Sarayın arxasında evləri sökülənlər qalmaqallı hadisənin konkret səbəbini prezidentə yazdılar
Ailələr hər kvadratmetr mənzil sahəsi üçün 1500 manata durmur, 3-5 min manat istəyirlər
.jpg)
Bakı şəhəri Füzuli, Ə.Topçubaşov, Rəsul Rza və Ş.Bədəlbəyli küçələrində yaşayan, yəni Respublika Sarayı ilə Milli Dram Teatrı arasında İstirahət Parkının tikintisi üçün nəzərdə tutulan mübahisəli ərazilərin sakinləri kollektiv şəkildə redaksiyamıza məktub yazıb və onların səsini böyük dəstək verdikləri ölkə prezidentinə çatdırmağı xahiş ediblər. 20-dən artıq sakinin prezident İlham Əliyevə yazdığı açıq məktubun əsas hissələrini çap edirik.
Sakinlər nə istəyir?
Onların prezidentə ünvanladığı açıq müraciətdə deyilir: "Hörmətli Prezident!.. Bizim bir ay bundan əvvəl göndərdiyimiz ərizə Sizə verilmədiyi üçün biz ikinci ərizəni Sizə "açıq məktub" formasında göndərmək qərarına gəldik. Qiymətli vaxtınızı aldığımıza görə Sizdən üzr istəyərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən törədilən qanunsuz hərəkətlər və Konstitusiyamız tərəfindən verilmiş hüquqlarımızın kobudcasına pozulması haqda Sizə qısa məlumat verib, yaranmış xoşagəlməz vəziyyətə son qoymanızı xahiş edirik.
2009-cu ilin ortalarında, şəhərimizin Baş Planına əsasən, Respublika Sarayı ilə Milli Dram Teatrı binasının arasındakı sahədə istirahət parkı salınması üçün Şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazidə olan yaşayış evləri və ticarət obyektləri sökülməyə başladı. Ancaq sökülməzdən əvvəl tikililərin vəziyyətindən və təmirlərdən asılı olaraq, onların bazar qiymətilə hər kvadrat metri üçün 3 min manatdan 5 min manata qədər ödənildi. 2-3 ay ərzində yüzdən çox tikili söküldü. Sakinlərin əksəriyyəti təyin edilmiş qiymətlə razılaşıb şikayət etmədi. Lakin nədənsə, həmin iş 5-6 ay dayandırıldı. Bir ay bundan əvvəl həmin ərazinin Yasamal rayonu hissəsində yaşayan sakinlər və ticarət obyektlərinin sahibləri rayon icra hakimiyyətindən xəbərdarlıq məktubu aldılar ki, evləriniz və obyektləriniz təcili sökülməlidir. Burada park salınacaq. Tikililərin hər kvadrat metrinə 1500 ABŞ dolları veriləcək. Şübhəsiz, vətəndaşlar həmin şərtlə razılaşmadılar və tikililərin dəyərinin bazar qiymətilə ödənilməsini tələb etdilər. Bundan əsəbiləşən Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları 2-3 gündən sonra oraya ağır texnika və çoxsaylı polis işçiləri gətirib, 20-25 gün ərzində tikililəri dəyərini ödəmədən sökdülər. Respublika Sarayı tərəfdən isə Nəsimi Rayon İcra Hakimiyyəti əməkdaşları təcili min nəfərdən çox vətəndaşın yaşadığı tikililəri hasara aldı və sökməyə başladı.
Sizin 26 dekabr 2007-ci il tarixli fərmanınıza, həmin fərmana uyğun Respublika Nazirlər Kabinetinin 04 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Qaydalar"a və qüvvədə olan Mülki Məcəllənin 157.9, 246.3, 246.4, 247.1 və 247.2-ci maddələrinə əsasən, belə hallarda İcra Hakimiyyətinin əməkdaşları tikililəri sökülməli olan mülkiyyətçilərə "Bildiriş" təqdim etməli (həmin bildirişin nümunəsi "Qaydalar"a əlavə edilmişdir), ondan 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq, onlara tikililərin dəyəri bazar qiymətilə hesablanıb ödənilməlidir. Lakin əfsuslar olsun ki, çox humanist və sosial ədalət prinsiplərinə əsaslanan Sizin fərmanınızda, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qaydalar"da və Mülki Məcəllənin müvafiq maddələrində göstərilənlərin heç biri Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən yerinə yetirilmir. Bizim dəfələrlə yazılı və şifahi şikayətlərimizə isə, hələ ki, heç bir məhəl qoyulmur.
Hacıbala Abutalıbov cənabları tərəfindən şikayətçilərin birinə göndərilən məktubda isə bu ərazidə tikililərin hər kvadrat metrinin bazar qiymətinin 1000-1200 manat olduğu bildirilir və bizə hər kvadrat metr üçün 1500 manat veriləcəyi göstərilir. Ondan soruşanda ki, nə üçün 2009-cu ildə sökülən və bizim binalardan pis vəziyyətdə olan tikililərin sahiblərinə hər kvadrat metri 3 min manatdan 5 min manata qədər pul vermisiniz, H.Abutalıbov cənabları bunu onunla izah edib ki, o vaxt dünya bazarında neftin qiyməti baha idi, indi isə ucuzlaşıb. Ona görə pul yoxdur. Halbuki, indi dünya bazarında neftin qiyməti o vaxtkından xeyli bahadır.
Hörmətli Prezident! H.Abutalıbov Konstitusiyamız tərəfindən bizə verilən mənzil və mülkiyyət hüququmuzu tapdayır. Bu hadisə yüzlərlə ailənin göz yaşı tökməsinə və çox böyük narazılığa səbəb olub. Biz ədalətli qərar qəbul edilməsini istəyirik. Baxmayaraq ki, bizim evlər, yuxarıda qeyd edildiyi kimi, 2009-cu ildə dəyəri 3 min manatdan 5 min manata qədər ödənilib uçurulan evlərdən daha da təmirli və gözəldir. Biz də tikililərin hər kvadrat metrinə onların təmirindən, eyni ərazidə yerləşməsindən və digər vəziyyətlərindən asılı olaraq, 3 min manatdan 5 min manata qədər pul verilməsini istəyirik. Bu mümkün deyilsə, onda hər bir vətəndaşın evinin ölçüsünə, təmirinə, tavanın hündürlüyünə və yerləşdiyi əraziyə uyğun ev verilməsini xahiş edirik".
Bu məsələnin konkret hansı mətləb üzərində ziddiyyətə çevrildiyi artıq aydındır. Sakinlər hər kvadrat metr söküntü üçün 3-5 min manat kompensasiya tələb edir. Əlbəttə, yaranmış mübahisənin qəti həll modelini müvafiq dövlət orqanları verəcək. Yəni konkret halda kvadrat metrə görə 3-5 min manat qiymətin bazar konyunkturasına nə qədər uyğun olub-olmadığını müəyyənləşdirmək bizim işimiz deyil. Ancaq razılaşaq ki, bu az məbləğ də deyil. Təsəvvür etmək olar ki, həmin ərazidə təxminən 55-60 kvadrat metrlik yaşayış sahəsinə malik neçə on ildən bəri qalmış mənzil azı 250-300 manat dəyərində olmalıdır. Razılaşaq ki, olduqca böyük məbləğdir. Söhbətin bir yox, onlarla, bəlkə də yüzlərlə sahibkardan getdiyini də əlavə etsək, fantastik həddə qədər böyüyən məbləği və bunu ödəməkdə çətinlik çəkən hökumətin də vəziyyətini başa düşmək çətin deyil.
Məktubda Hacıbala Abutalıbovun dilindən neftin dünya qiymətilə bağlı deyilənlər də diqqəti cəlb edir. Hacıbala Abutalıbovun həqiqətən bu sözləri deyib-demədiyi məlum deyil.
Ancaq razılaşaq ki, həqiqətən də neft bumu deyilən dövrlə müqayisədə Azərbaycanın rəsmi dövlət gəlirləri həqiqətən aşağı düşüb. Bu vəziyyətdə dövlətin maksimal məbləğdə kompensasiyalar ödəmək iqtidarında olması, təbii ki, inandırıcı görünmür. Ancaq, əlbəttə, əmlakından məhrum olan sakinləri də unutmaq olmaz. Bütün hallarda kompensasiya qaçılmazdır. Əslində, sakinlərin tələb etdiyi 5 min manatla hökumətin təklifi kimi təqdim edilən 1500 manatın arasında fərq böyükdür və razılaşaq ki, belə kəskin fərq şəraitində orta məxrəcə gəlmək çox mürəkkəb məsələdir. Ancaq ekspertlərin fikrincə, bu şəraitdə hökumətin təklif etdiyi 1500 manat həndəvərində orta məxrəc axtarışları daha real və səmərəli nəticə verə bilər. Hər halda, hökumətin qərarını gözləyək.