Hökumətdəki müəyyən dairələrin sökülməli bir sıra obyekt sahibləri ilə spekulyasiya söhbətlərinə başladığı barədə xəbərlər yayıldı
.jpg)
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yüksəkgərginlikli elektrik hava xətlərinin altında tikilən obyektlərlə bağlı Nazirlər Kabinetinə təqdim etdiyi siyahı üzərində "təmizləmə" əməliyyatı başlanıb.
Bu barədə "OLAYLAR"a hökumətdəki mənbələrdən məlumat verilib. Məlumata görə, aidiyyəti şəxslər hazırda həmin siyahıda olan nüfuzlu obyektlərin sahiblərilə danışıqlar aparır. Mənbə bildirir ki, hökumətdəki aidiyyəti şəxslər həmin nüfuzlu obyekt sahiblərilə razılaşmaq istəyir. Yəni həmin şəxslər müəyyən maraqlar naminə obyektlərin sökülməməsini mümkün hesab edir. Bu barədə həmin obyekt sahiblərinə məlumat verilib və onlardan külli miqdarda vəsait tələb olunub. Mənbə deyir ki, hazırda həmin şəxslərin bəziləri bu təklifi qəbul edib və obyektinin köçürülməməsi üçün lazım olan məbləği ödəməyə razılıq verib.
Mənbə deyir ki, hazırda həmin razılaşdırılmış obyektlərin adlarının bu siyahıdan çıxarılması üçün ciddi iş gedir. Amma buna baxmayaraq, siyahıda adı olan bəzi tanınmış obyektlərin üzərində qara buludlar dolaşır. Yəni bu cür obyektlərin bir neçəsinin sökülməsinə qərar verilib. Mənbənin məlumatına görə, belə obyektlər "Tac Mahal" və "Kleopatra", "Neapol" şadlıq evləri, "Naftalan vannaları" Sağlamlıq Mərkəzi"və sair obyektlərdir. Məlumata görə, həmin obyekt rəhbərlərilə də hökumət arasında danışıqlar aparılıb. Lakin obyektin sökülməməsi üçün təklif olunan məbləğ obyekt sahiblərini qane etməyib. Nəticədə hökumətdəki həmin şəxslər bu obyektlərin sökülməsinə qərar verib.