"Malibu" "Palma" 200-220 manat, Antalyadakı "Rixon" 180 manat...
.jpg)
Gəlirli sahələrdən olan turizm sektorunun inkişafı ilə əlaqədar son dövrlər Azərbaycanda bir sıra işlər görülüb. Turizm sektorunun inkişaf strategiyasının işlənib hazırlanması, qanunvericilik bazasının yaradılması, bu sahə üçün mütəxəssislərin yetişdirilməsi davam etdirilməkdədir.
Hələ ki, turizm sənayesində səmərəli bazar münasibətləri sistemi tam qurulmayıb və istehsal texnologiyaları baxımından turizm sahəsinin dünya standartlarından nə qədər uzaq olduğu göz önündədir.
Havaların qızması ilə əlaqədar paytaxt sakinləri, əsasən, sərin rayonlara səfər edir. Lerik, Masallı, Quba, İsmayıllı kimi rayonlara böyük istirahət həvəsilə üz tutan paytaxt sakinləri nəyin şahidi olur? Bakı sakinləri hansı təəssüratlarla rayonlardan ayrılır?
Azərbaycanın istirahət mərkəzlərində vəziyyəti öyrənmək üçün iki-üç belə məkanda olmaq kifayətdir. Burada xidmətin keyfiyyəti, infrastrukturun vəziyyəti, demək olar ki, oxşardır. Otellər də sanki eyni tikinti şirkəti tərəfindən inşa olunub. Bu sahədə rəngarənklik yox dərəcəsindədir.
Özümüz bir yana, Azərbaycana gələn xarici vətəndaşlar daha çox ölkəmizin regionlarına, xüsusilə Şəki, İsmayıllı, Quba, Qəbələ, Masallı və s. bölgələrində istirahət etməyə üstünlük verir.
Hazırda ölkəmizdəki iş adamları yeni pansionatlar, istirahət evləri, turist bazaları tikir. Lakin turizmin dinamik inkişafı üçün müvafiq infrastruktur- su təchizatı, kanalizasiya, telefon rabitəsi, müasir yollar tələb olunur. Bu gün Azərbaycanın iş adamlarının təkbaşına belə infrastruktur yaratmaq imkanı yoxdur. Nabrandakı dövlət turist bazaları rayon büdcəsinə 500 milyon manatdan artıq vergi ödəyir. Əlavə olaraq həmin ərazidə 20 obyektin fəaliyyət göstərdiyini də nəzərə alsaq, vergidən yığılan vəsaitlə yolları tam abadlaşdırmaq mümkündür. Bu zonada kanalizasiya sistemi yoxdur. Orada tikilən obyektlərdən dənizə çirkab suları axıdılmamalıdır. Kütləvi turizmi inkişaf etdirmək istəyiriksə, başlıcası, respublikanın dilbər guşələrində 2 və 3 ulduzlu mehmanxanaların tikilməsi zəruridir. Çünki Azərbaycanın təbiətini görməyə gələn turist beşulduzlu mehmanxanada qalmağa önəm vermir.
Bu gün Nabran Azərbaycanın turizm zonası kimi ad çıxarsa da, buranın imkanlarından geniş istifadə olunmur.
Quba hələ sovet dövründən Azərbaycanın istirahət guşəsi sayılırdı. Bura xarici ölkələrdən, Bakı və digər rayonlardan insanlar üz tuturdu.
Azərbaycandakı istirahət mərkəzlərilə qonşu Türkiyənin istirahət mərkəzlərini müqayisə etsək maraqlı nəticələr alınar. Aydın məsələdir ki, Türkiyənin Antalya vilayəti istirahət zonası kimi dünyada ad çıxarıb. Bura hər il dünyanın hər yerindən qonaqlar gəlir, əylənirlər.
Azərbaycandakı turoperatorların əsas sifarişləri də məhz Antalyayadır. Bəs, nə üçün Azərbaycan vətəndaşları istirahət üçün Qubaya, Nabrana, Masallıya deyil, Turkiyəyə, Dubaya üz tutur?
Turoperatorlardan aldığımız məlumatlara görə, hazırda Türkiyədə dincəlmək Nabranda dincəlməkdən ucuz başa gəlir.
Belə ki, Nabrandakı "Malibu", "Palma" mərkəzlərində dincəlməyin günü 200-220 manata başa gəlirsə, bu göstərici Antalyadakı "Rixon" oteli üçün 180-200 manat civarındadır.
Məsələn, 6 nəfər birlikdə "Rixon" otelini sifariş etsə, onların hər birindən 7 günlük istirahət üçün 1200 manat tələb olunur. Bu məbləğə, hətta bilet pulu da daxildir. Əlbəttə, belə olduqda Azərbaycan vətəndaşı Antalyanı daha üstün tutacaq.
Ekspertlər bildirir ki, Azərbaycandakı istirahət mərkəzlərində qiymətlərin baha olması əsasən 3 amillə bağlıdır: monopoliya, zəif iqtisadi inkişaf və aşağı tələbat. İstirahət mərkəzləri arasında, demək olar ki, rəqabət yoxdur. Mərkəzlər bir-birindən o qədər fərqlənmir. Yeməklərin çeşidi, qiymətlər, infrastruktur, xidmətin keyfiyyəti bütün istirahət mərkəzlərində oxşardır.
Onların maliyyə vəziyyəti də ürəkaçan səviyyədə deyil. Əsasən yay aylarında xidmət göstərən istirahət mərkəzlərində hər şey mövsümidir. Qışda bəzi mərkəzlər fəaliyyətini dayandırır. Bura xaricdən gələn turistlərin sayı barmaqla sayılacaq qədər azdır. Əsasən yerli sakinlər bu mərkəzlərə üz tutur ki, onların da sayı çox deyil. Belə olan halda istirahət mərkəzlərindən ucuz qiymət və yüksək xidmət gözləmək də düzgün olmazdı.