Nazirlik nümayəndəsi rəsmi məlumatın olmadığını desə də, kəskin yataxana problemini də bu yolla həll etmək olar
.jpg)
Danılmaz həqiqətdir ki, son bir neçə ildə paytaxt Bakının siması nəzərəçarpacaq dərəcədə dəyişib. Bunda mühüm rol oynayan amillərdən biri paytaxtda xeyli sayda yeni çoxmərtəbəli yaşayın binalarının, digər obyektlərin inşası, küçə və parkların əsaslı təmiri və bu qəbildən olan hallardır.
Digər tərəfdən, bir çox ağır sənaye obyektlərinin, bir sıra müəssisələrin paytaxtdan ətraf bölgələrə köç0ürülməsi də bu məsələyə öz təsirini göstərib. Müəssisələrin köçürülməsi prosesi isə hələ davam edir. Bu dəfə isə, yayılan məlumatlara görə, paytaxtın mərkəzindən kənara köçürüləcək obyektlər sırasında ali təhsil müəssisələri yer alır.
Bu barədə danışmazdan öncə qeyd edək ki, bir sıra universitetlərin paytaxtın mərkəzindən kənara köçürülməsi bir neçə ildir gündəmdə olan məsələlərdən biridir.
Bununla bağlı müəyyən planın olduğu da məlumdur. Hətta o da bilinir ki, bir neçə universitetin mərkəzdən kənara köçürülməsindən sonra paytaxtdan kənarda tələbə şəhərciklərinin salınmasına dair də layihələr mövcuddur. Bir çox ekspertlərə görə, ali məktəblərin mərkəzdən kənara köçürülməsi pis ideya deyil. Onu da bildirək ki, ali təhsil ocaqlarının mərkəzdən kənarda yerləşməsi dünyada çoxdan qəbul olunmuş qaydadır. Avropa dövlətlərində ali məktəblər şəhərin daxilində deyil, məhz kənarda yerləşir. Universitetlərin hər biri bir şəhərcikdir. Onlar tədris korpuslarından tutmuş, yataqxanası, qonaq evi, idman meydançası, internet klubu, kitabxanası, yəni bütöv təhsil almaq üçün hər bir şəraiti olan muxtar şəhərcikləri xatırladır.
Digər tərəfdən, Avropa ölkələrinin heç birində universitetlərin çıxışı birbaşa küçəyə açılmır. Amma faktdır ki, ölkəmizdə qapısı birbaşa küçəyə açılan xeyli sayda ali məktəb var. Həmçinin, şəhərin mərkəzində olan səs-küyün də, istər-istəməz, müəyyən anlarda tədrisə təsir göstərdiyi, məsələn, tələbələrin diqqətini yayındırdığı real həqiqətdir.
Bütün bunlar fonunda isə, qeyd olunduğu kimi, çoxdandır ali məktəblərin Bakının mərkəzindən şəhərətrafı ərazilərə köçürülməsi məsələsi yenidən gündəmə qayıdıb. "Modern.az" saytının məlumatına görə, ali məktəblərin mərkəzdən kənara köçürülməsi üçün artıq müvafiq işlərə başlanıb: "Əldə etdiyimiz məlumata görə, hökumət ali məktəblərin köçürülmə yeri kimi Xocahəsən qəsəbəsinin üzərində dayanıb. Saytımıza bildirilib ki, artıq Xocahəsən ərazisində ali məktəb şəhərciyi üçün müvafiq ərazi də ayrılıb, sadəcə, hələlik bu barədə ictimaiyyətə rəsmi məlumatın açıqlanmaması qərara alınıb".
Düzdür, bu hal Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Billurə Cavadlı məsələdən xəbərsiz olduğunu və münasibət bildirməyə səlahiyyətinin çatmadığını bildirib: "Bu barədə bizdə heç bir məlumat yoxdur". Sayt xatırladır ki, Qobu bələdiyyəsinin keçmiş sədri Mübariz Bayramov bir neçə ay öncə "Modern.az"a bildirib ki, bir neçə universitetin Qobu ərazisinə köçürülməsi planlaşdırılır: "O, bu sırada İqtisad, Pedaqoji universitetin adını çəkmişdi.
Belədə, ali məktəblərin Xocahəsən və Qobu ərazisinə köçürüləcəyini söyləmək olar".
Qeyd olunduğu kimi, ali məktəblərin paytaxtın mərkəzindən kənara köçürülməsi bir sıra üstünlüklərə malikdir. Ekspertlər tələbələrin yataqxana probleminin həllində bu məsələnin xüsusi rol oynayacağını da bildirir. Ölkədə yataqxana infrastrukturunun inkişafına ehtiyacın duyulduğunu qeyd edən ekspertlərə,eləcə də Təhsil Nazirliyinə görə, əsas problem tikiləcək yataqxanalar üçün yerin olmamasıdır. Çünki yataqxana universitetə yaxın olmalıdır. Gələcəkdə ali məktəblərin şəhərin mərkəzindən kənara köçürülməsi baş verərsə tələbə şəhərciklərinin salınması da reallaşa bilər. Hazırda Bakı şəhərində tələbə sıxlığı və onların müvafiq yataqxanalarla təmin olunmaması Təhsil Nazirliyini də narahat edir. Bunun üçün də imkan daxilində ali təhsil ocaqlarının şəhərdən kənara çıxarılması və orada tələbələrə münbit şərait yaradılması işinə hökumət səviyyəsində diqqət yetirilir.
O da faktdır ki, ölkəmizdə elə ali məktəblərimiz var ki, bir fənni bir korpusda, başqasını digər korpusda keçməli olur. Bəzi ali məktəblərin korpuslarını avtonom yerləşdirmək mümkün deyil. Bunu ancaq şəhərdən kənarda etmək mümkündür. Bu səbəbdən qeyd edilir ki, ali məktəblərin mərkəzdən kənarda yerləşdirilməsi çox müsbət haldır. Onu da xatırladaq ki, ali təhsil ocaqlarını paytaxtın mərkəzindən kənarda yerləşdirən Avropa ölkələrində bu məqsədlə xüsusi avtobuslar ayrılır. Avtobuslar şəhərin müəyyən bir hissəsindən tələbələri ali məktəbə aparır. Ancaq ekspertlər qeyd edir ki, tələbə şəhərciklərinin salınması, universitet kampuslarının tikilməsi qısa zamanda reallaşa bilməz.