.jpg)
Qondarma "erməni soyqırımı"nın tanınması istiqamətində erməni lobbisinin, eləcə də Ermənistanın fəaliyyətini davam etdirməsi "Sürix protokolları"nın gələcəyini sual altına almaqla yanaşı, Türkiyədə yaşayan ermənilərin buradan deportasiyasını da stimullaşdırmaqdadır.
Artıq məlumat verildiyi kimi, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ və İsveçdə uydurma "erməni soyqırımı" haqqında qərarların qəbulu ilə əlaqədar Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında çıxışından sonra Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan sabiq diplomat Dəniz Bölükbaşı ABŞ Nümayəndələr Palatasının müvafiq komitəsinin qərarından sonra Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların öz mənasını itirdiyini bildirib, bu səbəblə sənədlərin parlamentdən geri götürülməsini istəyib. Eyni partiyadan olan Tunca Toskay da Ermənistanla normallaşma prosesi başladıqdan indiyədək heç bir müsbət hadisənin baş vermədiyini söyləyib: "Ermənistan bizim şərq vilayətlərimizə hələ də Qərbi Ermənistan deyir, "soyqırım" məsələsində israrını davam etdirir. O zaman bu proses hansı işə yarayıb? Əksinə, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq zədələnib".
Cumhuriyyət Xalq Partiyasından (CHP) olan üzvlər isə Türkiyədə qeyri-leqal yaşayan və çalışan Ermənistan vətəndaşlarının deportasiyasını tələb edib. Bundan sonra isə məlum olub ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da ermənilərin ölkədən çıxarılmasını istisna etmir. Londona səfəri zamanı Bi-Bi-Si dünya xidmətinə müsahibə verən Ərdoğan deyib ki, Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlər Ermənistan və Türkiyə arasında münasibətlərdən asılı deyil. "Bizim Amerika ilə strateji müttəfiqliyimiz var və parlamentlər heç zaman tarixi faktları redaktə edə bilməzlər". Onun sözlərinə görə, bu məsələdə razılığa gəlinsə, Amerika və Türkiyə arasında münasibətlər, əvvəllər olduğu kimi, sağlam vəziyyətinə qayıdacaq. "Soyqırım iddialarının başqa ölkələrin parlamentlərində qəbul olunması ilə bağlı nə deyərdiniz" sualına isə Türkiyənin baş naziri belə cavab verib: "Bunların heç biri bizi maraqlandırmır. Bunların heç birisinin Ermənistanla Türkiyə arasında yeri yoxdur. Bunlar özləri özü üçün rol oğurlayır. Bu ölkələrin Ermənistanla nə əlaqəsi var, bunlara bu vəzifəni kim verdi? Hardan çıxarırlar bu görəvi? Burada tərəf ölkə varsa, bu da Türkiyə və Ermənistandır. Bunlar öz qərarları ilə şou yaradırlar. Və Ermənistan xalqına zərər verirlər. Bir şey olacaqsa da, dalana dirənir. Baxın, mənim ölkəmdə 170 min erməni var, onların 70 mini mənim vətəndaşımdır. Amma 100 minini biz ölkəmizdə hazırda yola veririk. Nə edəcəyəm sabah? Lazım olarsa, həmin o yüz minə "haydı, siz də gedin məmləkətinizə" deyəcəyəm, bunu edəcəyəm. Niyə? Çünki mənim vətəndaşım deyil bunlar. Ölkəmdə saxlamaq məcburiyyətində deyiləm. Yəni bu andan bizim bu səmimi yaxınlaşmamızı, təəssüf ki, çıxmaz istiqamətə yönəldirlər, bunun fərqində deyillər".
Qarabağ məsələsinə də toxunan Ərdoğan ermənilərin diasporun əsirliyindən çıxmasının lazım gəldiyini də önə sürüb: "Ermənistanın diasporun nəzarətindən, girovluğundan qurtulması lazımdır. Burada da Minsk Qrupu üçlüyünün üzərinə çox ciddi vəzifələr düşür. Buna nail olunduğu zaman onsuz da bütün problemlər özbaşına ortadan qalxacaq. O zaman nə Türkiyədəki bu problemlər, nə Türkiyə-Ermənistan arasında bir sıxıntı, nə də Azərbaycan və Ermənistan arasında bir sıxıntı qalacaq".
Ərdoğanın Avrasiya üzrə müşaviri Qeybulla Ramazanoğlu "Trend"-ə bildirib ki, Ermənistanla Türkiyənin baş nazirinin ölkədə qeyri-leqal yaşayan 100 min erməninin qovula biləcəyi haqda bəyanatından nəticə çıxarmalıdır: "Ermənistan və erməni lobbisi Ərdoğanın bəyanatından nəticə çıxarmalıdır. Ərdoğan bu bəyanatı ilə dünya ölkələrinə və erməni lobbisinə Türkiyənin də əlində ermənilərə qarşı geniş imkanların olduğunu göstərmək istəyir. Sirr deyil ki, Ermənistan "soyqırım" və bir çox vasitələrlə rəsmi Ankaraya təzyiq göstərməkdədir. Ermənistan başa düşməlidir ki, Türkiyə də onun kimi müxtəlif təzyiq vasitələrindən istifadə edə bilər".
Bununla yanaşı, Ramazanoğlu hesab edir ki, erməni lobbisinin Ərdoğanın bəyanatından sonra geri çəkiləcəyi bir o qədər də inandırıcı deyil: "Ermənilərin rifahı heç vaxt erməni lobbisi üçün aktuallıq kəsb etməyib və lobbi Ermənistanın mənafeyi üçün çalışmayıb".
Ərdoğanın bəyanatının Türkiyə-Ermənistan münasibətlərinin gələcəyinə necə təsir edəcəyilə bağlı sualı cavablandıran Ramazanoğlu qeyd edib ki, hazırda danışıqlar "dalana dirənib" və Ermənistan Türkiyə və Azərbaycana qarşı tutduğu mövqedən əl çəkməyənə qədər bu danışıqlarda irəliləyiş olmayacaq.
"Mən Türkiyədə 100 min yox, 46 min Ermənistan vətəndaşı olduğunu bilirəm. Ancaq baş nazirin əlində başqa mənbələrdən gəlmə məlumatlar da ola bilər. Türkiyə öz qanunlarını tapdayaraq, indiyə qədər bu 100 min və ya 46 min erməninin ölkədə işləməsinə şərait yaradıb". Bu açıqlamanı APA-nın Türkiyə bürosuna "XXİ əsr Türkiyə" İnstitutunun direktoru, professor Ümit Özdağ verib. O, Türkiyədə qanunsuz yaşayıb işləyən ermənilərin hesabına Ermənistana Türkiyədən hər il külli miqdarda pul göndərildiyini bildirib: "Burada işləyən hər bir erməninin ayda Ermənistana 1000 dollar göndərdiyini ehtimal etsək, 100 min erməninin 1 ildə türk iqtisadiyyatından öz ölkəsinə 1 milyard 200 milyon dollar pul göndərdiyini görərik. Bu rəqəmi nəzərdən qaçırmaq olmaz. Ermənistanın kiçik iqtisadiyyatı üçün bu fövqəladə dərəcədə böyük rəqəmdir. Mən baş nazirin bu açıqlamasını gecikmiş bir addım kimi dəyərləndirirəm. Bu məsələ ilə bağlı bir an əvvəl konkret addımların atılmasını gözləyirəm".
Ümit Özdağ Türkiyənin Ermənistana qarşı loyal siyasət yürütməklə səhv etdiyini anlamaq məcburiyyətində olduğunu deyib: "Türkiyə Ermənistana qarşı yumşaq siyasət yeritməklə necə səhvə yol verdiyini artıq anlamaq məcburiyyətindədir. ABŞ Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin son qərarının Ankaraya bəzi ciddi şeyləri göstərdiyinə inanıram. "Erməni açılımı"nın ən səhv tərəfi Azərbaycanla münasibətlərin düzgün koordinasiya edilməməsindədir. Ən yaxşı siyasət düşünə bilərsiniz, ancaq Azərbaycan buna "yox" deyirsə, demək, o pis siyasətdir. Türkiyə Qafqaz siyasətin müəyyənləşdirən zaman Azərbaycanla vahid dövlət kimi hərəkət etməlidir. Belə olmazsa, Türkiyənin həm Qafqaz, həm də Orta Asiya siyasətinə zərbə dəyəcək. Bu proseslərdə Azərbaycan da öz reaksiyasını ürək sındıran səviyyələrə çıxarmamalıdır. Reaksiyalar dövlət səviyyəsində göstərilməlidir, xalqlar bundan zərər görməməlidir. Ölkələrimizi idarə edənlər, hər şeydən əvvəl, bir-birinin dostu və qardaşı olduqlarını xatırlamalıdır".