Şəmsəddin Əliyev: "Cinayətlərin azalmasını şərtləndirən amillərdən biri də polislə cəmiyyət arasında olan..."
.jpg)
"Ölkədə mövcud olan sabitlik və əminamanlıq da işin keyfiyyətinə öz təsirini göstərir"
Xəbər verildiyi kimi, iyulun 17-də Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin I yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə açan Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının var qüvvəsilə çalışdığını bildirib. O, hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib.
Daha sonra BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov 2010-cu ilin I yarısında paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu ilin I yarısında Bakı şəhərində 5 464 cinayət hadisəsi qeydə alınıb. Həmin cinayətlərin 84,9%-i (4 644) az ağır və böyük ictimai təhlükə törətməyən, 15,1%-i (820) isə ağır və xüsusilə ağır cinayətlər olub. E.Həsənov bildirib ki, qabaqlayıcı profilaktik tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə quldurluq 10 fakt (15,87%), soyğunçuluq 51 fakt (33,77%), adam oğurluğu 4 fakt (3 dəfə), zorlamalar 6 fakt (7 dəfə), xuliqanlıq 11 fakt (4,55%), mülkiyyət əleyhinə cinayətlər 11 fakt (0,6%), o cümlədən şəxsi əmlak oğurluqları 21 fakt (1,78%) azalıb, hədə-qorxu ilə tələb etmə cinayətləri isə sabit qalıb. Bütövlükdə ümumi cinayətlərin açılması 1,5% yaxşılaşaraq 80,7% təşkil edib, ağır növ cinayətlərin 76,3%-nin açılması təmin olunub. Eləcə də naməlum şəraitdə baş vermiş cinayətlərin açılma faizi 60,1-dən 64,2-yə kimi yüksəlib, ötən illə müqayisədə bağlı qalmış cinayətlərin sayı 123 fakt azalıb. Keçən 6 ay ərzində qeydə alınmış 1683 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 1546-nın, başqa sözlə 96,5%-nin (2009-cu ildə 95,6%) açılması təmin olunub. Qeydə alınmış 29 qəsdən adam öldürmələrin ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 26-sı, başqa sözlə, 96,3%-i (ötən il 78%), 18 ölümə sui-qəsdin 15-i, başqa sözlə 88,2% -i, qəsdən sağlamlığa ağır xəsarət yetirmələrin 82,4%-i (ötən il 67,4%), sağlamlığa az ağır xəsarət yetirmələrin 86,7%-i (ötən il 85,3%), soyğunçuluqların 69,3%-i (ötən il 68,5%), ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 95,6%-i (ötən il 92,6%), zorlamaların və hədə-qorxu ilə tələb etmələrin hamısı açılıb. Şəxsi əmlak oğurluqlarının açılması 7,8%, mənzil oğurluqlarının isə açılması 18,9% yaxşılaşıb, 14 quldurluq və 14 soyğunçuluq törətmiş 29 nəfərdən ibarət 10 cinayətkar qrup, eləcə də 32 mənzil oğurluğu törətmiş 40 nəfərdən ibarət 15 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.
Göründüyü kimi, cinayətkarlıqla mübarizə və cinayətlərin açılma dinamikası, görülən profilaktik tədbirlər sayəsində cinayətkarlığın azalma tendensiyası xeyli yüksəlib. Təbii ki, bütün bunların əsas hissəsi polis orqanlarının fədakarlığı sayəsində baş verir. Bəs, burada digər hansı faktorlar köməkçi qismində rol oynayır?
Məsələyə münasibət bildirən "Polisə" Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, naməlum şəraitdə baş vermiş cinayətlərin açılma faizinin 60,1-dən 64,2-yə kimi yüksəlməsi polisin gördüyü çox böyük işin göstəricisidir: "Yəni cəmiyyətə bəlli olmayan hallarda, baş vermiş cinayətlərdən sonra polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətlərin üstü açılır.
Bu sahədə əldə olunan yüksək faiz göstəricisi doğrudan da təqdirəlayiqdir. Onu da nəzərə almalıyıq ki, ölkədə cinayətkarlıqla mübarizənin ən ağır hissəsi Bakının payına düşür. On bir rayon və kifayət qədər böyük miqrasiyası olan Bakı cinayətkarlıqla mübarizədə çox yaxşı nəticələr ortaya qoyub. Bununla yanaşı, polisin intizamı, məxfi şəbəkə ilə işləmə qabiliyyəti, preventiv tədbirlər həyata keçirməsi, o cümlədən profilaktik tədbirlər görməsi ümumilikdə işin keyfiyyətinə öz müsbət təsirini göstərir. Bununla yanaşı, digər cinayət növləri olan quldurluq, oğurluq, şəxsi əmlak cinayətlərində də azalmanın müşahidə olunduğunu görürük. Bu da polis üçün yüksək göstərici sayılmalıdır. Cinayətlərin azalmasını şərtləndirən amillərdən biri də polislə cəmiyyət arasında olan münasibətlərin inkişafı ilə bağlıdır.
Artıq belə hallarda cəmiyyət polislə bir olmaq və ona dəstək vermək həvəsindədir. Artıq belə işlərdə cəmiyyətin polisə yardım göstərməsi insanların bir vətəndaşlıq qayəsinə çevrilib. Ən nəhayət, ölkədə mövcud olan sabitlik və əminamanlıq da işin keyfiyyətinə öz təsirini göstərir. Bütün bu sadaladığım faktorlar nəticə etibarilə işin keyfiyyətinə öz töhvəsini verir".