15 min manatdan bahalı əşya alanlar Maliyyə Monitorinqi Xidmətinin siyahısına düşəcək
.jpg)
Ölkədə maliyyə monitorinq xidmətinin yaradılmasından sonra artıq pul əməliyyatlarının həyata keçirilməsində tamamilə yeni bir mərhələ başlayır. Belə ki, bundan sonra 15 min manatdan bahalı əşya alınanda və ya maliyyə əməliyyatı aparılanda, göstərilən alış-verişlər maliyyə monitorinqinə düşəcək. Xüsusilə əməliyyatı nağd pulla aparanlar haqqında daha ətraflı məlumat toplanacaq. Özü də bu məlumatları müştərinin birbaşa təmasda olduğu mağaza və ya bank yığacaq, lazım olanda müvafiq dövlət orqanlarına verəcək.
Xatırladaq ki, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin yaradılması barədə fərman prezident tərfindən ötən il fevralın 24-də imzalanıb. Həmin il iyulun 16-da isə dövlət başçısı Maliyyə Monitorinqi Xidmətinin strukturunu və ştat cədvəlini təsdiqləyib. Maliyyə Monitorinqi Xidməti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun qüvvəyə minəndən sonra yaradılıb.
Qurum cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə təşkil edilir. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunu Milli Məclis ötən il fevralın əvvəlində qəbul edib. Qanun cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına, həmin sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəldib. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna görə, Maliyyə Monitorinqi Xidməti Azərbaycana gətirilən, ölkədən aparılan və alqı-satqı zamanı dəyəri qeyd olunan məbləğdən artıq olan bütün pul əməliyyatlarını yoxlamaq səlahiyyətinə malikdir.