Böyük pul tələb edən əməliyyatların və ya müalicənin aparılması üçün kredit veriləcək
.jpg)
Məlum olduğu kimi, qlobal maliyyə böhranının başlanmasından sonra ölkə banklarının üzləşdiyi əsas çətinliklərdən biri də problemli kreditlərlə bağlı oldu. Bu məsələnin Azərbaycanda özünü kifayət qədər qabarıq şəkildə büruzə verməsinə dair mediada indiyə qədər yetərincə məlumat verilib.
Lakin araşdırmalar göstərir ki, problem əslində beynəlxalq miqyaslıdır. Bununla belə, problemin həlli istiqamətində müxtəlif ölkələrdə tamamilə fərqli metodlar tətbiq olunur. Digər tərəfdən, yaranan vəziyyətdən bəzi bankların sui-istifadə etməyə çalışmasına da ayrı-ayrı ölkələrin məhkəmə orqanlarının ciddi cəzalar tətbiq etməsi geniş vüsət almaqdadır. Məsələn, ötən il Rusiyada banklarla bağlı keçirilən məhkəmə proseslərinin çoxu müştərilərin xeyrinə başa çatıb. Qonşu ölkədə kreditlər, hesablaşma hesabları, kartlar və bu kimi xidmətlərə görə bankların faizləri artırmasından narazı qalan müştərilər arasında məhkəməyə müraciət edənlərin sayı artıb.
Əvvəlki illərdən fərqli olaraq, 2009-cu ildə onların çoxu məhkəməni udub və bu proses indi də davam etməkdədir.
Azərbaycanda bu istiqamətdə məhkəmə çəkişmələri geniş vüsət almasa da, banklar tərəfindən müştərilərə kreditlərin verilməsi və qaytarılmasında problemlər zaman-zaman yaşanır. Bununla bağlı qəbul olunan məhkəmə qərarlarının icrasında isə çətinliklər yaşanır. İqtisadçı-ekspertlərin bildirdiyinə görə də, əsas problem məhkəmə qərarlarının icrası ilə bağlıdır. Belə ki, məhkəmə icraçılarının səlahiyyətləri az olduğundan, onlar hər addım üçün məhkəməyə müraciət edir. Bu da işi ləngidir. Belə vəziyyətdə daha ciddi problemlərlə üzləşməmək üçün banklar müştəriləri daha ciddi şəkildə təftiş etməyə başlayıb. İndi kredit menecerləri müştərinin ailə vəziyyətindən tutmuş, işlədiyi müəssisə və sahəyə qədər bütün detalları araşdırır.
Ekspertlər bunu təbii sayır, çünki böhranın şirkətlərə yaratdığı problemlər sonradan işçinin öz probleminə çevrilir. Sirr deyil ki, böhran nəticəsində bəzi şirkətlərdə iş yeri azalmağa başladı, bəzilərində fəaliyyət dayandı, bəzilərində ödəniş azaldı. Yəni maaşlar və kompensasiyalar azaldı. Bu da kreditlərin qaytarılmasına mənfi təsir etməyə başladı. Bunun nəticəsidir ki, banklar, böhranın verdiyi dərs olaraq, istehlak kreditlərini verilməsinə ciddi yanaşır.
Nəticədə indi dövlət sektorunda işləyənlər, özəl təşkilatlara nisbətən, krediti daha asan alır. Burda maaşlar özəl sektordakından az olsa da, sabitdir, üstəlik, ixtisar ehtimalı da azdır. Amma bu, özəl şirkətlərin hamısına aid deyil. Məsələn, mobil rabitə şirkətlərinin, sığorta, audit, hüquq şirkətlərinin, xarici neft şirkətlərinin, ümumiyyətlə xarici kapitalı olan şirkətlərin işçilərinə krediti həvəslə verirlər. Bankların çoxu tanımadığı şirkətin işçisinə kredit vermir. Səbəb isə saxta arayışlardır. Məsələn, heç ofisi də olmayan şirkət işçisinin böyük məbləğdə maaş alması barədə arayış verə bilər. Bəzən bundan şubhələnən banklar məsələni araşdıranda arayışın saxtalığı üzə çıxır.
Bankirlər etiraf edir ki, tikinti şirkətləri, pərakəndə mal satan şirkətlərin işçilərinə ehtiyatla yanaşırlar. Son vaxtlar onların işləri zəiflədiyinə görə, belələrinə kredit verməkdən çəkinirlər.
Bank eksperti Abbas İbrahimov İctimai Televiziyaya açıqlamasında bildirir ki, özəl şirkətdə işləyənlərə kredit verəndə həmin şirkətin maliyyə vəziyyətinin necə olduğu nəzərə alınır.
Müştərinin etibarlılığı ilk baxışdan əhəmiyyətli olmayan məsələlərdən də asılıdır. Məsələn, banklar hesab edir ki, şəhərin mərkəzində yaşayanlar, avtomobili olanlar krediti daha yaxşı qaytarır. Banklar, subay müştərilərə nisbətən, ailəlilərə daha çox etibar edir. Məsuliyyət bir tərəfə, ailəliləri tapmaq çətin deyil, subaylar isə yaşayış yerini asanlıqla dəyişə bilir.
Bəzi banklar 21-22 yaşdan aşağı olanlara kredit vermir, pensiyaçılara isə kredit hökmən zaminlə verilir. İstehlak kreditlərinin alındığı məqsədlər dəyişib. Böhrandan əvvəl kreditlərdə əsas yer tutan məişət əşyaları, mobil telefonlar və s.-nin kreditlə satışı, demək olar ki, dayanıb. Hətta yeni 3G texnologiyasının tətbiqi də telefonlara marağı artıra bilməyib. Mebellərin də kreditlə satışı kəskin azalıb, yalnız kompüterlərin satışı davam edir. İndi banklar yeni kredit növlərinə hazırlaşır. Məsələn, məlum olub ki, bəzi banklar səhiyyə xidmətləri üçün kredit verəcək.
Yəni müştəri böyük pul tələb edən əməliyyatların və ya müalicənin aparılması üçün kredit alacaq. Bir şərtlə ki, həmin əməliyyat müəyyən edilmiş tibb mərkəzində olmalıdır. Bundan başqa, son vaxtlar bəzi banklar hətta toyda iştirak etmək üçün kiçik məbləğli kredit xətti açır. 100 manata qədər olan bu kreditlər 1 aya bağlanmalıdır. O ki qaldı peşələrə, banklar bildirir ki, kredit verəndə ziyalılara daha çox etibar edirlər. Çünki həyat təcrübəsi və təhsil onları daha məsuliyyətli edir. Kredit almaq baxımından da ən hörmətli peşə müəllim sayılır.