bu dünyanı heç vaxt tərk eləmir axı!
   
İradə SARIYEVA
Moskva-Naxçıvan marşrutu üzrə yeni aviareys açılır
Bu il iyulun 27-dən etibarən Rusiyanın "Atlant-Soyuz" aviaşirkəti Moskva-Naxçıvan-Moskva marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
   Naxçıvan Hava Limanından "APA-Economics"ə verilən məlumata görə, uçuşlar "Boeing 737-800" avialayneri ilə hər həftənin II günləri Moskvadan Naxçıvana saat 12:00-da (yerli vaxtla), əks istiqamətdə isə saat 16:45-də yerinə yetiriləcək. Bir istiqamətə aviabiletin qiyməti təxminən 170 manat təşkil edir. Uçuşlar Moskvanın "Vnukovo" hava limanına yerinə yetiriləcək.
   Qeyd edək ki, bu, "Atlant-Soyuz" aviaşirkətinin Azərbaycana yerinə yetirdiyi ikinci aviareysdir. Belə ki, 2009-cu ilin avqust ayında şirkət Moskva-Gəncə marşrutu üzrə uçuşlara başlayıb.
"Mən "Ədalət" qəzetinə çoxdan gəlməli idim"
İradə Tuncay 20 yaşlı qəzetə baş redaktor gəlməsindən danışdı
Mətbuatımızda öz boy-buxunu, yazdığı sözün dəyərilə seçilir "Ədalət" qəzeti. Milli Mətbuat Günündən iki gün sonra - iyulun 24-də "Ədalət" qəzeti 20 yaşını tamamlayıb 21-ə qədəm qoyacaq. O, böyük ənənələri olan, neçə-neçə jurnalistin üzə çıxmasında, yetişməsində məktəb rolu oynayan bir qəzetdir.
   Adına gördüyü işlərlə layiq olmağa çalışıb bu 20 ildə. Yazdığı söz hər zaman hədəfə dəyib. Çünki yersiz söz deməyib, hər kəlmənin qədrini bilib, onu urvatlı təqdim eləyib "Ədalət".
   Uzun illər qəzetə tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbas rəhbərlik eləyib... Püxtə qələm sahibi, ustad publisist A.Abbas "Ədalət"i cəmiyyətin oxunaqlı nəşrlərindən birinə çevirib. İki ildən artıqdır ki, "Ədalət" tanınmış jurnalist-publisist İradə Tuncayın baş redaktorluğu ilə işıq üzü görür.
   Yubiley ərəfəsində İradə Tuncayla görüşüb, onun və rəhbərlik elədiyi kollektivin bayram sevincinə şərik olduq.
   - İyirmi yaşı insana şamil eləsək, deyərik ki, bu gənclik yaşıdır. Sizcə, bir qəzet, mətbuat orqanı üçün iyirmi yaş nə deməkdir?
   - Bilirsiz, hər şey, o cümlədən də vaxt özü çox nisbidir. Bəzən bizə elə gəlir ki, bir gün çox uzun çəkir. Bəzən də 20 ilin bir göz qırpımında gəlib keçdiyini zənn edirik. Bir tərəfdən baxanda, 20 il bir qəzetin mətbuat aləmində oturuşması, cəmiyyət içində nüfuz sahibi olması, özünə oxucu qazanması üçün az vaxt deyil. Digər tərəfdən yanaşdıqda isə, düşünürsən "bu qarışın zamanədə 20 il nədir ki". Özü də bu 20 il təbəddülatlar, siyasi rejim dəyişikliyi, siyasi çəkişmələr, qeyri-sabitlik dövrünə düşüb. Saatbasaat, dəqiqəbədəqiqə vəziyyət dəyişir.
   - Hər anın da öz diqtəsi var.
   - Elədir. Bu diqtənin içində 20 il bir göz qırpımı kimi görünə bilər.
   - Necə doğuldu "Ədalət"?
   - Bu proses mənim gözlərim qarşısında baş verib. Bütün problemləri də Aqil Abbasla birgə yaşamışam. 80-ci illərin sonlarında sovetlərdə "yenidənqurma" və s. prinsiplərdən çox danışılırdı. Azərbaycan Hüquqşünaslar İttifaqında belə qərara gəlmişdilər ki, onların öz qəzeti olsun. Çünki o vaxt artıq Rusiyada bu barədə danışmağa başlamışdılar. O illərdə qəzetin açılmağı çox çətin bir proses idi. Bu bir az qeyri-adi şey idi. O zaman Adil Minbaşıyev Hüquqşünaslar İttifaqında işləyirdi. O hakim işləmişdi, hüqüqşünas olduğu üçün bütün prosesləri bilirdi. Dedilər ki, Adil Minbaşıyev bir qəzet yaradır və baş redaktor olur. Amma o özü jurnalist deyildi. Qəzetin yaranma prosesilə bilavasitə jurnalistika ilə məşğul olan adam məşğul olmalı idi. Aqillə Adil yaxın dost idi və bu işi Aqil görməyə başladı. Bu çox ağır bir iş idi. Sovet dövlətinin dağılmasına bir il qalırdı. Eyni zamanda da, guya cəmiyyətdə yeniləşmə gedirdi. Köhnəliklə yeniliyin mübarizəsinin fonunda yeni bir qəzet açılırdı. Onlar yəqin əvvəlcə düşünürdü ki, bu qəzet yalnız hüquq sahəsini əhatə eləməlidir...
   - "Ədalət", demək olar ki, bütün sahələrdən yazır.
   - Axı qəzet bir sahə ilə məhdudlaşa bilməz. Bu qəzetin meydana gəlməsində, oturuşmasında Aqil Abbasın jurnalist peşəkarlığı öz rolunu oynadı. O, özü istədiyi kimi bir kollektiv formalaşdırdı. Sözsüz, kollektivin də bu qəzetdə əziyyəti, zəhməti olub. Ancaq ilk növbədə bu qəzetlə bərabər Aqil Abbasın obrazı yarandı.
   - Yəni "Ədalət" deyəndə Aqil Abbas, Aqil Abbas deyəndə isə "Ədalət" yada düşür.
   - Bəli.
   - İradə xanım, qəzetin son iki-üç ili də Sizin adınızla bağlıdır. Siz telejurnalist kimi cəmiyyətdə kifayət qədər tanınan və imzasına hörmət edilən bir yazar idiniz. Necə oldu ki, Aqil müəllim Sizin "saqqızınızı oğurlayıb" "Ədalət", baş redaktor gətirdi?
   - Deyim ki, mən "Ədalət" qəzetinə çoxdan gəlməli idim. Amma bu çox gec baş verdi. Olan olub, keçən keçib. Bununla bərabər, itirdiyimiz çox şeylər var. Bu çoxdan olmalı bir iş idi. Mən özümü geri çəkib, öz üstümdən xətt çəkməklə həm də çox şeylərin üstündən xətt çəkmişəm...İnsanın içində potensial varsa, o gec-tez üzə çıxmalıdır. O mütləq realizə olunmalıdır. Yoxsa partlayış verir. Günlərin bir günü gördüm ki, artıq dözə bilmirəm, içimə sığmıram. Üzə çıxmalıydım. Tez-tez Aqilə deyirdim ki, gəlim sənə kömək eləyim. Heç cür razılıq vermək istəmirdi. Bilirsiz, 1997-98-ci illərdən sonra qəzet çökmüşdü. O da səbəbsiz deyildi.
   - Sonra televiziyaya getdiniz?
   - Hə. Mən televiziyada işə düzələndən sonra "yeni jurnalist gəlib" deyə barəmdə danışmağa başladılar. Həmişə öz içimdəkini bilirdim. Hərdən fikirləşirəm ki, bu şəkildə cəmiyyətdə varamsa, niyə cəmiyyət məndən istifadə eləməsin? Mənim bildiklərim batıb gedəcək, mən onu yeni nəslə ötürüm. İşlədiyim müddət çox gözəl idi. Televiziyada nə istədimsə, onu da edə bildim. Yəni "Srace"də mənə heç bir qadağa qoyulmamışdı. Rəhbərlik dəyişəndən sonra gördüm ki, yenisilə işləyə bilməyəcəm. Ərizəmi yazıb çıxdım...
   Bayaq "Ədalət"ə necə baş redaktor gəlməyimi demədim. Məni qəzetə Aqil Abbas gətirmədi, özüm məcburi şəkildə gəldim.
   - Belə demək mümkünsə, Aqil Abbasa qarşı "hakimiyyət çevrilişi" etdiniz?
   - Mən qəzetdə "hakimiyyəti devirdim". O mənim qəzetə gəlməyimi istəmirdi, narazı idi. Gəldikdən sonra hamının içində mənimlə bağlı bir qorxu olduğunu hiss elədim. Dedim ki, məndən qorxmaq lazım deyil, mən bura səliqə-sahman yaratmağa gəlirəm.
   - Yubileydən sonra qəzetin həyatında hansısa bir yenilik gözlənirmi?
   - Kadr islahatlarına ehtiyac var. Çox güman ki, dəyişikliklər məsələsinə baxacağam. Mən yeni nəfəs, yeni qan istəyirəm. İstedadlı gənclərin burada işləməsini arzu edirəm. O qədər istedadlı uşaqlar var ki, kollektivdə onların təmsil olunmasını istəyirəm. Mən bura gəldikdən sonra müəyyən dəyişikliklər elədim.
   - Aqil müəllim qəzetlə əlaqəni kəsməyib. Onu tez-tez burada görürük. "Ədalət"in yaradıcılıq siyasətini Siz, yoxsa o, müəyyən edir?
   - Mən müəyyən eləyirəm. Həmişə öz prinsiplərimə sadiq qalmağa çalışıram. Amma bura Azərbaycandır, kiçik məmləkətdir, hamı-hamıya qohumdur. Bəzən üz-üzdən utanır. Xahiş filan olanda da ona əməl etmək məcburiyyətində qalıram.
   - Aqil müəllim Sizin çıxardığınız "Ədalət"i bəyənirmi?
   - Hər halda, düşünürəm ki, o qədər də narazı deyil.
   - Necə düşünürsünüz, bu iyirmi ildə "Ədalət" üz üzərinə düşən missiyanı yerinə yetirə bilibmi?
   - "Ədalət" çox böyük maarifçilik işi aparıb. Qəzetin bu 20 ildə sadiq oxucu auditoriyası formalaşıb. Çıxmağa başladığı ilk vaxtlarda "Ədalət" özünün birinci səhifə anlayışı, atmacalı sözlərilə cəmiyyətdə bomba kimi partlamışdı. Birinci səhifə anlayışını mətbuatımıza Aqil Abbas gətirdi. Həmişə qəzeti sonuncu səhifədən oxuyurdular. "Ədalət"in böyük bir missiyası vardı və o bunu çox ləyaqətlə də yerinə yetirdi. Bu gün də davam etməkdədir.
   - Milli mətbuatımızın 135 yaşı tamam olur. Sizin qəzetin yubileyi də bu ərəfəyə təsadüf edir. Yubileyinizlə əlaqədar dövlətdən nə gözləyirsiniz?
   - Böyük dəstək gözləyirik. Azərbaycan mətbuatının çox gözəl fərdləri var, çox gözəl qələm sahibləri var, onlara dəstək olmaq lazımdır. Azərbaycan mətbuatına dəstək Azərbaycan xalqına dəstək deməkdir.
   Biz əməkdaşlarımızı mükafata təqdim eləmişik. Onlar neçə illərdir ki, mətbuat aləmində külüng vuran insanlardır. Az-çox imzaları tanınır, oxucuları var. Mətbuat aləmində ayrı bir stimul yoxdur axı. İstəyirsən ki, sənin yazdıqların oxunsun. Lap oxucu sənin fikirlərinlə razılaşmasın, amma yazılara biganə qalmasın. Nə varımız, nə də dövlətimiz var. Yeganə umduğumuz şey diqqətdir.
   - Yubileyinizi qeyd edəcəksiniz?
   - Bazar günü bütün kollektivlə bir məkanda yığışmalıyıq.
   - Zərif bir qadın üçün böyük bir kollektivin əziyyətini çəkmək çətin deyil ki?
   - Başqalarını bilmirəm, bu çox ağır bir zəhmətdir. Bəlkə başqa qadınlar üçün asandır, bilmirəm. Amma mənim üçün çətindir.
   Fürsətdən istifadə edib, bu 20 ildə "Ədalət"ə "qara fəhləlik" edən adamlara öz təşəkkürümü bildirirəm ki, neçə illərdir burada işləyir, zəhmət çəkirlər. Qəzetin ağır günlərində qəzeti qoyub getməyiblər. Doğrudan da bizim işimiz ağır fəhlə əməyidir. Bir qədər də bu əmək qiymətləndirilmir.
   Bunun üçün bütün kollektivimə minnətdarlığımı bildirmək istəyirəm.
   Biz də "Ədalət" qəzetininin rəhbərliyini, bütün əməkdaşlarını 20 illik yubileyi münasibətilə təbrik edirik.
   
İradə SARIYEVA
KXCP-nin 31 iyul mitinqindən imtinası Müsavatla imzalanan "Niyyət protokolu"nu zərbə altına qoymurmu?
Xəzər Teyyublu: "Niyə də pozulmalıdır?"
Müsavat Partiyası ilə AXCP-nin birləşmə ideyası və bu istiqamətdə atılan addımlar, deyəsən, müxalifətdəki bəzi dairələri, xüsusən də Müsavata yaxınlığı ilə seçilən KXCP-ni narahat etməyə başlayıb. Belə ki, onlar birliyin Müsavat-AXCP-DUİ arasında olmasında israrlı idilər. Hələliksə bu alınmayıb.
   Görünür, bunun nəticəsidir ki, Demokratiya Uğrunda İttifaq Müsavatın 31 iyula təyin etdiyi mitinqi boykot etməyi düşünür. Ən azından, KXCP sədri Mirmahmud Mirəlioğlunun sözügedən mitinqlə bağlı məsələyə münasibəti belə deməyə əsas verir. Belə ki, jurnalistin həmin aksiyada iştirak edib-etməyəcəklərilə bağlı verilən sualını o, mənfi cavablandırıb: "Müsavat Partiyasının Divanı indiyə qədər həyata keçirilən işlərə uyğun hərəkət etməyib. Qəbul edilən qərara görə bunu deyirəm. İstərsə də bundan əvvəlki aksiyaların təyin olunması, istər təxirə salınmasını Müsavatla DUİ məsləhətləşib edib. Təəssüf ki, 31 iyulda mitinq keçirmək barədə qərar veriləndən bir sutka sonra bizə bu barədə mediadan məlum oldu. Bu da, yəqin ki, Müsavat-AXCP danışıqlarının nəticəsidir. Ona görə də, hesab etmirəm ki, 31 iyul aksiyasında iştirak məsələsinə müsbət yanaşacağıq. Özləri bilərlər, işləri avand olsun". Bu açıqlama onu göstərir ki, DUİ müxalifətin qarşıdan gələn aksiyasından kənarda qalacaq. Vəziyyətin belə olması, heç şübhəsiz, ondan xəbər verir ki, DUİ və onun aparıcı qüvvəsi olan KXCP Müsavatın AXCP ilə bir yerdə olmasını, aksiyaları birgə keçirməsini həzm edə bilmir. Bu səbəbdən də, özünü küsəyən uşaq kimi apararaq, 31 iyul mitinqində iştirakdan boyun qaçırır. Belə hal bir müddət əvvəl, hələ "Azadlıq" blokunun nəfəsi gələn ərəfələrdə orada olan VİP-lə ALP-nin küsməsi səhnəsinə bənzəyir. Yadınızdadırsa, bu iki təşkilat blokun iyunun 3-nə təyin etdiyi etiraz aksiyasına qoşulmamışdı. Həmin məqama görə VİP və ALP təmsilçiləri günahı AXCP-nin üzərinə yıxaraq, bu partiya funksionerlərinin onları kiçik təşkilatlar kimi xarakterizə etmələrini bağışlaya bilməmişdi. Amma sonrakı proseslər VİP və ALP-nin atdığı bu addımın arxasında başqa məqamların durduğunu göstərdi. Yəni AXCP-nin Müsavatla birliyə getməsilə "Azadlıq" bloku parçalandı. Bildiyimiz kimi, KXCP də Müsavatla "Niyyət protokolu" imzalayıb. Burada, bir sıra məsələlərlə yanaşı, kütləvi tədbirlərin də birgə keçirilməsi nəzərdə tutulub. Bu mənada, Müsavat Divanının KXCP-nin fikrini nəzərə almadan aksiyanın vaxtını müəyyənləşdirdiyi bəlli olur. Görünür, AXCP ilə yaxınlaşdıqdan sonra, Müsavat artıq KXCP-nin fikirlərinə, onunla birgə fəaliyyət göstərməyə ehtiyac duymadığından, sözügedən məsələdə DUİ-nin fikirlərini öyrənməyi lazım bilməyib. Müsavatın bu hərəkəti və ona cavab olaraq DUİ-nin 31 iyul aksiyasını boykot etməsi isə bizə birinci ilə ittifaq arasında ziddiyyətlərin yarandığını deməyə əsas verir. Belədə, "Niyyət protokolu"nun taleyi də sual altında qalır. Belə ki, Müsavat, protokola uyğun olaraq, DUİ ilə məsləhətləşmə aparmadan aksiya keçirmək barədə qərar qəbul etməklə protokoldan irəli gələn müddəalara əməl etmədiyini ortaya qoymuş olur. Vaxtilə ALP ilə VİP "Azadlığ"ın aksiyasını boykot etdiyi kimi, indi də analoji hərəkəti KXCP atmaq istəyir. Birinci halda bu olay blokun dağılması ilə nəticələndi. Belədə, görünür, ikinci hal "Niyyət protokolu"nun əhəmiyyətsiz kağız parçasına çevrilməsinə gətirib çıxaracaq. Onu da qeyd edək ki, DUİ bundan əvvəl keçirilən iki etiraz aksiyasında Müsavatla bir yerdə olub.
   Lakin KXCP-nin Təşkilat Şöbəsinin müdiri Xəzər Teyyubu heç də düşünmür ki, son hadisə Müsavatla DUİ arasında bağlanan "Niyyət protokolu"nu zərbə altına qoyacaq: "Bu vaxta qədər, DUİ olaraq, həm 12 mayda, həm də 3 iyunda Müsavatla birgə iki kütləvi aksiya keçirmişik. Bizim ittifaqla Müsavat Partiyası arasında "Niyyət protokolu" imzalanıb. Burada bir çox məsələlər öz əksini tapıb. Qarşıdan gələn siyasi proseslərdə bu iki təşkilatın sıx əməkdaşlığının olması nəzərdə tutulub ki, bunlardan da ən başlıcası kütləvi aksiyaların bir yerdə keçirilməsilə bağlıdır. Mitinq komitəsinin üzvü olaraq, keçirdiyimiz iki aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətə biz də imza atmışıq. Mitinqin vaxtını da bir yerdə təyin etmişik, hazırlıq prosesində də iştirakçı qismində çıxış etmişik. Yəni bu məsələ DUİ ilə Müsavat Partiyası arasında birgə həll olunub. İyulun 31-i ilə bağlı Müsavat Divanının verdiyi qərara gəldikdə, onlar bununla bağlı bizimlə hər hansı məsləhətləşmə aparmayıb. Bununla belə, onlara uğur arzulayıram. Onlar mitinqin vaxtını təyin edib, sonradan siyasi təşkilatlara bura qoşulmağı təklif edir. Birgə mitinq keçirmək istəyi isə, adətən, əvvəlcədən razılaşdırılmalıdır. Amma bununla Müsavatla imzaladığımız "Niyyət protokolu"nun pozulacağını da düşünmürəm. Niyə də pozulmalıdır? Burada təkcə aksiyalar məsələsi yer almayıb. Qarşıdan gələn parlament seçkilərində dairələr üzrə güclü namizədlərin dəstəklənməsilə bağlı ortaq razılaşma var. Bu istiqamətdə iş gedir. Habelə, seçkiqabağı demokratik mühitin yaranması istiqamətində də birgə addımların atılması nəzərdə tutulub. Biz protokoldan irəli gələn müddəalara uyğun olaraq ona hörmətlə yanaşırıq və siyasi qurum olaraq, tədbirlərin birgə keçirilməsində maraqlıyıq".
   
Həsən İSLAMOV
Şamaxının hüquq-mühafizə orqanlarından iki narazılıq var
Biri zorlanma, digəri ölüm işidir
Şamaxı rayonunun Quşçu kənd sakini Hacıağa Hacıyev dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda keçirilən mətbuat konfransında qardaşının 13 yaşlı nəvəsinin zorlanması faktının təhqiqatını əsassız olaraq uzadan rayon prokurorluğunun fəaliyyətsizliyindən şikayət edib.
   Onun sözlərinə görə, qızı ötən ilin oktyabrında həmkəndliləri, 20 yaşlı Qasım Cəbrayılov zorlayıb. Oğlanın valideynləri barışıq məqsədilə onu qızla nişanlamağa, yetkinlik yaşına çatdıqda isə toy etməyə söz veriblər.
   Lakin onlar bu vədlərinə əməl etməyib və Cəbrayılov qızla ailə qurmaqdan imtina edib. Bundan sonra qızın valideynləri hüquq-mühafizə orqanlarına şikayət verib. Lakin rayon prokurorluğu istintaqı uzadır və təqsirkarı məsuliyyətə cəlb etməkdən imtina edir. Hacıyevin sözlərinə görə, rayon prokuroru Fizuli Musayev tamah məqsədilə işi ört-basdır etmək istəyir. Respublika orqanlarına şikayətlər nəticə vermir.
   Hacıyev bildirib ki, günahkar dövlətin qanunlarına görə cəzalandırılmasa, onu "qan qisası" ənənəsilə cəzalandırmaqdan başqa yol qalmayacaq.
   Quşçu kəndinin digər sakini Alışan Zülfüqarov da qardaşı, 30 yaşlı Şirvani Zülfüqarovun müəmmalı ölümü ilə bağlı işi ört-basdır etməyə çalışan rayonun hüquq-mühafizə orqanlarından şikayət edib. A.Zülfüqarov hesab edir ki, qardaşı 2010-cu il iyunun 20-nə keçən gecə zəhərlənmə nəticəsində vəfat edib. Onu mirasla bağlı aralarında olan mübahisəyə görə digər ailə zəhərləyə bilərdi. Lakin nə polis, nə də prokurorluq Ş.Zülfüqarovun müəmmalı ölüm faktını araşdırmaq istəyir.
   
TURAN
QAT Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən Mübariz İbrahimovun meyitini tələb etdi
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü şəhid gizir Mübariz İbrahimovun meyitinin geri qaytarılması tələbilə dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi qarşısında aksiya keçirib.
   APA-nın məlumatına görə, iştirakçılar bu qurumun Bakı nümayəndəliyinin bağlanması tələbi ilə çıxış edib, əllərində "BQXK rədd olsun!" şüarları yazılmış plakatlar tutub. Aksiyanın sonunda BQXK-nin nümayəndəliyinin giriş-çıxış qapıları QAT üzvləri tərəfindən zəncirlənərək qıfılla bağlanıb. Aksiya iştirakçıları bununla bu nümayəndəliyin Azərbaycanda fəaliyyətindən narazı olduqlarını, şəhid gizirin meyitini geri almaq üçün heç nə etmədiklərini və ona görə də onların fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyacın olmadığını bildiriblər.
   Daha sonra Müdafiə Nazirliyinin qarşısına toplaşan QAT üzvləri "Qəhrəmanın cəsədini döyüşlə qaytarmalı!" şüarı səsləndirib. Müdafiə nazirinin müavini polkovnik Vaqif Məmmədov və mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu aksiya iştirakçılarının qarşısına çıxıb, nazirliyin bu istiqamətdə gördüyü işlərlə bağlı məlumat verib. QAT üzvləri hələ də nəticənin olmamağından narazılığını bildirib, konkret və qətiyyətli tədbirlərin görülməsini tələb edib.
   Qeyd edək ki, bu il iyunun 18-də cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun meyiti erməni əsgərləri tərəfindən götürülüb və geri qaytarılmayıb.
   
Müsavat Partiyası meyiti ermənilərdə girov saxlanan Milli Ordunun giziri Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsini istəyir
Müsavat Partiyası Milli Ordunun şəhid olmuş giziri Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsi təşəbbüsü ilə çıxış edib.
   Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat rəhbərliyi bununla bağlı bəyanat qəbul edib. M.İbrahimovun ermənilər tərəfindən qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması ilə bağlı narahatlığını ifadə edən Müsavat erməni tərəfinin hələ də, öz məkrli siyasətinə uyğun olaraq, M.İbrahimovun cəsədini qaytarmaqdan imtina etməsini pisləyib.
   Qeyd edək ki, iyun ayının 19-da ermənilər atəşkəsi pozaraq Azərbaycan Ordusunun Tərtər rayonunun Çaylı kəndindəki postuna iriçaplı silahlardan atəş açıblar. Orada xidmət edən Milli Ordunun 22 yaşlı giziri M.İbrahimov onları cavab atəşilə susdurmağa çalışıb. Çoxlu sayda düşmən əsgərini öldürən M.İbrahimov özü də düşmən gülləsinə tuş gəlib.
   
AMİP-də mətbuat bayramı Masa formasında keçirildi
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş Dəyirmi Masa keçirilib.
   APA-nın məlumatına görə, tədbirdə ayrı-ayrı partiyaların mətbuat xidmətlərinin rəhbərləri, media təmsilçiləri və AMİP rəhbərliyi iştirak edib. Tədbirdə çıxış edən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov Azərbaycan mətbuatının ötən müddət ərzində böyük sınaqlardan keçdiyini, təqib və təzyiqlərə məruz qaldığını bildirib. Partiya katibi, buna baxmayaraq, mətbuatın bu sınaqlardan çıxdığını, bu gün də qarşısına qoyduğu vəzifələri yerinə yetirdiyini bildirib: "Əkinçi" qəzeti Azərbaycan mətbuatı üçün böyük bir ənənə qoydu və bu gün bəzən bu ənənələrdən çıxma halları olur. Ümumilikdə Azərbaycanın müstəqillik dövrü mətbuatın inkişafının pik nöqtəsi hesab edilə bilər".
   Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov Azərbaycan mətbuatının 135 yaşının olmasının böyük fərəh verdiyini deyib. O bildirib ki, "Əkinçi" qəzetinin yazarları sonradan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış şəxslər olub və bu, həmin qəzetin əhəmiyyətinin göstəricilərindən biridir.
   Tədbirdə çıxış edənlər mətbuatın bugünkü durumu, problemləri, jurnalistlərin sosial vəziyyəti barədə də öz fikirlərini bildirib.
   
   
Əhalinin banklardakı əmanətlərinin taleyi tükdən asılıb
Batmış sovet əmanətlərindən sonra oxşar problem ikinci dəfə yaşana bilər
Azərbaycan bankları əmanətçilərin faizlərini qaytara bilmir
İlham Hüseynli bunu dünya bank sektorunda yaranan maliyyə böhranı və bunun yerli banklara təsirilə əlaqələndirir
   
   Beynəlxalq maliyyə qurumlarının hesabatlarında, Azərbaycanda bank sektorunun əsas problemlərindən biri kimi, etibarlılıq sisteminin zəifliyi göstərilir. Qeyd olunur ki, MDB ölkələrində, o cümlədən Azərbaycanda vətəndaşlar banklarla uzunmüddətli əməkdaşlıqda maraqlı deyil. Yaxın keçmişin bank təcrübəsinin acı nəticələri hazırda özəl banklarla daimi əməkdaşlığa imkan vermir.
   Bir vaxtlar vətəndaşlar "Əmanətbank"a övladlarının adına pul yatırmışdı. Nəticəni izah etməyə ehtiyac duymuruq. Yaxud da "Vahidbank"da yaşanan problemlər. Bütün bunlara görə, vətəndaşlar öz pullarının taleyini təhlükə altına qoymaq istəmir.
   Mətbuatda gedən məlumatlara görə, bu gün əksər banklar vətəndaşların cəlb etdiyi əmanətlərin illik faizlərini ödəmir və bunu müxtəlif bəhanələrlə əlaqələndirir. Düzdür, həmin bankların adları açıqlanmayıb, amma qeyd olunur ki, son vaxtlar belə banklar ortaya çıxıb.
   Ekspertlərə görə, Azərbaycanda bank sektoru ilə bağlı nə qədər inkişaf layihələri həyata keçirilsə də, etibarlılıq sistemi zəifdir. Bazarda bankların sayının kifayət qədər olmasına baxmayaraq rəqabətlilik, etibarlılıq problemləri var. Beynəlxalq təşkilatların hesabatında göstərilən reytinq cədvəllərində Azərbaycanın bank sektoru sonuncu yerləri tutur ki, bu da təsadüfi deyil. Təəssüflər olsun ki, əhalinin banklara olan inamını hələ də bərpa edə bilməmişik. "Əmanətbank" və "Vahidbank" zərbələrinin təsirindən tam xilas ola bilməyən vətəndaşlar mövcud banklarla uzunmüddətli əməkdaşlıq etməkdə ehtiyatlılıq göstərir. Ekspert İlham Hüseynliyə görə, bu gün Azərbaycan bankları ciddi maliyyə qıtlığı ilə üzləşib. Onun sözlərinə görə, Qərbdə qlobal maliyyə böhranının başa çatdığını bəyan etsələr də, gedən iqtisadi proseslər hələlik bunun tam əksini göstərməkdədir. Belə ki, ABŞ-ın daha 9 bankı maliyyə imkansızlığı ucbatından bağlanıb.
   Ekspertlər isə bildirir ki, Qərbdəki bankların müflis olması dünyanın digər ölkələrinə, o cümlədən MDB dövlətlərinə və burada yerləşən Azərbaycana da təsir edib. Çünki MDB ölkələri kredit şəklində verdikləri pulların böyük hissəsini elə ABŞ banklarından daha aşağı faizlə kredit kimi alırdı. Qeyd olunduğu kimi isə, bu vəziyyət digər ölkələrə də təsirsiz ötüşməyəcək və bu ölkələr sırasına Azərbaycan da aid oluna bilər. İlk növbədə ona görə ki, Qərb banklarının düşdüyü vəziyyət üzündən Azərbaycan bankları, çətin ki, bu ölkədən ucuz faizlə kredit cəlb edə bilsin. Deməli, Azərbaycan bankları xarici maliyyə mənbələrinin birindən məhrum olur və bu, ölkənin kredit bazarında maliyyə çatışmazlığı yaradır, sonuncu isə, öz növbəsində, kreditlərin faiz dərəcələrinin qalxmasına səbəb olur".
   İ.Hüseynliyə görə, Azərbaycandakı bankların vətəndaşlara əmanət faizlərini vaxtlı-vaxtında ödəməməsi və ya vaxtı uzatması maliyyə qıtlığı ilə bağlı ola bilər: "Digər tərəfdən, belə vəziyyət bank sistemində risqlərin artımına da gətirib çıxarmaqdadır. Elə əksər banklar da, risqlərin qaldığını əsas gətirərək, kreditlərin verilməsini məhdudlaşdırıb. Halbuki, Mərkəzi Bankın mütəxəssisləri də öz növbəsində bildirir ki, Azərbaycanda risq səviyyəsi elə də böyük deyil. Məsələn, Mərkəzi Bankın kredit təşkilatlarına nəzarət departamentinin direktoru Rəşad Orucov bildirib ki, böhranın əsas mərhələsi arxada qalıb və bankların risq dərəcəsi bir qədər aşağı düşüb. İndi bankların risq səviyyəsi həm region, həm də Avropa ölkələrinə nisbətən daha azdır. Buna səbəb kredit təşkilatlarının risqli sahələrə investisiya qoymamasıdır. Amma faktdır ki, bu gün Azərbaycan banklarının xarici bazarlardakı resursları azalıb. Yerli kommersiya banklarının bir çoxu da etiraf edir ki, hər şey onlar üçün heç də rəvan getmir. Belə ki, banklar, xarici mənbələrdən kredit cəlb etməyə çətinlik çəkdiyi bir vaxtda, həm də böhrandan əvvəl götürdüyü xarici borcları tam qaytara bilməməsindən əziyyət çəkir. Qeyd edək ki, bu il banklar xarici borcların qaytarılması üçün 1 milyard manata yaxın vəsait xərcləyib. Əvəzində bu il xaricdən cəmi 400 milyon dollar vəsait cəlb olunub. Həmin vəsaitlərin faiz dərəcəsi 7-9 faiz arasında dəyişsə də, bu, daxili bazarda kreditlərin ucuzlaşmasına səbəb olmayıb. Əksinə, indi ABŞ-ın bank sektorunda yaranan vəziyyət, Avropada da durumun bundan yaxşı olmaması Azərbaycan bankları üçün iki problemə yol açır".
   İ.Hüseynli hesab edir ki, əvvəla, Azərbaycan banklarının bundan sonra xaricdən daha yüksək faizlə kredit götürmək məcburiyyətində qalacağı gözlənir: "Çünki Qərbdə yaranan vəziyyət və bunun dünya iqtisadiyyatına təsiri fonunda ölkəmizə kredit verən xarici bankların faiz dərəcələrini artıracağı gözlənir. Digər tərəfdən, belə vəziyyətdə xarici mənbələrdən alınacaq vəsaitlərin həcminin daha da azalacağı gözlənir. Hər iki məsələ isə sonda Azərbaycanda kreditlərin faiz dərəcələrinin bir qədər də bahalaşmasına xidmət edir.
   Lakin Qərbdən gələn sürprizlər bununla bitmir. Amerikanın "Morgan Stanley" bankının hesabatına görə, həm də dünya iqtisadiyyatı güclü inflyasiya astanasındadır. "Morgan Stanley" hesab edir ki, aparıcı Qərb ölkələrinin hökumətləri iqtisadiyyatda depressiyanın qarşısını almaq üçün antiböhran proqramının reallaşdırılması nəticəsində yaranmış böyük həcmdə dövlət borclarını azaltmaq yollarını axtarır. Dövlət borcu ilə bağlı yaranmış vəziyyət uzun sürən müharibə dövründəki maliyyə vəziyyətilə müqayisə oluna bilər. Elə bu səbəbdən sözügedən bank yaranan vəziyyətin güclü inflyasiyaya gətirib çıxaracağını düşünür.
   Mənim fikrimcə, Azərbaycan banklarının əmanətçilərin faizlərini vaxtlı-vaxtında verə bilməməsi onlarda yaranın ciddi maliyyə qıtlığı ilə bağlıdır. Mən hələ ötən il bildirmişdim ki, maliyyə böhranının təsiri bir il sonra özünü büruzə verəcək. Artıq proqnozlarım özünü doğrultmaqdadır".
   
Eldar XƏYAL
Şirvanda neft mədənlərinin birinə qaz sızdı
Azərbaycanda neft mədənlərinin birində qaz sızması baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə iyulun 20-də Şirvan şəhəri, Kirovdağ ərazisindəki 2-ci mədəndə qeydə alınıb. Quyulardan birində qaz sızmasının baş verməsi barədə nazirliyə məlumat daxil olan kimi dərhal FHN-in müvafiq qurumları hadisə yerinə cəlb edilib. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib. Qaz sızmasının qarşısı aidiyyəti qurumlar tərəfindən alınıb, ölən və xəsarət alan yoxdur.
   
Bərdəli Kəmalə Yusifovanın "fahişə biznesi" baş tutmadı
Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Bərdə sakini həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin Nizami rayonu ərazisində kirayədə yaşayan Bərdə rayon sakini Kəmalə Yusifova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə tutulub. Fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.
   
Qobustanda ölmüş dustağın daxili orqanlarının oğurlanması xəbərinə düzəliş edildi
Professor Şakir Musayev açıqlama yaydı
"Yeni Müsavat" qəzetinin 21 iyul 2010-cu il tarixli sayında "Qobustanda ölən dustağın daxili orqanları oğurlanıb" başlıqlı məqalədə göstərilən faktlar təsdiqini tapmır.
   Qəzetdə Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan qəsəbəsində yerləşən həbsxanasında cəza çəkən Əhmədov Neman Qəzənfər oğlunun xəstəlikdən vəfat etməsilə əlaqədar onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsində qohumları tərəfindən qəbul edilərkən mərhumun daxili orqanlarının yerində olmaması barədə informasiya dərc olunub.
   Məsələ ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru, professor Şakir Musayev Milli.Az xəbər portalına açıqlamasında həqiqətə uyğun olmayan və reallığa söykənməyən belə bir informasiyanın mətbuatda yer almasından təəssüfləndiyini bildirdi. Onun sözlərinə görə, həmin məqalədə dərc olunanlar sensasiya xatirinə, peşə etikasına riayət edilmədən və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət etməklə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nüfuzuna kölgə salmağa xidmət edir.
   "Göstərilənlərlə əlaqədar bildiririk ki, iyulun 10-da qeyd edilən həbsxananın 6-cı rejim korpusunun 180 saylı hücrəsində saxlanan 30 yaşlı, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2 sentyabr 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələrilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Neman Əhmədovun ölməsi barədə Qaradağ Rayon Prokurorluğunun böyük müstəntiqi H.Məmmədovun qərarı əsasında 10 iyul 2010-cu il tarixdə N.Əhmədovun meyitinə müstəntiq H.Məmmədovun, həbsxana əməkdaşlarının, Birliyin Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı meyitin bədən səthində xəsarət və ya xəsarət izləri aşkar edilməyib və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit daxili müayinə olunması üçün Birliyin Qaradağ rayon şöbəsinə göndərilib. Müayinə zamanı mərhumun bədənində hər hansı bir xəsarət və ya keçirilmiş tibbi müayinə (manipulyasiya) izləri aşkar edilməyib. Meyitin müayinəsi qüvvədə olan "Təlimat"a uyğun olaraq tam şəkildə aparılıb, fotoşəkilləri çəkilib və ilkin olaraq ölümün kəskin ürək-qan damar çatışmazlığından baş verdiyi müəyyən edilib. N.Əhmədovun ölümünün səbəbinin dəqiqləşdirilməsi məqsədilə əlavə laborator tədqiqatlara - məhkəmə-kimyəvi və tibbi-bioloji müayinələrə meyitdən iki flakon duru qan və məhkəmə-histoloji tədqiqat üçün daxili üzvlərdən tikəciklər götürülərək müvafiq laboratoriyalara göndərilib. Müayinənin sonunda tədqiq olunmuş daxili üzvlər kompleksi meyitin daxili boşluğunda yerləşdirilərək anatomik tikilib və mövcud qaydalara uyğun olaraq dəfn üçün mərhumun qohumlarına təhvil verilib" - deyə Ş.Musayev əlavə edib.
   
Sumqayıt Nəqliyyat Departamentinin sabiq rəisi həbs oluna bilər
Qəhrəman Hacıyev barədə araşdırmaların başlandığı deyilir
Nəqliyyat Nazirliyinin Sumqayıt şəhər Nəqliyyat Departamentində araşdırmalar başlanıb. "OLAYLAR"ın məlumatına görə, araşdırmalar departamentin sabiq rəisi Qəhrəman Hacıyevin fəaliyyət dövrünü əhatə edir. Mənbənin dediyinə görə, Nəqliyyat Nazirliyi Qəhrəman Hacıyevin fəaliyyətində ciddi nöqsanlar aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
   Daxil olan materiallar əsasında Qəhrəman Hacıyevin fəaliyyətinin təftişinə başlanıb. Mənbə deyir ki, məsələdən xəbər tutan Qəhrəman Hacıyev əvvəlcə əlaqələrindən istifadə edərək hüquq- mühafizə orqanları ilə danışıqlar aparmaq istəsə də, cəhdi baş tutmayıb. Artıq onun fəaliyyətilə bağlı araşdırmalar başlanıb. Məlumata görə, hüquq-mühafizə orqanlarına təqdim olunan materiallar hətta Qəhrəman Hacıyevin həbsilə nəticələnə bilər. Məlumatda qeyd edilir ki, Qəhrəman Hacıyev həbsdən yayınmaq üçün Azərbaycanı tərk etmək istəyir.
   Qeyd edək ki, Qəhrəman Hacıyev bir neçə gün öncə tutduğu vəzifədən azad edilib. Onunla yanaşı, departamentin bir neçə vəzifəli işçisi də işdən azad edilib.
   
Xətaidə "TAN-İnşaat" tikinti şirkəti direktorunun evinə basqın etdilər
Sevinc Məmmədovanın 15 min manatlıq qızıl-zinət əşyaları getdi
Bakının Xətai rayonunda tikinti şirkəti direktorunun evinə basqın edilib. Bu barədə Milli.az-a Xətai Rayon Polis İdarəsindən bildirilib.
   Polis İdarəsindən verilən məlumata görə, srağagün saat 10:00 radələrində naməlum şəxslər "TAN-İnşaat" tikinti şirkətinin direktoru Sevinc Məmmədovanın Xətai rayonu, Senyuşkin küçəsi, bina 13, ev 9-da yerləşən mənzilinə soxulub.
   Onlar özlərini işıq idarəsinin əməkdaşları kimi təqdim edərək mənzilə daxil olub, orada xadimə işləyən Xakipur Majena Mikayıl qızına ayaq nahiyəsindən bıçaqla xəsarət yetiriblər. Naməlum şəxslər evdən 15 min manat dəyərində qızıl-zinət əşyaları, "Bakko" şirkətinin istehsalı olan, 2000 manat dəyərində 2 ədəd kişi pencəyi, təxminən hər biri 1500 manat olan 4 yataq dəsti aparıb.
   Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq) maddələrilə cinayət işi başlanıb.
   
Xəbər xidməti
ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays Azərbaycana gələsi olmadı
ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays sentyabrda dünya liderlərinin beşinci simpoziumu çərçivəsində Azərbaycana gəlməyəcək. Bu barədə Trend-ə "World Leaders Travel" təşkilatının mətbuat ofisindən bildiriblər.
   "Xanım Rays bizim səfərlərimizin kiçik hissəsində iştirak edəcək və o, Azərbaycana səfər etməyi planlaşdırmır" - təşkilatın nümayəndəsi bildirib.
   Bundan əvvəl qurumun rəsmi saytında simpozium çərçivəsində məşhur dünya siyasətçiləri və ekspertlərinin Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Azərbaycana səfər edəcəyi barədə məlumat meydana çıxmışdı.
   Ölkəyə, Kondaliza Raysla yanaşı, ABŞ-ın keçmiş müdafiə naziri Uilyam Ceyms Perinin, Moskvanın Karnegi Mərkəzinin direktoru Dmitri Treninin də səfərləri gözlənirdi.
   
"Eşşək Partiyası" yaradıldı
İraqın şimalında fəaliyyət göstərən Eşşəkləri Sevmə və Qoruma Dərnəyi "Eşşək Partiyası" adlı siyasi təşkilat yaradıb.
   Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə məlumat "Əl Ərəbiyyə" telekanalının internet səhifəsində yerləşdirilib. Partiyanın baş katibi seçilən Amr Kalul İraq ərazisindəki dərnək üzvlərinin partiya üzvlüyünə keçdiyini bildirib və "digər partiyalarla rəqabətə hazırıq" bəyanatını verib. Partiya yerli idarəetmədən maliyyə yardımı tələb edib və təbliğat məqsədilə radiostansiya yaratmağı planlaşdırır.
   
Sumqayıtın Kimyaçılar qəsəbəsində həyat yoldaşı ilə dava edən Təranə özünü yandırdı
Sumqayıtda intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, srağagün Kimyaçılar qəsəbəsi, 86 saylı evdə yaşayan 44 yaşlı Təranə Camalova üzərinə benzin tökərək özünü yandırıb.
   Ailə üzvlərinin səyi nəticəsində yanğın söndürülüb və o, xəstəxanaya çatdırılıb. Amma həkimlərin səyinə baxmayaraq, yanıq xəsarəti ağır olduğundan, T.Camalovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum olmasa da, onunla həyat yoldaşı arasında uzun müddətdir münaqişə olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Rusiyada terrorçular hidroelektrik stansiyanı partlatdı
Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Baksan Hidroelektrik Stansiyasında terror aktı baş verib.
   APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, iyulun 21-də yerli vaxtla saat 04.20-də iki nəfər stansiyaya daxil olaraq mühafizə xidmətinin 2 əməkdaşını qətlə yetirib. Onlar stansiyaya partlayıcı qurğular yerləşdirib. İlk partlayış saat 05.20-yə yaxın, ikinci partlayış isə saat 06.00-da baş verib. İkinci partlayışdan sonra hidrogeneratorların birində yanğın başlayıb. Terrordan sonra Baksan Hidroelektrik Stansiyasının fəaliyyəti dayanıb. İnsident zamanı idarənin 2 əməkdaşı yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və elektriklər göndərilib. Stansiyada daha bir neçə partlayıcı qurğunun aşkarlandığı bildirilir.
   Kabardin-Balkarın hüquq-mühafizə orqanları partlayışlar nəticəsində 3 hidrogeneratordan ikisinin zədələndiyini açıqlayıb. "RusQidro" şirkətindən isə deyiblər ki, hadisə zamanı stansiyanın hidrotexniki qurğularına zərər dəyməyib, sadəcə, maşın zalı zədələnib.
   Qeyd edək ki, Baksan Hidroelektrik Stansiyası 1930-1936-cı illərdə inşa olunub. Stansiyada orta hesabla ildə 108 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilir.
   Hücum edən terrorçuların sayı 4-ə qədər olub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Milli Antiterror Komitəsindən bildiriblər. Komitədən deyiblər ki, artıq şübhəli şəxslərin dairəsi müəyyənləşdirilib.
   
   
   
Xəbər xidməti
Quba və Qusarda 8 nəfəri "işə düzəldən" dələduz ələ keçib
Qusar və Quba rayonlarında dələduzluq edən şəxs ələ keçib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dələduzluq etdiyinə görə saxlanan E.Nəsrullayev ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun 2009-cu ilin avqust-oktyabr aylarında Qusar şəhər sakini Ədalət Babayevin, rayon sakinləri Ədalət Ağamətovun, Nasim Tağıyevin, Loğman Aslanovun, Bəhruz Vəzirovun, Quba rayon sakinləri Tural Abdullayevin, Cəmil Əmrahovun, Eldəniz Həşimovun və Bayram Pirkişiyevin etimadını qazanaraq, işə düzəltmək adı ilə, müvafiq olaraq, onlardan 500, 820, 2.700, 300, 1.200, 750, 400, 750 və 300 manat pul aldığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.
   
Zəlzələ İrana yenə "ayaq açıb"
İranın Fars və Hormuzqan vilayətlərində 6,5 bal gücündə zəlzələ olub. APA-nın "İRNA"ya istinadən verdiyi məlumata görə, Tehran Universitetinin Geofizika İnstitutu səhər saatlarına kimi 6,5 və 5,3 bal gücündə daha 8 yeraltı təkanın qeydə alındığını bildirir. Zəlzələ çoxlu dağıntılara səbəb olub, bölgənin qədim binalarının 30 faizi uçub. Çoxlu sayda yaralanan var. İran Qırmızı Aypara Cəmiyyəti təbii fəlakət bölgəsinə xilasetmə briqadaları göndərib. İlkin məlumatlarda təbii fəlakət zamanı yaralananlardan 15 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. Hələlik ölənlər barədə məlumat yoxdur.
   
Bakıda ADNA terrorunun əsas təşkilatçısı olan erməni Qumaşyan barədə Gürcüstan prokurorluğu susur
Gürcüstan Prokurorluğu Azərbaycan Dövlət Neft Akademiyasında terrorun sifarişçisi olduğu bildirilən erməni Mardun Qumaşyanla bağlı sualları cavablandırmır.
   2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər mühakimə olunur - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Amirov və Nəcəf Süleymanov. İttiham aktına görə, bu şəxslər və Fərda Qədirov terroru Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviçin sifarişilə hazırlayıb. 2010-cu il aprelin 30-da Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Mardun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələrilə axtarışdadır. Bundan az sonra "Yeni Müsavat" qəzetinin yazarı Tofiq Yaqublu Marneuli rayonunun Şulaver kəndinə gedərək Mardun Qumaşyanın evində olub. Qəzetin 12 may sayına açıqlama verən Qumaşyan Azərbaycan Dövlət Neft Akademiyasındakı terrora heç bir dəxli olmadığını deyib. "Media forum" saytı may ayında Gürcüstan Prokurorluğuna yazılı sorğu ilə müraciət edib. Sayt prokurorluğa bu sualları ünvanlayıb: "Azərbaycanın hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşı Mardun Qumaşyanı məsuliyyətə cəlb etmək üçün Gürcüstan Respublikası Prokurorluğuna rəsmi müraciət edibmi? Edibsə, bu yöndə Gürcüstanda hansı araşdırmalar aparılıb? Mardun Qumaşyan dindirilibmi? Dindirilibsə, dindirmənin nəticələri nəyi göstərib?" Sorğuya cavab verilmədiyi üçün iyun və iyul aylarında prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinə dəfələrlə müraciət olunub. Hər dəfə şöbədən saytın əməkdaşına bir cümləlik açıqlama verilib: "Sorğunuz baş prokurora və onun müavininə çatdırılıb".
   
Balakən Aviasiya Mərkəzində 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb
Azərbaycanın tarixində ilk dəfə olaraq 12 yaşlı qız paraşütlə tullanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Aviasiya Mərkəzinin rəisi, polkovnik-leytenant Məhyəddin Süleymanov məlumat verilib.
   Onun sözlərinə görə, dünən Balakən Aviasiya Mərkəzində sınaq uçuşları və yeniyetmələr arasında paraşütlə tullanma yarışı keçirilib. Yarışlarda iştirak edən yeniyetmələrə Balakən Aviasiya Mərkəzində bir ay müddətində təlim və tədris kursları keçirilib. Yarışda 12-17 yaş arasında 7 yeniyetmə gənc iştirak edib.
   Yarış iştirakçıları 1200 metr hündürlükdən ilk dəfə paraşütlə tullanaraq sərbəst şəkildə yerə enib. Yarışda iştirak edən 12 yaşlı Balakən rayonu, Tülü kənd sakini Abdullayeva Nigar Azad qızı daha çox diqqəti cəlb edib. 12 yaşlı qızın 1200 metr hündürlükdən sərbəst şəkildə tullanması Azərbaycan və MDB tarixində ilk hadisədir.
   Yarışlarda, həmçinin, 14 və 17 yaşlı Leyla və Türkan Əliyeva bacıları iştirak edib. Onlar da ilk dəfə 1200 metr hündürlükdən paraşütlə tullanaraq sərbəst şəkildə yerə enə bilib.
   
Suraxanı polisi Qaraçuxurda saysız maşınlar qarət etmiş Nicatı həbs etdi
Paytaxt ərazisində avtomobillərə divan tutan şəxs ələ keçib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Qaraçuxur qəsəbə sakini Nicat Əliyevdir. Məlum olub ki, o, martın 22-nə keçən gecə Yeni Günəşli qəsəbəsində Mirsahib Nəbiyevə məxsus "VAZ-2107" markalı, martın 25-nə keçən gecə Zöhrab Hüseynova məxsus "VAZ-2106" markalı, iyulun 3-nə keçən gecə Aslan Əliyevə məxsus "VAZ-2107" markalı və iyulun 16-na keçən gecə Orxan Ağayevə məxsus "VAZ-2107" markalı maşınlardan ehtiyat təkərləri, səsgücləndirici oğurlayıb. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən edilib ki, Nicat Əliyev iyun ayında müxtəlif vaxtlarda Fariz Şıxəliyevə, Arzu İsmayılova, Vüqar Xəlilova və Rauf Əliyevə məxsus "VAZ-2107" markalı maşınlardan da ehtiyat təkərləri və qaldırıcı qurğu oğurlayıb.
   
Bakı İstintaq Təcridxanasında İlham Abbasov adlı şəxs ölüb
Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan məlumat verilib. Təcridxanada saxlanan 49 yaşlı İlham Əbil oğlu Abbasov naməlum şəraitdə dünyasını dəyişib. Meyitə ilkin baxış keçirən ekspertlər mərhumun ürək tutmasından öldüyünü müəyyən edib. Faktla bağlı araşdırma aparılır.
   
Neftçala polisi İmaməddin Cəfərovu güllələyənləri tutdu
Neftçalada silahlı insident baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
   DİN-in Baş Cinayət-Axtarış İdarəsi və Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də İmaməddin Cəfərovu ov tüfəngindən atəş açaraq qətlə yetirməkdə şübhəli bilinən 2-ci Mayak kənd sakinləri Seymur Hüseynov, Emil Hüseynov, onun qardaşı Etibar və Kürkənd kənd sakini Zülfüqar Soltanov tutulublar.
   E.Hüseynovdan 1 ədəd müvafiq sənədləri olmayan "İJ-18 E" markalı ov tüfəngi götürülüb.
   
   
ABŞ-ın Bakıda keçirdiyi budəfəki İstiqlaliyyət bayramında hökumət adından Samir Şərifov çıxış etdi
Srağagün ABŞ səfirliyində iyulun 4-də bu ölkədə qeyd olunan Müstəqillik Günü münasibətilə qəbul keçirilib. İyulun 4-də ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərilə əlaqədar qəbulun vaxtı dəyişdirilib.
   ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq toplaşanlar qarşısında çıxış edərək deyib ki, iki ölkə arasında çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq mövcuddur.
   "Həm ABŞ, həm də Azərbaycan azadlığın xeyrinə seçim edib və bu seçim Azərbaycan xalqının müstəqil, dinc mütərəqqi gələcəyini təmin edəcək" - Stirlinq vurğulayıb.
   Onun sözlərinə görə, ABŞ Azərbaycanda siyasi və iqtisadi islahatları dəstəkləyir. "Amerika bundan sonra da təhlükəsizliyin təminatında, müstəqilliyin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında Azərbaycanı dəstəkləyəcək".
   Diplomat qlobal təhlükəsizliyin təminatında və terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirib. Azərbaycan hökuməti adından çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan-Amerika münasibətlərinin strateji xarakter daşıdığını qeyd edib. Qarabağ nizamlanmasına toxunan Şərifov münaqişənin həllində ABŞ-ın və ümumilikdə beynəlxalq birliyin səylərinin canlandırılmasının vacibliyini bildirib.
   
TURAN
Rüstəm İbrahimbəyov kino kompleksini Avropa Məhkəməsinə çıxara bilər
"Kino kompleksinin inşasına yaradılan problemlər Azərbaycan qanunvericiliyi ilə həllini tapmasa, işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacam". Kinematoqraflar İttifaqının sədri Rüstəm İbrahimbəyov "Media forum" saytına açıqlamasında belə deyib.
   Bu ilin mart ayında Rüstəm İbrahimbəyovun rəhbərliyilə Bakıda "Kino Evi-Kinofestival Mərkəzi-Beynəlxalq Kino Məktəbi" kompleksi layihəsinin inşasına başlandığı açıqlanıb. Lakin Dövlət Neft Şirkəti tikinti gedən ərazinin özünə məxsus olduğunu bildirib, həmin ərazidən mədən borusunun keçdiyini bildirib və tikintinin qanunsuz aparıldığını iddia edib. Hazırda hər iki tərəfin şikayətinə məhkəmədə baxılır.
   Rüstəm İbrahimbəyov "Media forum"a açıqlamasında kino kompleksinin tikilməsi fikrindən heç bir halda daşınmayacağını vurğulayıb: "Məhkəmə davam edir. Dövlət Neft Şirkətinin iddiasının heç bir əsası yoxdur. Onlar torpaqları hələ sovet vaxtında istifadəyə götürdüklərini və həmin ərazidə bir neft buruğu olduğu üçün tikintinin qanunsuz olduğunu bildirirlər. Biz də torpağın bizə məxsus olması ilə bağlı bütün sənədlərin düz olduğunu bilirik və bu işin hüquqi müstəvidə həllini tapmasını istəyirik. Çünki Azərbaycanın Torpaq Məcəlləsinə əsasən, yalnız əlində Dövlət Torpaq Komitəsinin (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) ayırdığı sahənin kadastr planı olan və dövlət reyestrindən keçən şəxs torpağın sahibi sayıla bilər. Bu sənədlərin hamısı bizdə var və qüvvədə olan qanunvericiliyə görə, Dövlət Neft Şirkətinin bu torpağa iddia etməyə heç bir hüququ yoxdur". "Kino Evi-Kinofestival Mərkəzi-Beynəlxalq Kino Məktəbi" kompleksi layihəsinin smeta dəyəri 20 milyon manatdan artıqdır. 14 min kvadratmetrə yaxın sahədə tikilməsi nəzərdə tutulan kompleksdə, plana görə, 500 nəfərlik kinokonsert zalı, dünya kinosu muzeyi, sərgi salonları, yaradıcılıq emalatxanları, restoran, təntənəli mərasimlər üçün banket zalı və kiçik mehmanxana olmalıdır.
"Olaylar" KİV DF-nin maliyyə dəstəyilə müsabiqə layihəsini yekunlaşdırdı
İyulun 21-də "Olaylar" qəzetinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Erməni terroru və separatizmi bəşəriyyətə təhlükədir" layihəsinin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.
   Mətbuat konfransını açan qəzetin baş redaktor müavini Elman Cəfərli 4 aylıq layihə çərçivəsində görülmüş işlərdən danışıb. Bildirib ki, layihə çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə həsr olunmuş "Bitməyən düşmənçilik", erməni terrorçularının Xocalıda törətdiyi faciəyə həsr edilmiş "Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətidir", "Ermənilərin türk dünyasında törətdiyi vəhşiliklər" və "Dağlıq Qarabağ münaqişəsinin həlli yolları: ümidlər, perspektivlər" mövzusunda dəyirmi masalar keçirilib, jurnalistlərin Quba Soyqırım Muzeyinə səfəri təşkil olunub. Dəyirmi masalarda ekspertlərin iştirakı ilə müzakirələr keçirilib, erməni separatizminin, erməni terrorunun təkcə Azərbaycan xalqına, türk dünyasına deyil, bütün bəşəriyyətə təhlükə olduğu əsaslandırılıb. Dərc edilən materiallarda, sayta yerləşdirilmiş fotosənədlərdə erməni vandalizmi ifşa edilib, "erməni soyqırımı"nın olmadığı, soyqırımın əslində türklərə, azərbaycanlılara qarşı həyata keçirildiyi bildirilib. Baş redaktor müavini layihə çərçivəsində KİV təmsilçiləri arasında yazı müsabiqəsinin keçirildiyini də bildirib.
   
Xəbər xidməti
Masazır gölü ətrafındakı duz zavodu açıldı
Açılışda prezident iştirak edib
Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü yaxınlığında duz zavodunun açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub.
   Foyedə Heydər Əliyevin və prezident İlham Əliyevin müxtəlif sənaye müəssisələrinin açılışlarında iştirakına dair fotoguşə var. Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq, 2007-ci ildə "Azersun Holdinq" Azərbaycanda ilk duz rafinasiya zavodunun tikilməsi missiyasını üzərinə götürüb. Bu layihə Azərbaycan İnvestisiya Şirkətilə birgə həyata keçirilib. Yeddi hektar ərazini əhatə edən istehsal müəssisəsinin gündəlik emal gücü 300 ton nəzərdə tutulur. Zavodun iş mexanizmi tamamilə avtomatlaşdırılmış sistem əsasında qurulub. Burada 130-a yaxın işçi çalışacaq. Duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilib, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülüb. Zavodun "Azərduz" və "Bizim duz" brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaq. Prezident İlham Əliyev zavodun məhsullarının nümunələrinə baxıb. Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 10 kvadrat kilometr olan göldə duz iki vəziyyətdə - lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı təxminən 1 milyon 735 min tondur. Konfrans salonunda zavodun maketi və fotoşəkillərilə tanışlıqdan sonra dövlət başçısı kollektivi təbrik edib, tapşırıq və tövsiyələrini verib.
   
Səttar Mehbalıyev jurnalistləri təbrik etdi
Təbrikdə deyilir ki, 135 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların daşıyıcısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
   Əsası 22 iyul 1875-ci ildə görkəmli maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuat daim ədalətin carçısı olub, xalqın maariflənməsi, habelə milli və ümumbəşəri ideyaların təbliği işində yaxından iştirak edib.
   Təbrikdə daha sonra deyilir: "Ölkəmiz müstəqillik əldə etdikdən sonra milli mətbuatın inkişafına xüsusi diqqət göstərilməyə başlanmış, ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmışdır. Ölkə başçısı İlham Əliyevin Azərbaycan mətbuatının 135 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı 10 iyun 2010-cu il tarixdə imzaladığı sərəncam da mətbuat sahəsində çalışan insanların fəaliyyətinə göstərilən dövlət qayğısının təzahürüdür".
   
   
Xəbər xidməti
Almaniyada Hitlerə qarşı uğursuz sui-qəsd iştirakçılarının edam yerinə Angela Merkel özü gəlib
Almaniya Hitlerə qarşı uğursuz sui-qəsdin 66-cı ildönümünü qeyd edir. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Almaniya hökuməti polkovnik qraf Klaus Şenkom fon Ştauffenberq tərəfindən Hitlerə qarşı təşkil edilən, lakin uğursuz alınan sui-qəsdin ildönümünü qeyd edir.
   Berlində Reyxstaqın qarşısında təşkil edilmiş təntənəli mərasimdə Almaniyanın kansleri Angela Merkel iştirak edib. Sui-qəsdin 4 iştirakçısının edam olunduğu yerə əklillər qoyulub. Təntənəli mərasim "Pletzenzee" həbsxanasında davam edib. Bu ərazidə alman faşistləri 2,5 adamı qətlə yetirib.
   Xatırladaq ki, 1944-cü ilin iyul ayında Klaus Şenkom fon Ştauffenberq Hitlerin qərargahına bomba qoymuşdu. Lakin parlayış nəticəsində Hitler yüngül xəsarət almışdı.
   Faşistlər 600 sui-qəsd iştirakçısını həbs etmiş, onlardan çoxu edam edilmişdi.
   
 
 
 SON XƏBƏRLƏR
2010-07-22 Almaniyada Hitlerə qarşı uğursuz sui-qəsd iştirakçılarının edam yerinə Angela Merkel özü gəlib
2010-07-22 Səttar Mehbalıyev jurnalistləri təbrik etdi
2010-07-22 Masazır gölü ətrafındakı duz zavodu açıldı
2010-07-22 "Olaylar" KİV DF-nin maliyyə dəstəyilə müsabiqə layihəsini yekunlaşdırdı
2010-07-22 Rüstəm İbrahimbəyov kino kompleksini Avropa Məhkəməsinə çıxara bilər
2010-07-22 ABŞ-ın Bakıda keçirdiyi budəfəki İstiqlaliyyət bayramında hökumət adından Samir Şərifov çıxış etdi
2010-07-22 Neftçala polisi İmaməddin Cəfərovu güllələyənləri tutdu
2010-07-22 Bakı İstintaq Təcridxanasında İlham Abbasov adlı şəxs ölüb
2010-07-22 Suraxanı polisi Qaraçuxurda saysız maşınlar qarət etmiş Nicatı həbs etdi
2010-07-22 Balakən Aviasiya Mərkəzində 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb
2010-07-22 Bakıda ADNA terrorunun əsas təşkilatçısı olan erməni Qumaşyan barədə Gürcüstan prokurorluğu susur
2010-07-22 Zəlzələ İrana yenə "ayaq açıb"
2010-07-22 Quba və Qusarda 8 nəfəri "işə düzəldən" dələduz ələ keçib
2010-07-22 Rusiyada terrorçular hidroelektrik stansiyanı partlatdı
2010-07-22 Sumqayıtın Kimyaçılar qəsəbəsində həyat yoldaşı ilə dava edən Təranə özünü yandırdı
2010-07-22 "Eşşək Partiyası" yaradıldı
2010-07-22 ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays Azərbaycana gələsi olmadı
2010-07-22 Sumqayıt Nəqliyyat Departamentinin sabiq rəisi həbs oluna bilər
2010-07-22 Bərdəli Kəmalə Yusifovanın "fahişə biznesi" baş tutmadı
2010-07-22 Şirvanda neft mədənlərinin birinə qaz sızdı
2010-07-22 AMİP-də mətbuat bayramı Masa formasında keçirildi
2010-07-22 Müsavat Partiyası meyiti ermənilərdə girov saxlanan Milli Ordunun giziri Mübariz İbrahimova Milli Qəhrəman adının verilməsini istəyir
2010-07-22 QAT Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən Mübariz İbrahimovun meyitini tələb etdi
2010-07-22 KXCP-nin 31 iyul mitinqindən imtinası Müsavatla imzalanan "Niyyət protokolu"nu zərbə altına qoymurmu?
2010-07-22 BP şirkətinin illər boyu yığdıqları tar-mar olur
2010-07-22 Müsavat və AXCP birləşsə, Əhməd Oruc da onlara birləşəcək
2010-07-22 Türkiyə parlamentində NATO qrupunun rəhbəri də müvəqqəti sərhəd açılımını inkar etdi
2010-07-22 İsrail öz vətəndaşları üçün Türkiyə qadağasını nisbətən yumşaltdı
2010-07-22 PKK müəyyən şərtlərlə tərksilahın mümkün olduğunu bəyan edir
2010-07-22 Partiyalar AMİP-in "namizədlərə təmənnalı dəstək" taktikasını bəyənmədi
2010-07-22 "Mən "Ədalət" qəzetinə çoxdan gəlməli idim"
2010-07-22 Moskva-Naxçıvan marşrutu üzrə yeni aviareys açılır
2010-07-22 Mailə Muradxanlısız mətbuatın ilk bayramı...
2010-07-22 Diktator Nikolae Çauşeskunun və həyat yoldaşının məzarlarını açdılar
2010-07-22 Qırğızıstanın təzə hökumətinin dəhşətli zorakılıq cinayətləri barədə BMT-nin əlinə faktlar düşüb
2010-07-22 AB İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcək
2010-07-22 PKK rəhbərlərindən biri İtaliyada yaxalandı
2010-07-22 PKK terror təşkilatının rəhbərlərindən biri İranın "Fars" agentliyinə şok açıqlama verib
2010-07-22 Ermənilər Qarabağda müharibə olacağı təbliğatını xüsusi məqsədlə genişləndirir
2010-07-22 Əhmədinejad Xəzər üzrə özünə xüsusi nümayəndə təyin etdi
2010-07-22 ABŞ-ın Türkiyədəki yeni səfiri 1915-ci il hadisələrini "soyqırım" adlandırmaqdan imtina etdi
2010-07-22 BMT-nin 250 nəfərlik "qara terrorçular siyahı"sına yeni ekstremist əlavə edildi
2010-07-22 Rusiyanın İrana raket satmayacağı barədə daha bir xəbər yayıldı
2010-07-22 Bizim ekspert Bakıda avro ilə əlaqədar başlanmış prosesi müvəqqəti saydı
2010-07-22 Rusiya çay istehsalçıları Putinə Azərbaycandan şikayət edib
2010-07-22 Sabirabadda daşqından sonrakı vəziyyətlə bağlı dedi-qodular səngimir
2010-07-22 Tikintidə 92 bədbəxt hadisə, 23 ölüm...
2010-07-22 Bakıda saxta "Golden Graal" limonadı istehsal edən müəssisə aşkarlanıb
2010-07-22 Taxıl bahalaşma təhlükəsi qarşısındadır
2010-07-22 Kreditləri geri ala bilməyən banklar əks tədbirə əl atdı
2010-07-22 "Metropoliten" kimi iri vergi ödəyicilərinin özəlləşdirilməsi gündəmə gəlib
2010-07-22 "Gələcəyin Pelesi" İngiltərəyə köçür?
2010-07-22 Berluskoni 25 ildə "Milan"a 1 milyard avro xərcləyib
2010-07-22 Futbol üzrə Türkiyə Superliqasının püşkü atıldı
2010-07-22 "Çelsi"də Petr Çex şoku...
2010-07-22 Molladan azarkeşlərə qeyri-adi çağırış
2010-07-22 Daha bir Azərbaycan futbol klubu dağıldı
2010-07-22 Raul Qonsales "Tottenhem"ə keçə bilər
2010-07-22 "Real" Maykonun transferi ilə bağlı "İnter"ə bir həftə vaxt verdi
2010-07-22 İssiar Dia "Fənərbaxça"da
2010-07-22 Azarkeşlər "Buduçnost" - "Bakı" matçını boykot edir
2010-07-22 Sabunçuda dostunu bıçaqlayan Anar Əliyev tutuldu
2010-07-22 Qobulu Toğrulun qatilinin həbs edildiyi deyilir
2010-07-22 Ağdam sakini Aynurə Səfərova 20 gündən sonra ərinin oğru olduğunu bilib
2010-07-22 Lənkəranda Anar Mehdiyev 50 manata görə soyğunçunu tutdurdu
2010-07-22 MTN bir ayda 15 nəfərdən 425 kiloqram narkotik aşkarlayıb
2010-07-22 Sumqayıtda 40 yaşlı Kəsirə Əliyeva eyvandan yıxılaraq dünyasını dəyişib
2010-07-22 Babək prospektindəki məşhur "Dədəmin" avtoservisində ölüm...
2010-07-22 Bakıda 17 nəfər dənizdə batıb
2010-07-22 Qaradağda 59 yaşlı kişinin meyiti bağlı qapı arxasında evində tapıldı
 
 
 
Copyright (c) Bakı Xəbər 2009