.jpg)
Ölkə gündəmində daim xüsusi diqqət yetirilən məsələlərdən biri ipoteka kreditləşməsilə bağlıdır. Ötən ilin yekunları göstərir ki, ipoteka kreditlərinə tələbat yüksək olsa da, bu məqsədlə elə də böyük vəsait ayrılmır. Digər tərəfdən, ötən ildən etibarən ipoteka kreditlərinin verilməsinə başlanmasına baxmayaraq, hələlik bu proses tikinti bazarında aktivliyin yüksəlməsində hər hansı ciddi rol oynamayıb.
Əksinə, paytaxtdakı yeni tikilən binalarda mənzillərin ucuzlaşması indi də davam edir. Yəni təxminən bir ildir ki, ipoteka prosesi başlasa da, hələlik yeni tikililərin bazarında canlanma hiss olunmur. Nəticədə yeni tikilmiş binalarda ev almaq istəyənlərin sayı az olmaqla bərabər, qiymətlərdə ucuzlaşma davam edir.
Bəzi ekspertlər hesab edir ki, tikinti sektorunun canlandırılması üçün həm ipoteka kreditlərinin miqdarının artırılmasına, həm də onların faiz dərəcələrinin aşağı salınmasına ehtiyac var. Çünki bu halda həmin kreditdən faydalana bilənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Bu arada isə qeyd edək ki, Azərbaycan İpoteka Fondu Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 milyon manat təşkil edən faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirib. Verilən məlumata görə, hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 milyon manat) üstələyib. Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 38 milyon manata çatıb.
O da məlumdur ki, bu ilin fevral ayına qədər fondun xəttilə 6 milyon manata yaxın ipoteka krediti verilib. Bununla da 2006-cı ilin mart ayından başlayaraq verilən ipoteka kreditlərinin ümumi həcmi 162 milyon manatı keçib. Nəticədə 4000-dən artıq ailə ev alıb. Proqramın sosial-iqtisadi təsirlərindən söz açan iqtisadçı-ekspert Vüqar Bayramov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirir ki, ipoteka kreditlərindən istifadə edənlərin sayının artdığı söylənsə də, bu proqram tikinti sektoru və bütövlükdə əmlak bazarında ciddi dəyişikliklərə gətirib çıxarmayıb: "Proqramın tikinti sektorunda canlanmanın yaranmasında effektli olmamasının əsas səbəblərindən biri əmlak bazarını tam əhatə edə bilməməsidir. Belə ki, ipoteka proqramı əmlak bazarının müəyyən strukturunu əhatə edib".
Ekspertə görə, proqram Bakının mərkəzi rayonlarını əhatə etmir. Bununla belə, hətta paytaxtın ətrafında belə bu proqram mənzilə tələbatın ödənilməsinə gətirib çıxara bilməyib: "Əslində Mərkəzi Bank əmlak bazarında canlanmanın yaradılması məqsədilə 2009-cu ilin iyun ayının 1-də ipoteka proqramının bərpa edildiyini bildirirdi.Amma sonradan bəlli oldu ki, bu canlanmanın yaranması mümkün deyil".
İpoteka kreditlərinin tikinti və əmlak bazarı sektorlarına təsir etməməsinin digər səbəblərinə toxunan mütəxəssis deyir ki, proqram çərçıvəsində yerləşdirilən istiqrazların sayının artmasına baxmayaraq, kreditlərin verilmə şərtlərinin təkmilləşdirilməsi həyata keçirilməyib: "Hələlik ipoteka proqramı 2005-ci ilin sentyabrında qəbul edilən qanuna və 2007-ci il yanvarın 3-də ölkə prezidenti tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsi haqqında fərmana əsasən həyata keçirilir. Təbii, 2007-ci ilin yanvarında müəyyənləşdirilən şərtlər 2010-cu ilin ortaları üçün keçərli ola bilməz. Şərtlərin dəyişdirilməməsi ipoteka proqramına marağın artmasına, eləcə də tikinti sektorunda canlanmanın yaranmasına səbəb olmur".
O da məlum olub ki, adi vətəndaşların ipoteka kreditlərindən istifadə edə bilməməsinin səbəbi kreditlərə çıxış imkanlarının məhdudluğudur: "Əvvəla, kredit götürmək üçün tələb edilən sənədlərin sayı çoxdur. Bürokratik əngəllər var. Bir sıra hallarda proqram dayandırılmasa da, kreditlərin verilməməsi yönündə açıqlamalar verilir. Bəzi banklar tanıdıqları, özlərinə yaxın bildikləri şəxslərə kredit xətti açır. Bütün bunlar adi vətəndaşların kreditlərə çıxış imkanlarını məhdudlaşdırır".
Məsələnin başqa tərəfi kreditlərin faiz dərəcələridir. İqtisadçı-ekspert bildirib ki,İpoteka Fondu adi ipoteka kreditlərini 8 faizlə təklif edir. Bu da, əslində regionda ən yüksək kredit faizi hesab edilə bilər: "Türkiyədə adi ipoteka kreditləri 4,5 faizlə verilir. Hətta qonşu ölkədə yaşayan əcnəbilərə verilən kreditlərin faiz dərəcələri Azərbaycanla müqayisədə 0,5 faiz aşağıdır. Bütün bunlar ondan xəbər verir ki, faizlərin yüksək olması proqramın səmərəli işləməsinə imkan vermir. O baxımdan ipoteka proqramı tikinti, əmlak sektorlarına təsir etmək imkanlarına malik deyil. Kreditlərin verilməsilə bağlı təkmilləşdirmə aparılmadığı, şərtlər əvvəlki qaydada saxlandığı üçün proqramın sözügedən sektorlara ciddi təsir edəcəyi gözlənilmir".