.jpg)
Uşaqlar, oyuncaqları ilə oynamaqdansa, ya evlərinə yaxın bağlarda, ya da ki, Dənizkənarı Milli Parkda müxtəlif cür yelləncəklərə minməyi, maşın sürməyi, sürüşməyi və c. üstün tutur. Şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən karusellərin qiyməti qəpiklə ölçülürsə, Bulvarda əksinədir. Burada 50-60 qəpiyə karusel tapmaq mümkün deyil.
Valideynlər tez-tez şikayət edir ki, qəsəbə parklarında yalnız maşın və bir cür yelləncək var. Bu da uşaqların zövqünü və tələbatını lazımi səviyyədə ödəmir. Uşaqlar daha macəralı əyləncə axtarır. Bu cəhətdən Dənizkənarı Bulvar balaca sakinlər üçün daha cəlbedicidir, lakin burada da qiymətlər həddindən artıq baha olduğu üçün onlar ürəkləri istədiyi qədər əyləndirə bilmir.
Valideynləri narazı salanda məhz budur. Onların sözlərinə görə, iki-üç uşağı olanlar böyük bir attraksiondan istifadə üçün, ən azı, 30-40 manat xərcləməli olur.
Dənizkənarı Milli Parkda fəaliyyət göstərən karusellərin qiymətinin həqiqətən də baha olub-olmadığını öz gözümüzlə görmək üçün bu məkana yollandıq. Həm səhər üzü olduğundan, həm də havanın kəskin soyuq olması səbəbindən, Bulvarda o qədər də adam gözə dəymirdi. Uşaqlara isə adda-budda rast gəlinirdi. Bir dəstə dilənçi uşaq Bulvar boyu qaçışır, gəzintiyə çıxan insanların qarşısını kəsib sədəqə istəyirdi. Attraksionlar da, həmişəkindən fərqli olaraq, bom-boş idi.
Bulvarda bəlkə də 20-30 karusel işləyir. Əyləncə vasitələrini işlədən adamların dediyinə görə, bunlar hamısı bir sahibkara məxsusdur. O, sadəcə yeri Milli Park rəhbərliyindən icarəyə götürüb və orada böyük əyləncə qurğuları qurdurub.
Vaxtilə Dənizkənarı Bulvarın yaraşığı olan "Təbiət sərgisi"nin isə yerində yeni böyük attraksion inşa edilib. Bu karuselin fasadında müxtəlif müasir cizgi filmlərinin qəhrəmanlarının şəkilləri həkk edilib. İçəridə də "Buz dövrü" multfilminin qəhrəmanları-mamontlar uşaqları salamlayır. Yəni onların maketi hazırlanaraq düz qapının ağzına qoyulub. Şirek və başqa cizgi qəhrəmanları da uşaqları bu məkanda tək qoymur. Qiymətlərlə maraqlandıq. Burada işləyənlər dedilər ki, adambaşı qiymət 2 manatdır. Uşaq valideynilə birgə əylənmək istəyirsə, 3 dəqiqə üçün 4 manat pul ödəməlidir. Qiymətlərin hansı səbəbdən bu cür baha olmasına gəlincə, işçilər dedi ki, Bulvar rəhbərliyi sahibkardan böyük məbləğdə icarə haqqı aldığı üçün qiymət ucuz deyil. İşçilər onu da bildirdi ki, burada quraşdırılan əyləncə vasitələri də bahalıdır, bu səbəbdən də onun pulunu çıxarmaq lazımdır.
Oyuncaq motosiklet sürmək üçün nəzərdə tutulan oyun meydançası isə təmirə dayandığından işləmirdi. Sahibinin sözlərinə görə, qiymət adambaşına bir manatdır, meydança isə üç-dörd günə uşaqların ixtiyarına veriləcək. Üç hissədən ibarət olan "Qalaktika" attraksionunda, əsasən hava gəmilərinin, maşınların xidməti təklif edilir. Burada hər karuselin qiyməti bir manatdır. Uşaq valideynilə birgə hər üçündən istifadə etsə, 6 manat pul ödəməlidir.
Bulvarda ən maraqlı karusellərdən biri isə yellənən böyük gəmidir. Bu gəmidə tək adamın yellənməsi iki, iki nəfərinki isə 4 manata başa gəlir. Bulvarda yalnız iki-üç karusel 1 manatadır. Qalanlarının qiyməti isə iki manatdır.
Qeyd elədiyimiz kimi, bulvarda olduğumuz müddətdə bir nəfər də olsun, karusellərə yaxın gəlib əylənmirdi. İşçilərin sözlərinə görə, hava soyuq olduğundan, müştərilərin sayı kəskin surətdə azalıb. Onlar dedilər ki, yay vaxtı əməlli-başlı qazanc əldə edirlər. Attraksion şəbəkəsində (ümumi) işləyən, özünü Yaşar kimi təqdim edən orta yaşlı kişinin fikrincə isə, qiymətlər elə də baha deyil. Valideynlərin narazılığını əsassız sayan həmsöhbətimiz "bizdə qiymətlər elə də baha deyil ki. Aparatlar hamısı bahalıdır. Karusellərin oturacaqları gündə bir neçə dəfə silinib təmizlənir. "Luna park"da qiymətlər "od qiymətinə"dir. Amma heç kəs danışmır. 2 manat bahadır? Bizim karusellərin çoxu iki, bəzilərisə bir manatadır. Bilmirəm, bunu niyə faciəyə çevirirsiniz?" deyə giley etdi.
Müsahibimiz 2 manatı baha saymasa da, bu rəqəm bizim üçün olduqca böyük görünür. Nəzərə alsaq ki, valideynlərin müəyyən bir qisminin əməkhaqqı 200-300 manat civarındadır, bu qədər məvacib alan valideyn uşağının əyləncəsini necə təmin edə bilər? Axı onun maaşı heç aylıq yemək xərclərini ödəmir.
Bulvarda bir stəkan suyun-koka-kola, fanta və s. qiyməti 50-60 qəpikdirsə, bir torba pop-korn üçün 40-50 qəpik pul tələb olunursa, onda hansı ucuzluqdan söhbət gedir? Karusel işçisi deyir ki, valideynlər uşaqlarını "Luna Park"a aparanda heç narazılıq bildirmir. Axı "Luna Park"a, "Kaula" ya kasıb-kusub uşağı yox, imkanlı şəxslərin övladları gedir. Yəni bu məkanların qapısı kasıb balalarının üzünə bağlıdır. Heç olmasa bulvarda qiymətlər münasib olmalıdır ki, valideyn beş-on manata uşağını bütün karusellərə mindirə bilsin.
Axı məsum körpələri indidən təbəqələşməyə alışdırmaq çətindir...