.jpg)
Şou-biznes deyimi ortalığa çıxan kimi sənətə münasibət, yanaşma da birdən-birə dəyişdi. Onlarla yeni sima gəldi musiqiyə. Bu adamların çoxunun milli estrada, pop musiqisinə aidiyyəti olmadığını sənət adamları birmənalı olaraq təsdiq edir.
Axır illər qəribə bir hal da yaranıb. Bəzi müğənnilər bir neçə yeni mahnı yazdırıb meydana çıxır. Qısa bir müddətdən sonra isə onların "səsi" qəfil yox çıxır. 30-40 yaşa çatmamış səsləri əməlli-başlı batır. Təbii səsini itirən ifaçılar bundan sonra kompüter köməyinə üz tutur. Sözsüz ki, bu da fayda vermir. Get-gedə səsi batan şou müğənnilərinin sayı artmaqdadır. Amma musiqi tariximizdə elə müğənnilər olub ki (indi də var), yaşının ahıl çağında da oxuya bilir. Şövkət Ələkbərova, Rəşid Behbudov, Tükəzban İsmayılova, Sara Qədimova 60-70 yaşlarında da gənclik şövqü ilə oxuyurdu.
Görkəmli xanəndə, XX əsr muğam məktəbinin banilərindən olan Seyid Şuşinskinin ömrünün ixtiyar çağlarında da səsinin batmadığı, o yaşda da ən zil muğamları ifa etdiyi bildirilir. Cabbar Qaryağdıoğlu, Zülfü Adıgözəlov, Bülbül, Xan Şuşinski və başqa qüdrətli səs sahibləri heç zaman səsini itirməyib. Çünki bu adamlar öz səsinə, sənətinə xəyanət etməyib.
Orta yaşlı müğənnilərin səsinin bu yaşda batmasını musiqişünaslar müxtəlif səbəblərlə izah edir. Deyirlər ki, səsi erkən batan müğənnilərin əksəriyyəti nizamsız həyat tərzi keçirənlərdir. Bu gün oxuyanlar arasında çoxlu sayda adam var ki, onun narkotik, spirtli içki aludəsi olduğu deyilir. 25-30 yaşlı ifaçılara rast gəlirik ki, həm danışıq, həm də oxu səsləri çox qalın və xırıltılıdır.
Musiqişünaslardan birinin sözlərinə görə, qısa bir müddətdə əməkdar və xalq artisti fəxri adı alanlar var ki, orta yaşlı olmalarına baxmayaraq, müğənni kimi çoxdan "ölüb"lər. Bu insanların yüngül həyat tərzi keçirdiyi, qətiyyən səslərini qorumadığı, həddindən artıq intim münasibətdə olduqlarını deyən musiqişünas bildirdi ki, səhnədə oxuyan adam səsinin qeydinə qalmalıdır. Müasir müğənnilərin bir çoxunun musiqi təhsili olmadığını söyləyən musiqişünas deyir ki, oxumaq qaydalarını bilmədikləri üçün onlar necə gəldi oxuyur. Üstəlik də toylarda bəs deyincə spirtli içki içirlər: "Heç şübhəsiz, bəzi müğənnilər narkotikdən istifadə edir. Elə qadın müğənnilər var araq, şərab içir, siqaret çəkir.
Bunlar səsin qənimidir. Eyni vaxtda müxtəlif kişilərlə görüşür, pul xatirinə hər şey edirlər. Həm bu, həm də professional olmamaları onları geridə qoyur".
Tanınmış müğənni Əli Mirəliyev isə hesab edir ki, bəzi müğənnilərin yüngül həyat tərzinə meyl göstərməsi və digər məsələlər onların səsini batırır. Ə.Mirəliyevin sözlərinə görə, müğənnilə sənətkar ayrı-ayrı şeylərdir. Əvvəlki oxuyanlar sənətkar olub, onlar sənətin incəliklərini bilib: "Əvvəla o müğənnilər həddindən artıq peşəkar idi.
Öz sənətinin hər cəhətini bilirdi. Harada necə oxumaq, boğazlar eləmək onlara çətin gəlmirdi. Qaydasınca oxuduqlarına görə səsləri həmişə təravətli qalırdı. Zeynəb xanım Xanlarovanın 70-dən artıq yaşı var. Amma görün səsi batıbmı? Qətiyyən yox. Eləcə də İlhamə Quliyeva, Flora Kərimova, Elmira Rəhimova, Nisə Qasımova öz səsini saxlaya bilib. Bu adamlar sənətkardır və sənətin hər cığırına hər yoluna bələddir.
Amma "ura-ura" ilə səhnəyə gələnlərin biri də 30-40 yaşdan sonra oxuya bilmir. Çünki onlar təbii səsini müxtəlif neqativ hərəkətə qurşanmaqla öldürüb. Sonra da gözdən pərdə asmaqdan ötrü səslərini kompüterdə düzəltdirib səhnəyə çıxırlar. Bu adamlardan sənətkar olmaz. Bu adamlar qeyri-professionaldır. Peşəkar olmayanın isə səsi də batacaq, özü də".