Gəncədə "Karvan" MMC-nin 5 kiloqram qızılı oğurlanıb
Arzu Əhmədov hadisəni sərxoş vəziyyətdə törətdiyini deyir
Gəncədə qızıl mağazasından oğurluq edən şəxs tutulub. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, fevralın 27-də Cavad xan küçəsində yerləşən "Karvan" MMC-nin mağazasından 399 adda, ümumi çəkisi 5 kiloqramdan çox olan, 100 min manat dəyərində qiymətləndirilən qızıl zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən "Karvan" MMC-nin icraçı direktorunun tanışı, 1973-cü il təvəllüdlü Gəncə şəhər sakini Arzu Yusif oğlu Əhmədov tutulub. Dindirilmə zamanı təqsirləndirilən şəxs hadisəni sərxoş vəziyyətdə törətdiyini və götürdüyü qızılları yaşadığı evdə şüşə bankada basdırdığını bildirib. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsilə cinayət işi açılıb, istintaq aparılır. Günahı sübuta yetirilərsə, Arzu Əhmədovu 6 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.