Həmzət Qastamirov: "Azərbaycanın regionda rolunu qiymətləndirməmək qeyri-mümkündür"
Mahir Hənifəsoy: "Nazim İbrahimovun təşkilatımızın yaranmasında böyük xidmətləri olub"
.jpg)
Son illər xaricdə yaşayan azərbaycanlıların diaspor fəaliyyətində xeyli irəliləyişlər əldə olunub. Onlar Azərbaycanın maraqlarını uğurla təmsil edir. Bu istiqamətdə Çeçenistanda fəaliyyət göstərən türkdilli və Azərbaycan diaspor təşkilatlarının da xidmətləri böyükdür. Belə təşkilatlardan biri Qroznıda fəaliyyət göstərən "Türkdilli Xalqların Mədəniyyət Mərkəzi" adlı Çeçenistan Respubliakasının Regional İctimai Xeyriyyə Cəmiyyətidir. Sözügedən cəmiyyət burada yaşayan türkdilli xalqların tarixinin, mənəvi sərvətlərinin qorunub-saxlanması istiqamətində, hər bir şəxsin hüquq və azadlığının təmin edilməsinə yardım sahəsində özünəməxsus xidmətlər göstərib. Mərkəzin rəhbəri milliyyətçə çeçen olan Həmzət Qastamirovdur. Onun müavini isə azərbaycanlı Mahir Hənifəsoydur. O, həm də buradakı Azərbaycan diasporunun rəhbəridir. Həmzət Qastamirov 1975-ci ildə anadan olub. Ali təhsili İstanbulda alıb. Bir müddət Türkiyə səfirliyində təbliğat və din üzrə köməkçi vəzifəsində çalışıb. Hazırda ictimai fəaliyyətlə məşğuldur, Şimali Qafqazın Türkdilli Xalqların Mədəni Mərkəzinin şura sədridir. Mahir isə Naxçıvanda anadan olub. Xeyli müddətdir Rusiyada yaşayır, ali təhsili də burada alıb. 2001-ci ildə Həmzət bəylə tanış olub, o gündən bir yerdə fəaliyyət göstərirlər. Bu günlərdə onlar Bakıda səfərdədir. Səfərdə məqsəd əlaqələrin daha da genişlənməsinə nail olmaqdır. Dünən onlar redaksiyamızda oldular. Bizimlə söhbətdə bu iki şəxs təşkilatın məqsəd və məramları, görülən və görüləcək işlər barədə məlumat verdilər.
- Maraqlıdır, milliyyətcə türk olmayan bir şəxs, necə oldu ki, belə bir mərkəzə rəhbər seçildi?
Həmzət Qastamirov:
- Bu maraqlı təklif Azərbaycan tərəfindən gəlmişdi. Mənim öz təşəbbüsüm olsaydı, bunu heç kimə başa sala bilməyəcəkdim. Təklif Azərbaycan, konkret olaraq Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun gəldi.
- Səhv etmirəmsə, siz Məshədovun hakimiyyəti dönəmində də vəzifədə işləmisiz, xarici işlər nazirinin müavini olmusunuz. O dövrdəki vəzifə ilə indiki hakimiyyət dönəmindəki vəzifəni bir-birilə necə əlaqələndirə bilirsiniz? Bu Sizə çətinlik yaratır ki?
- Hər bir dövlətdə hakim qüvvə var. Hakim qüvvə isə hansısa bir məmur vəzifəsilə bağlı deyil. Onlara çox sağ ol deyirəm ki, mənim intellektimdən bu və ya digər qurumun mənafeyi naminə istifadə ediblər. İşləmək üçün müraciət etmişdilər. Türk və Azərbaycan dillərini gözəl bilirəm. Azərbaycan regionun lideridir. Bizim böyük qardaşımızın azərbaycanlılar olduğunu nəzərə alsaq, onun regionda rolunu qiymətləndirməmək qeyri-mümkündür. Görünür, mənim təhsilim və intellektim hansısa quruma lazım olduğundan, hər iki dönəmdə işləməyə dəvət ediblər. Çeçenistan çox kiçik ölkədir. Burada öz işinin peşəkarı olanları qiymətləndirirlər. Məshədovun dönəmində işləyənlərin əksəriyyəti indi Kadırov zamanında da işləyir. Bununla bağlı üzərimdə hansısa bir çətinlik hiss etməmişəm. Heç bir yerdə heç nə ilə bağlı olmamışam. Hara göndəriblər, orada çalışmışam.
- Onda mümkünsə o dövrlə indiki dövrü müqayisə edərdiniz...
- Bugünkü stabillik, sosial müdafiənin təmini, yaşlı insanlara pensiya, uşaqlara müavinətlərin vaxtlı-vaxtında verilməsi, gənc ailələrin dövlətdən pulsuz mənzil alması, insanların açıq fəaliyyət göstərməsi - bütün bunlar inkişafın nəticəsidir. Çeçenistanda 420 yaşayış məskəni var. Hər yaşayış məskənində azı iki məscid fəaliyyət göstərir. Qroznıda 10 min sakini qəbul edə biləcək məscid var. Urus-martan rayonunda isə 5 minlik məscidin tikintisi gedir. Bütün bunlar insanlara qayğının göstəricisidir. İnsan üçün artıq bütün imkanlar yaradılıb. Yaradılan imkanları nədən müdafiə etməyək? Ramzan Kadırovun səyləri sayəsində Çeçenistan və paytaxt Qroznı Fransaya oxşayır. Bunları görməmək qeyri-mümkündür. Xaricilər də gələndə Şimali Qafqazda 49 mərtəbəli binanın, böyük ticarət mərkəzinin tikildiyinə heyran qalır. Bizim səhiyyə Moskva və Sankt-Peterburqdan sonra öz inkişafına görə ölkədə üçüncü yeri tutur. Bütün göstəricilərə görə respublikamız ən mədəni və təhlükəsiz bölgələrdən birinə çevrilib. Bunları görə-görə Ramzan Kadırovu dəstəkləməmək mümkün deyil. Məhsədovun dövründə respublikamızda yaşayan türkdilli xalqları eşitmək belə istəmirdilər. İndi isə onların hamısı üçün mədəni mərkəzlər yaradılıb, öz məktəbləri var. Kadırovun hakimiyyəti dönəmində o qədər xoşbəxt yaşayırıq ki, Məhsədov dövrünü xatırlamaq belə istəmirsən.
Mahir Hənifəsoy:
- Yerli xalqın bizə münasibətində o dövrlə bu dövr arasında elə bir fərq görmürəm. Çeçen millətinin bizə olan səmimiyyəti Məhsədovun dövründə də, indi də eynidir. Çeçenlərin bizlərə münasibətindən tam razıyam. İndi daha rahat və əminamanlıqda yaşayırıq. Ramzan Kadırov bizim millət üçün də böyük səylər göstərib. Həmzət Qastamirovun da orada yaşayan azərbaycanlıların bir yerə toplanmasında böyük xidmətləri olub. Keçən il Novruz bayramını məhz o təntənəli şəkildə təşkil etmişdi. Əlaqələrimizin kenişlənməsində yaxın zamanlarda açılacaq Bakı-Qroznı avtobus marşurutunun da böyük rolu olacaq. Çeçenistanda bu gün tam sabitlikdir, bizim təşkilat üçün də geniş imkanlar yaradılıb. Təşkilatımızda hazırda 1764 nəfər təmsil olunur. Hər birilə sıx əlaqəmiz var. Xocalı faciəsi günündə tədbirlər keçiririk".
- Bütün Qafqazın türkdilli xalqlarının mədəni-dini əlaqələrinin inkişafında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin xidmətləri danılmazdır. Siz onun bu rolunu necə dəyərləndirirsiniz?
Həmzət Qastamirov:
-Bütün Qafqaz üçün Allahşükür Paşazadə nəinki şeyxülislamdır, o hətta bizim hamımızın ağsaqqalıdır. Hamımız onu qiymətləndirir və hörmət edirik. O, gərgin fəaliyyətdə olmasına baxmayaraq, heç vaxt bizi unutmayıb. Daimi olaraq bizim mədəni mərkəzlə əlaqə saxlayır və himayə edir. Şeyxülislam təkcə dini qurumun deyil, mədəni qurumun fəaliyyətində də bizə geniş yardım əlini uzadıb.
- Buna baxmayaraq, Rusiyanın tanınan qəzetlərindən olan "İzvestiya"da Qafqaz müsəlmanları ilə bağlı məqalələrdən birində Qafqazın dini rəhbərlərinin adı hallansa da, burada Allahşükür Paşazadənin adına, nədənsə, rast gəlinmir. Halbuki, Çeçenistan rəhbəri Kadırov Şeyxülislamın xidmətlərini dəfələrlə qeyd edib. Sizcə, bu nə ilə bağlıdır?
- Qəzetlər bəzən belə səhvlərə yol verir. Amma şəxsən mən bir insan kimi Şeyxülislamın böyük təsir gücünə malik olduğunun şahidi olmuşam. Qroznıdakı ən böyük İslam Universitetinin açılışına gələn çoxsaylı xarici qonaqlar arasında şeyxin böyük nüfuz sahibi olduğunu gördüm. O, Ramzan Kadırovla yaxın münasibətdə olduğundan, ona öz yaxın qohumu kimi yanaşırdı.
- Rəhbərlik etdiyiniz qurumun Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsilə münasibətləri nə səviyyədədir, əlaqələri koordinasiya edirsinizmi?
- Nazim İbrahimov olmasaydı, diasporumuz belə aktiv işləməzdi. Ona qulaq asaraq şuraya sədr gəlmişəm.
Mahir Hənifəsoy:
- Nazim İbrahimovun təşkilatımızın yaranmasında böyük xidmətləri olub. O, əlindən gələn hər bir köməkliyi və böyüklüyü bizdən əsirgəməyib. Əlaqələrimiz çox gözəldir, gözəl cəmiyyətimiz var.
- Xalqlar arasında əlaqələrin qurulması və möhkəmlənməsində Mədəniyyət və Turizm, habelə Gənclər və İdman nazirlikləri kimi qurumların da böyük xidmətləri var. Azərbaycandakı bu tip nazirliklərlə əlaqələriniz varmı?
Həmzət Qastamirov:
- Bizim bütün qurum və nazirliklərlə əlaqələrimiz qeyri-rəsmi şəkildədir. Kim dəvət edir, böyük məmnuniyyətlə orada iştirak edirik.
- Respublikada yaşayan türkdillilərin ictimai-siyasi həyatda fəaliyyəti nə səviyyədədir? Onlardan parlamentdə, müxtəlif nazirliklərdə təmsil olunan varmı? Ümumiyyətlə, burada nə qədər türkdilli xalq yaşayır?
- Fəxr edirəm ki, parlamentimizdə 4 nəfər türkdilli deputatımız var. Bir çox nazir müavinləri, yerli adminstrasiya rəhbərləri türkdilli qardaşlarımızdır. Bu o deməkdir ki, biz bir-birimizi tamamlayırıq. Burada 16 min kumık, 11 min noqay, ümumiyyətlə 36 min türkdilli xalqlar yaşayır.
- Bildiyimiz kimi, təbliğat, prosesində elektron KİV-nin böyük rolu var, bu mənada televiziyalarla əlaqə qurmağın əhəmiyyəti böyükdür. Sizin necə, Azərbaycan televiziyaları ilə əlaqələriniz varmı?
- Əlbəttə. İlk günlərdən ATV kanalı bizi müdafiə edib. Bundan başqa, ANS və bir sıra digər kanallarla da əlaqə qurmuşuq.
- Müharibə ilə əlaqədar olaraq xeyli sayda çeçen Bakıda məskunlaşmağa məcbur olub. Bura gələrkən onlarla əlaqə saxlayırsınızmı?
- Vaxtilə 9 min çeçen burada məskunlaşmışdı. İndi onların sayı azalıb. Bir çoxları Avropaya üz tutub, buna baxmayaraq, Ramzan Kadırovun çağırışından sonra əksəriyyəti geri dönüb. Bakıda olarkən burada yaşayaş çeçenlərlə də imkan daxilində görüşürəm.
- Bəs ermənilər necə, respublikanızda yaşayır?
- Sovet dönəmində yaşayıblar. Ermənilər, hər yerdə olduğu kimi, çeçenləri də satıb. Onlar guya bizimlə bir yerdə idi, qardaş idik. Müharibə başlayan kimi isə, son mismara kimi, hamısını özlərilə daşıyaraq Rusiyanın müxtəlif yerlərinə qaçdılar. Ümid edirəm ki, bundan sonra da respublikamızda erməni və onların diasporası olmayacaq.
- Əldə etdiyimiz məlumata görə, bu ilin aprelində Bakıda Şeyxülislamın və Rusiya patriarxı Kirillin rəhbərliyilə din xadimlərinin beynəlxalq konfransı keçiriləcək. Siz bu tədbirə dəvət edilmisiniz?
- Mərkəzin nailiyyətləri belə dəvətlərlə qeyd olunur. Rusiyadan təkcə bizim ictimai təşkilat həmin tədbirə dəvətlidir. Şeyxülislam Allahşükür Paşazadənin bizə göstərdiyi qayğıdan qürur duyuram. O, ağsaqqal kimi bizim qayğımıza qalır.
- Mətbuatın yazdığına görə, orada Sizin aktiv iştirakınızla Heydər Əliyev adına park yaradılır.
- Bu mənim və müavinimin şəxsi təşəbbüsüdür. Təşəbbüslə çıxış edərkən onun belə müvəffəqiyətlə davam edəcəyini düşünmürdük. Rusiyada və Türkiyədə 8 hektarlıq park ümumiyyətlə yoxdur. Müraciətimizə cavab olaraq, bizə keçmiş İnşaatçılar parkını məsləhət gördülər. Ümid edirəm ki, yaxın zamanda burada Heydər Əliyev adına parkın əsası qoyulacaq. Bizim təşəbbüsümüz və Şeyxülislamla millət vəkili Mehriban Əliyevanın xeyir-duası ilə Bakıdan start götürərək Moskvada başa çatacaq 3 min kilometrlik motoyürüş təşkil etməkdəyik. Motoyürüşün marşrutu boyu müxtəlif yaşayış məntəqələrində türkdilli xalqların mədəniyyəti, tarixi, bədii sərvət nümunələrilə tanışlıq məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Respublikamızda Əhməd Kadırova həsr olunan 56 ölkə nümayəndəsinin iştirak etdiyi beynəlxalq konfrans keçirilib. Burada çıxış edərək, milli lider Heydər Əliyevin ideyalarını müdafiə etmək və onun haqqında danışmaq həmin sammitin böyük uğuru idi. Bu çıxış burada iştirak edənləri şoka saldı.
Mahir Hənifəsoy:
- Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin də bizim diasporumuza böyük dəstəyi olub.
Qroznıda Heydər Əliyev adına park salmaq bizim ideyamızdır. Sevinirik ki, çeçen tərəfi də həmin məsələyə razılıq verib. Onu da qeyd edim ki, həmin parkın tikintisində Heydər Əliyev Fondunun rolu böyükdür. Ramzan Kadırov da bizə böyük dəstək verir. Münasibətlərin güclü olmasında Şeyxülislam Allahşükür Paşazadənin də xidmətləri danılmazdır.