Neft Akademiyasında kütləvi terrora görə dörd nəfər məhkəmə qarşısına çıxarıldı
Baş Prokurorluq "ADNA terroru" kimi tanınan qanlı hadisənin istintaqı barədə bəyanat yaydı
.jpg)
Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə APA-ya Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən məlumat verilib. Məhkəmədən bildirilib ki, 2009-cu il aprelin 30-da silahlı şəxs tərəfindən Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanan cinayət işi üzrə ibtidai istintaq materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə daxil olub. Cinayət işi baxılması üçün hələlik icraata verilməyib.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluq dünən kütləvi qətllə bağlı başlanmış cinayət işinin istintaqının başa çatması ilə əlaqədar rəsmi məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iş üzrə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri təkzibedilməz dəlillərlə sübuta yetirilib.
Təqsirləndirilən Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələrilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələrilə ittiham elan olunub.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.