.jpg)
Bilindiyi kimi, parlament seçkiləri ərəfəsində birlik niyyəti heç cür alınmayan müxalifət partiyaları arasında yaranan ziddiyyət, hələ ki, səngimək bilmir. Bu düşərgədə yeni birlik modellərinin ortaya atılması və ayrı-ayrı qüvvələrin fərqli münasibəti müxalifətdaxili ziddiyyəti daha da dərinləşdirir.
Bununla yanaşı o da məlumdur ki, Müsavat Partiyası tərəfindən irəli sürülən yeni birlik modeli də müxalifəti bir araya toplaya bilmədi. Əksinə, növbəti ziddiyyətlərə rəvac verdi. Söhbət bu günlərdə sözügedən partiya tərəfindən 2010-cu il parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı Rəsulzadə-Elçibəy ideyasına sadiq partiyaların birliyinin yaradılması təklifindən gedir. Xatırladaq ki, bu sırada ilk olaraq Müsavat, AXCP, KXCP-nin adları qeyd olunub. Bildirilib ki, belə birliyə digər partiyaların, ictimai təşkilatların, güclü namizədlərin cəlb edilməsi mümkün və məqsədəuyğun sayılır.
Lakin elə həmin vaxt "Azadlıq" blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sözügedən məsələni şərh edərkən bunu "cəmiyyətə ötürülən piar xarakterli məsələ kimi dəyərləndirdi: "Rəsulzadə irsi heç bir partiyanın şəxsi mülkiyyəti deyil. Rəsulzadə Azərbaycanın qurucusudur, onun tarixi irsi, Azərbaycan xalqına bəxş etdikləri hamıya məxsusdur. Heç kim, heç bir partiya özünü onun varisi elan edib cəmiyyətə sırıya bilməz. O ki qaldı Elçibəyə, o da bu gün AXCP-nin varisi olduğu təşkilatın rəhbəri olub. Bu partiya isə "Azadlıq" blokunun həmtəsisçisidir. Göründüyü kimi, Müsavat Partiyası haqsızlığa yol verir və hansısa sahələrdə monopoliya yaratdığını göstərmək istəyir. Rəsulzadə yolu Azərbaycanın bütün demokratik qüvvələrinin, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində maraqlı olan bütün qüvvələrin yoludur. Hakimiyyətdə, YAP-da dövlətçiliyə xidmət edən insanlar var. Ona görə də, Rəsulzadəni bir partiyanın inhisarına almaq cəhdi gülünc, əsası olmayan cəhddir. Bu cür aldadıcı tezislərlə cəmiyyəti səhv istiqamətə yönəltmək uğursuzluğa məhkumdur".
Proseslər göstərir ki, digər partiyaların da məsələyə münasibəti birmənalı deyil. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məsələni "milli. az" portalına şərh edərkən aşağıdakıları bildirib: "Birinci müəyyənləşdirmək lazımdır ki, Rəsulzadənin və Elçibəyin yolu nədir? Bu iki yolu yüz faiz bir-birinə adekvat saymaq doğru deyil. Bunların müəyyən fərqləri var və bu fərqlər də ortaya qoyulmalıdır."
Partiya sədrinin sözlərinə görə, Rəsulzadə yolu Azərbaycanın siyasi, mənəvi müstəqilliyi, fəaliyyət və fikri azadlığıdır: "Bu mənada baxaq görək, bizdə partiyalardan hansı biri daha müstəqildir? Hansı daha çox milli və dövlətçilik maraqlarına xidmət edir? Hansı millətin gələcəyilə bağlı maraqları partiya maraqlarından daha üstün tutur? Yalnız bütün bunları aydınlaşdırdıqdan sonra müəyyənləşdirmək olar ki, hansı partiya Rəsulzadə yoluna, yaxud onların dediyi kimi, Elçibəy yoluna daha sadiqdir".
VHP sədri bildirir ki, Müsavatın Rəsulzadə yolu ilə bağlı olduğunu iddia etməsi haradasa normaldır: "Çünki Müsavatı yaradan adamlardan biri Rəsulzadə olub. Amma bugünkü Müsavat öz hərəkətləri və atdığı addımlarla Rəsulzadə yoluna nə qədər bağlıdır, bunu demək çətindir. Bir sıra ciddi məqamlar var ki, orada indiki Müsavatla Rəsulzadənin yaratdığı Müsavatın yolları ayrılır. Amma bu mənim işim deyil. Bunu ortaya qoymaq Müsavatın tarixilə bağlı adamların işidir. O ki qaldı Xalq Cəbhələrinə, onlar üzdə, kağız üzərində müsavatçılıq ideyalarına, Elçibəy yoluna sadiq olduqlarını göstərsələr də, bir çox hallarda həm müsavatçılığa, həm də Elçibəyə xəyanət ediblər. Bu gün də o partiyaların içində "Elçibəyçiyəm" deyə-deyə onun yolunu getməyən insanlar da var".
Ədalət Partiyasının sədri İlyas İsmayılov isə sözügedən portala açıqlamasında bildirir ki, onların məramnaməsində hədəfləri haqqında aydın yazılıb. "Biz dünyəvi, hüquqi dövlət qurmaq yolu ilə gedirik. Məramımız qanunun aliliyi, demokratik inkişaf, insan hüquqlarının qorunmasıdır. Yolumuz budur."
Partiya sədri hesab edir ki, hansısa yolu müəyyən bir insanın adına bağlamaq doğru deyil: "Partiyalar adətən cəmiyyətdə təbəqələşmə, sinifləşmə gedəndən sonra yaranmalı və müəyyən təbəqənin maraqlarını, iradəsini ifadə etməlidir. Bizdə isə partiyaların yaranmasının kökündə bu dayanmır. Ona görə də siyasi partiyaların əksəri ideologiyanın, ideyanın yox, şəxslərin ətrafında qurulub. Məsələn, klassik parlamentarizmin olduğu İngiltərədə əsasən iki partiya vardı. Bir iri burjuaziyanın maraqlarını ifadə edən Mühafizəkarlar partiyası, biri də kiçik burjuaziyanın və daha aşağı sosial təbəqələrin maraqlarını ifadə edən Leyboristlər partiyası. Daha sonra cəmiyyətdə gedən proseslər nəticəsində liberal dünyagörüşlü insanlar yarandı və onların maraqlarını ifadə edən Liberallar partiyası da belə ortaya çıxdı. Bizdə isə partiyalar şəxslər ətrafında yaradıldı. Belə baxanda, bir çox nöqsanlarımız da bununla bağlıdır".