.jpg)
Dünən Çanaqqala zəfərinin 95-ci ildönümü ilə bağlı bu şəhərdə tədbir keçirilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Çanaqqalada döyüşərək həlak olmuş azərbaycanlıların xatirəsinə lövhə qoyulması üçün bu ölkəyə getmiş Azərbaycan nümayəndə heyətinə qarşı Türkiyənin daxili işlər naziri Bəşir Atalay və vali Abdülkadir Atalık sayğısızlıq edib və mərasimdə Çanaqqalada vuruşmuş Azərbaycan şəhidlərinin xatirə lövhəsinin qoyulmasına imkan verilməyib.
Qeyd edək ki, ötən il baş nazir Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə lövhəsinin qoyulmasına müsbət yanaşıb və bunu yazdığı məktubda ifadə edib. Ancaq Azərbaycan nümayəndə heyətində yer alan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bu istəyin əks olunduğu məktubu daxili işlər naziri Bəşir Atalay və vali Abdulkadir Atalıka vermək istəsə də, onlar məktubu qəbul etməyib və İsmayıl Ağayevi dinləmədən oradan uzaqlaşıblar.
İsmayıl Ağayev yüksək tonla danışıb və bu hərəkətin yolverilməz yolduğunu vurğulayıb: "Birinci Dünya Müharibəsi zamanı Türkiyənin, müsəlman dünyasının ayaqda qalması üçün şəhid olan 253 min türk əsgəri ilə 3 min Azərbaycan şəhidi bir taleni paylaşıb. 3 min Azərbaycan şəhidinin xatirəsinə burada lövhə qoymaq istəyirik. Bizim lövhəmiz hazırdır. Keçən il bu məsələ ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdük. Baş nazirin lövhənin qoyulmasına razılığını bildirən məktubu da əlimizdə var. Biz bir millət, iki dövlətik. Sadəcə, şəhidlərimizin xatirəsinə lövhə qoymaq istəyirik. Nəyə görə bunu qəbul etmirlər? Niyə anlamırlar ki, azərbaycanlılar burada döyüşüb, şəhid olub?"
İsmayıl Ağayev vurğulayıb ki, ABŞ və İsveçdə deputatlar qondarma erməni soyqırımı iddiası ilə Türkiyəni günahlandırır: "Biz özümüzü tanımasaq, şəhidlərimizə qiymət verməsək, kim bizə qiymət verə bilər? Özümüz bizi ayırsaq, ABŞ, İsveç və Ermənistandan nə fərqimiz qalar?" Mərasim Bəşir Atalay və Abdülkadir Atalıkın oradan ayrılması ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində millət vəkili Gülər Əhmədova da yer alıb.
İnsidentlə bağlı valiliyinin hadisə yerində olan Hüsaməddin adlı əməkdaşı Lent.az-a açıqlama verərək bildirib ki, artıq məsələ həll olunub və Azərbaycan şəhidlərinin xatirəsi üçün nəzərdə tutulmuş lövhənin qoyulmasında problem yoxdur: "İndi baş nazir bura gəlir. Baş nazir gəlsin, Çanaqqala zəfərinin 95-ci ildönümü münasibətilə keçirilən tədbirə qatılsın. O gedəndən sonra Azərbaycan şəhidlərinin xatirə lövhəsi qoyulacaq".
Valiliyin əməkdaşı lövhənin qoyulmasına imkan verilməməsini "valilikdən gələn göstərişlə" izah edib.
Hazırda Çanaqqala zəfərinin 95-ci ildönümü ilə bağlı keçirilən tədbirə qatılmış Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də Lent.az-a açıqlamasında məsələnin həll olunduğunu təsdiqləyib: "İnsidentdən sonra baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşümüz oldu. Xatırlatdım ki, bu abidə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ankaradakı səfirliyi adından qorunur. Bununla bağlı bizdə izn məktubları da var. Bizə lövhə qoymağa imkan verməyənlərin tələbi ondan ibarət idi ki, Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi, yaxud qeyri-rsəsmi icazəsi olmalıdır. Mən baş nazirlə görüşüm zamanı o bildirdi ki, lövhə qoyulacaq. Mərasimdən sonra - təxminən 1-2 saata lövhə qoyulacaq".
İ.Ağayev Türkiyə daxili işlər naziri Bəşir Atalayın da lövhə qoyulmasına imkan verməyənlər sırasında olduğunu təsdiqləyib: "Lakin sonradan biz bir-birimizi başa düşdük. Çünki baş nazirlə danışmışdım".