Rusiya və ABŞ arasında RƏM sisteminin müzakirəsi Qəbələ RLS məsələsini yenidən gündəmə gətirib
Hillari Klintonla Sergey Lavrovun görüşündə stansiyadan birgə istifadə məsələsi müzakirə oluna bilər
.jpg)
Son günlərdə Rusiya və ABŞ arasında yenidən fəal müzakirə mövzusu olan məsələlərdən biri də Raket Əleyhiən Müdafiə Sistemi (RƏMS) və strateji raketlərin ixtsarı ilə bağlıdır. Məsələnin ABş dövlət katibi Hillari Klintonla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada başlanan növbəti görüşlərində də əsas müzakir mövzusu olacağı bildirilir.
Ümumiyyətlə isə Hillari Klinton Rusiya paytaxtında hücum silahlarının ixtisarına dair danışıqları tamamlayaraq Yaxın Şərq tənzimləməsi məsələsini müzakirə edəcək.
Sergey Lavrov deyib ki, amerikalı partnyoru ilə bərabər silahların ixtisarı müqaviləsi üzərində işləyən ekspert qrupların məruzəsini dinləyəcəklər: "Biz qrup rəhbərlərinin məruzələrini dinləyərək, öhdəliklərin necə yerinə yetirilməsini yoxlayacağıq ". Moskvada bildirilir ki, müqavilə mətni 95 faiz uzlaşdırılıb və sazişin imzalanması yaxın həftələrin işidir. Bununla belə, müşahidəçilərə görə, son uzlaşdırma kifayət qədər çətin gedir. Müqavilə dekabrda bitmiş əvvəlki sazişi əvəzləməlidir. İlk əvvəl yeni müqavilənin hələ ötən il imzalanacağı gözlənilirdi, ancaq qarşılıqlı narazılıqlar onu hələ də imzasız saxlayır.
Ehtimallara görə, Hillari Klintonla onun rusiyalı həmkarı Sergey Lavrov işə təkan verməyə çalışacaqlar. Rusiya Dumasında bildirirlər ki, müqavilədə nüvə silahı ixtisarlarının raket əleyhinə sistemlə bağlılığı göstərilməsə ratifikasiya sual altına düşə bilər. Moskvanı ABŞ-ın Cənubi Avropa ölkələrində raket əleyhinə sistem yerləşdirmək planları narahat edir. Polşada belə sistemi quraşdırmaqdan vaz keçən ABŞ-da isə bildirilir ki, Rumıniyada quraşdırılacaq sistem Rusiya üçün təhlükə təşkil etmir, bu sistem İrandan gələn mümkün raket təhlükəsinə qarşıdır. Məhz elə bu fonda Qəbələ RLS-in ABŞ və Rusiya rəhbərləri arasında yenidən müzakirə predmeti olacağı vurğulanır. Vaşinqtonda Avropa Siyasəti Mərkəzinin analitiki Piter Doran bildirir ki, əslində Qəbələ RLS ABŞ-ın hazırki müdafiə planında vacib rol oynamır, lakin bu mövzu gündəlikdən götürülməyib, stansiya gələcəkdə istifadə edilə bilər: "Qəbələ RLS mövzusu Buş administrasiyası zamanı tez-tez gündəlikdə səsləndirilib. Bu o zaman Buşun antiraket planının Moskvaya qarşı yönəlmədiyini Rusiyaya göstərmək üçün ilk cəhd idi".
Ekspertin sözlərinə görə, indiki administrasiya Avropada təhlükəsizlik sisteminin qurulmasından imtina etməyib, sadəcə, öz strategiyasını dəyişib. Doran hesab edir ki, Obama administrasiyası texnologiyanın yeni növünə, öz radarı olan sistem növünə daha çox diqqət cəmləyib. Bu halda Qəbələ RLS əlavə kimi istifadə edilə bilər: "ABŞ və Rusiya arasında bu sahədə əməkdaşlığı yaxşılaşdırmaq üçün xeyli imkanlar var".
Xatırladaq ki, Moskva "böyük səkkizliy"in 2007-ci ilin yayında keçirilən sammitində ABŞ-a Azərbaycanda yerləşən Qəbələ RLS-dən, həmçinin Rusiyanın cənubundakı Armavirdə inşa edilən raket zərbələrindən xəbərdarlıq üzrə stansiyadan birgə istifadə etməyi təklif edib. Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya, Azərbaycanın daxili siyasi vəziyyətinə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.
Qəbələ RLS-nin icarə müddəti 2012-ci ildə bitir. Bu baxımdan bir sıra rusiyalı ekspertlər, hətta rəsmilər bildirirdi ki, texniki baxımdan bu müddətdən sonra Moskvanın stansiyaya elə bir ehtiyacı olmayacaq. Ölkənin Müdafiə Nazirliyi hələ əvvəllər bəyan etmişdi ki, Moskva üçün prioritet öz ərazisində radiolokasiya stansiyalarının tikilməsidir. Son bir neçə ildə Moskva bir neçə belə stansiya tikib və onlardan sonuncusu-Şimali Qafqazda yerləşən Armavir RLS artıq istifadəyə verilib. Ancaq mətbuat və ekspertlərə görə, Qəbələ Moskva üçün siyasi məna daşıyır və o, ABŞ-la siyasi alverdə çox vacib bir məqam ola bilər. Ekspert Aleksandr Qriqoryevə görə, Qəbələ RLS-nə bağlı müəyyən suallar olsa da, Obama hökuməti hələ öz birmənalı cavabını verməyib: "Avropadakı raket əleyhinə sistemin taleyi məlum deyil. Bu çox bahalı layihədir.
Bu səbəbdən Qəbələ stansiyasına üstünlük vermək məsələsi gündəmdən düşməyib". Moskvalı ekspert Aleksey Vlasov da Rusiyanın Qəbələyə marağını ABŞ-la bağlayır: "Rusiya raket əleyhinə sistemlə bağlı ABŞ-la danışıqların davam etdirilməsi istiqamətində iş aparır. Bu arada bir çox şərhlərə görə, ABŞ-la birgə sistem qurulsa da, qurulmasa da Rusiya Azərbaycanda maksimum şəkildə öz təmsilçiliyini saxlamağa çalışacaq. Çünki Azərbaycanda bir çox ölkələrin geosiyasi maraqları kəsişir və Qafqaz hələ uzun illər planetin ən fəal diplomatik nöqtələrindən biri olaraq qalacaq".