Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının insan hüquqları üzrə komissarı cənab Tomas Hammarberqi qəbul edib
.jpg)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı cənab Tomas Hammarberqi qəbul edib.
Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Daxili İşlər Nazirliyilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, Avropa Şurasının "Polis və insan hüquqları" Proqramı çərçivəsində hazırlanmış "İşgəncələrə qarşı Komitə haqqında nə bilirsiniz" adlı 15 sualı əhatə edən broşura tərcümə edilərək, tədris prosesində əyani vəsait kimi istifadə olunur. "Polis etikası haqqında "Avropa məcəlləsində təsbit olunmuş prinsiplər və Avropa Şurası ekspertlərinin fəal iştirakı və tövsiyələri əsasında "Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi" hazırlanıb. General-polkovnik R.Usubov onu da qeyd edib ki, Daxili İşlər Nazirliyi bu uğurlara nail olmaqla bərabər, polis əməkdaşları tərəfindən törədilən hər cür neqativ təzahürlərə qarşı mübarizə sahəsində də öz işini böyük əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır.
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı cənab Tomas Hammarberq səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu, Avropa Şurasının dəstəyilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.